Ana Sayfa > Karusel / Müsahibə > "Həmin gün atamı, dostumu, uşaqlarımın dəyərli babasını itirmişdik..."

"Həmin gün atamı, dostumu, uşaqlarımın dəyərli babasını itirmişdik..."


9-04-2021, 09:11. Yazar: Admin
Xalq artisti, görkəmli kamança ifaçısı Habil Əliyevin qızı Vəfa Əliyeva Moderator.az-ın suallarını cavablandırıb.
Qarabaginfo.az müsahibəni təqdim edir:
 
- Vəfa xanım, siz tibb sahəsində çalışırsınız, bir müddət əvvəl koronovirusa yoluxmuşdunuz. Həqiqətən də tibb işçilərinin koronovirusla mübarizədə göstərdiyi fədakarlıq alqışa layiqdir. Özünüzü və tibbi personalınızı bir həkim olaraq necə qoruyursuz?
- Bəli, doğrudur, bir il öncə mən və kollektivimin bir qismi koronovirus infeksiyasına yoluxmuşduq. Biz yoluxduğumuz zaman xəstəlik yeni yayılmağa başlayırdı ölkəmizdə. Bütün qaydalara riayyət etməyimizə baxmayaraq xəstəliyə yoluxduq. Tibb işçilərinin bu xəstəliyə yoluxma riski daha çoxdur. Artıq yoluxma riskimiz nisbətən azalıb, çünki dövlətimiz sağ olsun! Xəstəliyə qarşı edilən vaksinasiya da səhiyyə işçilərinin yoluxma riskini azaltdı. Mənim və tibb işçilərinin peyvənd olunmasına baxmayaraq yenə də maska, məsafə, təmizliyə riayyət olunur. Artıq bu il müəssisəmizdə kollektiv şəkildə yoluxanlar olmayıb.
 
- İxtisas seçiminiz öz istəyiniz olub, yoxsa Habil müəllimin?
 
- Sənət seçimi sözsüz ki, həm atamın, həm də öz istəyim olub. Atam həkimlik peşəsini çox sevirdi və övladlarının həkim olmasını istəyirdi. Məndən başqa iki bacım da həkimlik sənətinə yiyələnib. Mən peşəmi çox sevirəm.
 
- Sizin atanız, bizim isə böyük, görkəmli sənətkarımız Habil Əliyev hamının çox sevdiyi bir insan idi. Habil müəllim atadan savayı sizin üçün kim idi?
- Bəli, siz mənim atamı bir sənətkar kimi tanıdınız, amma Habil Əliyev ailəsində övladlarına qarşı mükəmməl bir ata, yaxın dost idi. Nə qədər ağır problemim olsaydı onunla adi söhbətdən sonra çox yüngülləşirdim. Onun həyata baxışı fərqli idi. Habil müəllim üçün şərəflə yaşamaq, düzgün olmaq çox önəmli idi. Mən atamdan çox şeylər öyrəndim. Ondan öyrəndiklərimi həyatımda tətbiq etdikcə nələrə nail olduğumu görürəm və bu məni çox fərəhləndirir. Onun tövsiyyələrini heç vaxt unutmuram. Olduqca sadə insan idi, bizə də elə olmağı hər zaman tövsiyyə edirdi. 
 
- Dərdinizi, sirrinizi atanızla bölüşürdünüz yoxsa o buna şərait yaratmamışdı?
- Sizə deyim ki, gənc yaşlarımda atamla aramızda sanki bir sərhəd var idi. Bilmirəm, bəlkə də bunu o özü yaratmışdı, bəlkə də anam. O zamanlar sözümü deməyə cəsarətim yox idi, vasitəçi anam idi. Artıq ailə qurduqdan sonra, iki övladım dünyaya gələndən sonra atamı özümə daha yaxın hiss etdim. Dərdimi bölüşə bilirdim. Yaşlandıqca sanki tam başqa bir insana  çevrilmişdi. O sərt insan qarşımda artıq yox idi. Yerində çox səbrli, yumşaq xasiyyətli bir ata var idi.
 
- Habil müəllimi biz tamaşaçılar çox zarafatcıl, şən biri kimi tanıyırdıq. Evdə necə biri idi? Zarafat edib, danışıb-gülürdü?
 
- Bilirsiz, biz hələ ailə həyatı qurmamışdan öncə atamızı evdə az görərdik. Aylarla sürən qastrollar, günlərlə davam edən el şənlikləri buna imkan vermirdi. Ona görə də insanların eşitdiyi o zarafatları biz demək olar ki, eşitmirdik, görmürdük. Amma zaman keçdikcə, bayaq dediyim kimi atam yaşlandıqca onun nə qədər baməzə insan olduğunu gördüm. Çox zarafatlar edərdi, özü də qətiyyən gülməzdi (gülür).
 
- Səhv etmirəmsə, siz ixtisasınızla bağlı ailənizlə birlikdə xaricdə yaşamağa getmisiz, amma Habil müəllimin xəstəliyinə görə geri qayıtmısız. Bir növ atanıza görə xaricdə yaranacaq olan karyerınızı bitirmisiz.
- Bəli, mən peşəmlə bağlı ailəmlə birgə xaricə işləməyə getdim. Uzun müddət xarici ölkədə yaşadım. Ancaq zaman gedirdi, yaş üstünə yaş gəlirdi, atam qocalırdı. Çox uzaq ölkədə idim, atamın səhhətində yavaş-yavaş yaşla bağlı narahatlıqlar başlanmışdı. Demək olar ki, hər gün telefonla danışırdıq. Amma bu yetərli deyildi. Atamın yanında olmaq, onun qayğısını çəkmək istəyirdim. Ona görə də bir gün qərar verdim ki, öz ölkəmə geri qayıdacam. Həm də vətəndən kənarda yaşamaq çox çətin idi, baxmayaraq ki, müvəqqəti işlə bağlı getmişdim. Beləliklə karyeramı öz vətənimdə davam etdirmək qərarına gəldim. Heç peşiman da deyiləm. Mənim gözəl Azərbaycanım dünyanın ən gözəl ölkəsidir.
 
- Xaricdə olanda zəng edib sizə nə deyirdi?
 
- Bəli, tez-tez telefonla danışırdıq. Çox həssas insan idi. Darıxsa belə bildirməməyə çalışırdı. Çünki bizim uzaqda olduğumuzu nəzərə alırdı. Hər zaman zarafatlarından da qalmırdı. Ancaq təskinlik verirdi, deyirdi ki, kariyeranı davam etdir.
 
- Dünyasını dəyişdiyi günü necə xatırlayırsız?
 
- Dünyasını dəyişdiyi gün sözsüz ki, yanında idim. Əslində o günü heç xatırlamaq istəmirəm. Mənim həyatımın ən acı, ən ağır günü idi. Atamı, dostumu, uşaqlarımın dəyərli babasını itirmişdik.
- Bu gün Habil müəllimə daha çox nə zaman ehtiyacınız olur?
 
- Mənim ona nəinki bu gün, sabah, nə qədər ki, həyatdayam, hər zaman ehtiyacım olacaq.

Geri dön