Ana Sayfa > Karusel / Yazar > “Ağdama getməyə qorxuram!” –Rəşad Məcid

“Ağdama getməyə qorxuram!” –Rəşad Məcid


14-03-2021, 22:19. Yazar: Admin

Dünən Ağdama üzürlü səbəbdən gedə bilmədim.
Amma…
Həm də…
Düzü, Ağdama getməyə qorxuram!
Ağdamın indiki vəziyyətini canlı görməyə qorxuram.
Dünən oğlum Mirhacib getmişdi. Ona dedim, Ətyeməzlini keçib şəhərə girəndə sağda xəstəxananın, Doğum evinin binası var, bəlkə, uçuqları qalıb, sən 1987-nin avqustunda orda doğulmusan. Onda ”Kimsən ey , doğulan” şeirimi yazmışdım. Qayıdanda soruşdum , dedi ki, indi nə o xəstəxanadan, nə də şəhər boyu uzanan bağlardan, hündür ağaclardan əsər-əlamət qalıb.
Ağdam deyəndə gözümün önünə ötən əsrin 70-ci, 80- ci illərinin Ağdamı gəlir. Hərdən xəyalımda da gəzirəm: 1 nömrəli məktəbdən çıxıb bazarın önüylə gedib, tində -Aptekin yanından sağa dönürəm, Nadirin “Dijurnu mağaza”sını keçib, Tağının kitab mağazasına dəyib ya 10 yaşımacan yaşadığımız Dördmərtəbənin qabağıyla Musavi küçəsindən, südsatan Lətafət xalanın budkasının tinindən Lenin bağına burulub, Çay evinin, məscidin üstünə çıxıram, üzü yuxarı Şuşa yoluyla Fərhadın heykəlinə, Dram teatra sarı addımlayıram, ya da Üzümçülər sarayının yanından keçib məşhur Fazil Qasımovun direktoru olduğu Kinoteatra tərəf gedirəm, Zeynalın çayxanasında çay içirəm.
Ya da ki qayıdıb Laura müəllimənin musiqi məktəbi tərəfdən gəlirəm, Voroşilov küçəsinin tinindən Milis idarəsinə doğru. Palıd ağaclarının meh əsdirən yarpaqlarından qopan pıçıltı ”Pionerlər evin”dən gələn tar-kaman səslərində əriyib itir, məşhur “Qarabağ bülbülləri”nin Murad Rzayevin rəhbərliyiylə növbəti məşqinin sədalarını eşidirəm. Vahidgilin evinə tərəf, Köhnə hamam məhləsinə dönürəm. Onda bilmirdim ki, bu hamamı da Natəvan tikdiribmiş. Dünən Vilayət Quliyevin statusunda oxuyub bildim.
Əli İbrahimov, döngə 1 , ev 19- a – evimizə tərəf gedirəm.
Vahidi görürəm, evlərinin pəncərəsində baxır, 30 il sonra yazacağı “Ruhlar şəhəri” kitabınımı düşünür? Ayırmıram onu xəyallarından, eləcə əl edib keçirəm…
Noyabrın 20- də bizim əsgərlər Ağdama girib, Cümə məscidindən ilk videonu paylaşanda sarsılmışdım: hanı bəs Çay evi , hanı Dördmərtəbə, hanı 1 nömrəli məktəb?
Qəzəbimi belə ifadə etmişdim:
“Allah heç kimə, heç bir xalqa belə namərd düşmən qismət eləməsin! Vəhşi millət, səninlə necə yanaşı yaşamaq olar? Niyə bizim şəhərlərimizi bugünə qoymusan? Etdiklərinin beşqat artığına layiqsən!..”
İndi mən qorxuram!
Gedib Ağdamıın xarabalıqlarını görsəm, xatirələrimin uçub dağılacağından qorxuram!
Bir də xəyalən Ağdamın küçələrini gəzə bilməyəcəyimdən qorxuram!
Rəşad Məcid

Geri dön