Ana Sayfa > Karusel / Gündəm > SOCAR AQŞ Cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb

SOCAR AQŞ Cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb


8-04-2021, 12:00. Yazar: Admin

 

 

SOCAR AQŞ Cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb

SOCAR AQŞ ilk dəfə olaraq SOCAR-ın “Azneft” İB üçün çoxşaxəli quyunun layihələndirilməsi və qazma işlərini uğurla həyata keçirib.

“Nobel Oil Services” şirkətindən Qarabaqinfo.az-a verilən məlumata görə, SOCAR AQŞ Qərbi Abşeron yatağında qazma işlərinin aparılması zamanı yatağın tam potensialının aşkara çıxarılması istiqamətində bir sıra ilklərə imza atıb, quyu lüləsi boyu bütün intervallar üzrə geoloji-geofiziki tədqiqat işləri aparıb. Bu tədqiqat işləri nəticəsində lay təzyiqi ölçülüb, müxtəlif intervallardan kern nümunələri götürülüb, süxurların kollektorluq xüsusiyyətləri, layın neft-qaz doyumluluğu müəyyənləşdirilib layların yatımı, süxurların litoloji kəsilişi və digər parametrlər dəqiqləşdirilib.

“Böyük məmnuniyyət hissi ilə bildirirəm ki, şirkətin Qərbi Abşeron yatağında apardığı geoloji-geofiziki tədqiqat işləri nəticəsində qazılmış quyularda quma qarşı nəzarət sistemi tətbiq edilib, süzgəclərin ölçüləri dəqiqləşdirilib və açıq lüləyə süzgəclər buraxılmaqla sifarişçi hasilatın 4-5 dəfə artırılmasına nail olunub. Əldə edilmiş uğurlu nəticələrə əsasən, yatağın potensialı nəzərə alınmaqla, çoxşaxəli quyuların qazılması mümkünlüyünə baxılıb. Çoxşaxəli quyunun layihələndirilməsi müddətində, SOCAR AQŞ sifarişçi “Azneft” İB ilə birgə komanda şəkilində işləmiş, Cənubi Xəzər hövzəsində ilk dəfə pilot layihə kimi həyata keçirilməsinə öz töhfəsini verib”, - deyə SOCAR AQS-nin baş direktoru Samir Mollayev bildirib

 

“Qazma və tamamlama işlərinin aparılması zamanı qabaqcıl beynəlxalq şirkətlərin tələblərinə cavab verən müasir texnika və texnologiyadan istifadə edilməklə keyfiyyətli quyular təhvil verilib. SOCAR AQŞ sifarişçi ilə birgə çoxşaxəli quyunun qazılması imkanlarını, təzyiqləri eyni olan horizontların birgə istismara verilməsi mümkünlüyünü araşdırmış və ilk dəfə olaraq, “Qərbi Abşeron” yatağında çoxşaxəli quyunun layihələndirilməsi və qazma işlərini aparıb”, - SOCAR AQS-nin baş feoloqu İftixar Qasımov qeyd edib.

Layihə çərçivəsində SOCAR AQŞ tanınmış beynəlxalq “Baker Hughes” şirkəti ilə yaxından əməkdaşlıq edib və layihənin bütün texniki əsaslandırılmasını birgə aparıb. Layihənin uğurla həyata keçirilməsində “Baker Hughes” şirkətinin tətbiq etdiyi müasir texnika, texnologiya və təcrübənin mühüm rolu olub.

Çoxşaxəli horizontal istismar quyularının qazılması texnologiyası yan lülələrin sayından asılı olaraq məhsuldar horizontlarda drenaj sahəsini genişləndirməklə quyunun hasilatını artırır və ən əsası qazma prosesinə çəkilən xərcləri əhəmiyyətli dərəcədə aşağı salmağa imkan yaradır. Beləliklə, SOCAR AQS-nin qazdığı çoxşaxəli quyu yataqda iki məhsuldar horizontun birgə istismarına şərait yaratmış və şirkət ilk dəfə olaraq SOCAR tarixində çoxşaxəli quyunun qazılmasını və tamamlanmasını yekunlaşdıraraq sifarişçiyə vaxtından əvvəl təhvil verib.

Hazırda quyuda hasilat rejiminə çıxma əməliyyatı aparılmaqla, mənimsəmə işləri davam etdirilir. SOCAR AQŞ bundan sonra da qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirəcək və keyfiyyətli quyu qazmaqla sifarişçiyə təhvil verəcək.

Qeyd edək ki, SOCAR AQŞ bütöv şəkildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma Şirkəti” tərəfindən 2007-ci ildə təsis edilib. “Nobel Oil Services” SOCAR AQŞ-nin əsas səhmdarıdır.

SOCAR AQŞ-nin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Müəssisə, 2009-cu ildən etibarən IADC (Benəlxalq Qazma Podratçıları Assosiasiyası) təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015;  ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.

2017-ci ildə SOCAR-AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API (Amerika Neft İnstitutu) Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.


Geri dön