Ana Sayfa > Karusel / Qarabağ > DSX-nın Ermənistanla sərhəddə yeni hərbi hissəsi açılıb

DSX-nın Ermənistanla sərhəddə yeni hərbi hissəsi açılıb


12-03-2021, 21:33. Yazar: Admin

 

DSX-nın Ermənistanla sərhəddə yeni hərbi hissəsi açılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) martın 12-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş tədbirdə çıxış edən DSX rəisinin müavini, general-leytenant İlham Mehdiyev Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi suverenliyinin bərpa olunduğu, milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km sahəsinin işğalına son qoyulduğu, Vətən müharibəsinin Azərbay­canın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını vurğulayıb.

Vətən müharibəsi zamanı DSX qarşısında Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələrin tam səfərbər edilməsi, Azərbaycan-İran dövlət sərhədinin işğalda olan hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının yaxından iştirak etməsi, Azərbaycan sərhədçilərinin rəşadət dastanı yazmaları xüsusi qeyd olunub.

Döyüş əməliyyatlarının ilk günündən başlayaraq  Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad ediblər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə dağıdıcı zərbələr endirilərək Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağı qaldırılıb, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəklikləri azad edilib.

AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdirilərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi döyüş fəndi kimi tətbiqi, DSX-nin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar istifadəsi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri, zenit-raket kompleksləri, raket sistemləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

Hazırkı tədbirin baş tutduğu ərazilərdə DSX bölmələri tərəfindən düşmənə endirilən sarsıdıcı zərbələr, o cümlədən çoxsaylı silah-sursatının qənimət kimi götürülməsi, noyabr ayının 1-də Bartaz və Şükürataz yüksəklikləri uğrunda gedən döyüşlərdə şəxsi heyətə hücum edən düşmənin SU-25 qırıcı təyyarəsinin qəhrəman çevikçilər tərəfindən atıcı silahlarla məhv ediməsi və bu kimi digər hərbi uğurların Vətən müharibəsi tarixinin önəmli hadisələrindən olması vurğulanıb.

Azərbaycan dövlətçiliyinə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən, Ali Baş Komandanının rəhbərliyi altında işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən Azərbaycan sərhəd­çi­sinin müqəddəs torpaqları­mızın azad olunmasında iştirakından, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmasından böyük şərəf və qürur duyması bildirib.

Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə cavabdeh olan yeni hərbi hissənin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilib, hər zaman dövlət maraqlarının keşiyində duran Azərbaycan sərhəd­çi­sinin ölkəmizin müqəddəs hüdudlarını qorumaq kimi şərəfli missiyanın öhdəsindən bundan sonra da layiqincə gələcəyinə əminlik ifadə olunub.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.

Sonra mərasim iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsi üçün yaradılmış şəraitlə, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlar, kazarma və yeməkxana, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitələrinə baxış keçiriblər. 


Geri dön