Ana Sayfa > Karusel / Cəmiyyət > Yaxın zamanda müharibə veteranlarının reyestri elektron formada aparılacaq
Yaxın zamanda müharibə veteranlarının reyestri elektron formada aparılacaq12-03-2021, 21:37. Yazar: Admin |
Azərbaycanda müharibə veteranlarının reyestri yaradılacaq. Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisə daxil olan və birinci oxunuşda müzakirəyə çıxarılacaq “Veteranlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparacaq. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Qeyd olunub ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yaradılmış işçi qrupunun müvafiq qərarına əsasən şəhidlər, şəhid ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur. Müharibə veteranlarının reyestrinin hazırlanmasında əsas məqsəd hazırkı tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir. Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin sayının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, şəxslərin (ailə üzvlərinin) statusları haqqında kağız daşıyıcılarda olan müvafiq vəsiqələrdən imtina edilməsi, onların dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyən edilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaqdır. Layihə “Veteranlar haqqında” Qanunda müharibə veteranlarının reyestrinin yaradılması ilə bağlı yeni müddəanın təsbit edilməsini nəzərdə tutur. Geri dön |