Ana Sayfa > Karusel / Gündəm > “Məcburi köçkünlərin böyük əksəriyyəti qayıtmaq istəyir, onların evlərinə gəldikdə isə...”

“Məcburi köçkünlərin böyük əksəriyyəti qayıtmaq istəyir, onların evlərinə gəldikdə isə...”


9-04-2021, 11:48. Yazar: Admin

 

“Tam əminliklə deyə bilərəm ki, məcburi köçkünlərin böyük əksəriyyəti vaxtilə özlərinin və ya valideyinlərinin yaşadıqları şəhərlərə və kəndlərə qayıtmağa hazırdır”.

Qarabaginfo.az xəbər verir ki, Qaçqın və Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev haqqin.az-a müsahibəsində belə deyib.

O bildirib ki, prezidentin sərəncamına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə infrastruturun və mənzil fondunun bərpası üçün işlər tam gücü ilə davam edir. Bu işə böyük həcmdə vəsaitlər ayrılıb, xüsusi qərargah yaradılıb və həmin qərargah bütün bu irimiqyaslı işləri nizamlayır.

Rövşən Rzayev: “Mehriban Əliyevanın Sumqayıt şəhərlərində yaşayan məcburi köçkünlərlə bağlı verdiyi tapşırıqlar yerinə yetirilir” – SumqayitXeber.Com

“Həmin kateqoriyadan olan vətəndaşlar arasında o cümlədən bizim komitə tərəfindən aparılan sosioloji rəy sorğuları isə göstərir ki, onların əksəriyyəti əcdadlarının yaşadıqları torpaqlara geri qayıdacaqlarına ümidlərini heç vaxt üzməyiblər. Və mən inanıram ki, onların arzuları yerinə yetiriləcək və hər birinə o torpaqlarda layiqli həyat şəraiti yaradılacaq”,-Rövşən Rzayev belə deyib.

Bəlli olduğu kimi işğaldan azad edilmiş şəhər və kəndlərin böyük əksəriyyəti viranəlikdən ibarətdir, düşmən bu yaşayış məntəqələrini yer üzündən silib. Bununla belə bəzi şəhər və kəndlər var ki, orada evlər salamatdır. Bəs onillər keçəndən sonra azad edilmiş ərazilərdəki bu və ya digər evin sahibləri öz mülkiyyət hüquqlarını necə təmin edəcəklər? Bunun üçün sənədləri hara təqdim etmək lazımdır?

“Qaçqınkom” rəhbəri bildirib ki, komitənin elektron məlumat bazasında məcburi köçkünlər və onların ailə üzvləri barədə bütün informasiyalar var. Həmin informasiyalar müvafiq rayonların icra hakimiyyətlərində də toplanıb.

 

“Biz müntəzəm olaraq əlimizdə olan informasiyaları yoxlayırıq. Ona görə də dövlət bilir ki, azad olunmuş torpaqlarda kimin hansı mülkiyyəti olub. Yəni məcburi köçkünlərin qoyub gəldikləri mülkiyyətlə  bağlı problem yaranmalı deyil. Amma məcburi köçkünlərin mülkiyyət hüquqlarının bərpası bu günün, ola bilsin sabahın məsələsi deyil. Böyük qayıdış proqramının həyata keçirilməsi üçün vaxt lazımdır. Amma bu hökmən baş verəcək”,-R.Rzayev qeyd edib.

O, azərbaycanlıların Xankəndinə, Xocalıya və hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər ərazilərə qayıtmasının “zaman məsələsi” olduğunu bildirib. Deyib ki, bu istiqamətdə böyük və ciddi iş aparılır.

R.Rzayev onu da deyib ki, hazırda “Qaçqınkom”un balansında ölkə rəhbərliyinin sərəncamları ilə inşa edilmiş 115 qəsəbə var. Məcburi köçkünlər həmin qəsəbələrdə müvafiq müqavilələr əsasında yaşayırlar, müqavilələrdə bütün şərtlər gösərilib. Qeyd olunub ki, bunlar dövlət tərəfindən verilmiş müvəqqəti yaşayış sahələridir və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra həmin müqavilələr qüvvəsini itirəcək. Mənzillər isə digər dövlət strukturlarının balansına veriləcək. “Hesab edirəm ki, həmin mənzil fondunun taleyini dövlət özü həll edəcək”,-o bildirib.

Virtualaz.org


Geri dön