Ana Sayfa > Karusel / Siyasət > Daxili Qoşunların komandanlığı Fəxri xiyaban və Şəhidlər xiyabanında olub
Daxili Qoşunların komandanlığı Fəxri xiyaban və Şəhidlər xiyabanında olub12-03-2021, 16:07. Yazar: Admin |
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının şəxsi heyəti Daxili Qoşunlar gününün 29-cu ildönümünü qeyd edir. Qarabaginfo.az xəbər verir ki, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılan “Əbədi məşəl” önünə əklil qoyulub, Daxili Qoşunların şəhid olan hərbi qulluqçularının abidəsi ziyarət olunub. Qeyd edək ki, ulu öndər Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanan Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan edilib. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarına ilk dəfə olaraq 1992-ci il mart ayının 12-də başlayıblar. Artıq 29 ildir ki, Daxili Qoşunların hərbi qulluqçuları hər zaman öz andına sadiq qalaraq respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, bütövlükdə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrasında professionallığı və qətiyyətliliyi ilə fərqləniblər. Daxili Qoşunların hərbi qulluqçuları istər 1992-1994-cü illərdə baş verən Birinci Qarabağ, istərsə də 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak edib, gənc nəsillərə örnək olacaq əsl qəhrəmanlıq nümunələri göstəriblər. Milli mənafelərin keşiyində həmişə ayıq-sayıq dayanan qoşunlar qanunvericiliklə müəyyən edilən vəzifələrini bu gün də uğurla yerinə yetirərək, qarşıya çıxan qəfil tapşırıqların icrasında yüksək operativlik nümayiş etdirirlər. Paytaxtda və bölgələrdə xüsusi karantin rejiminə nəzarətin həyata keçirilməsi, hərbi vəziyyət rejimi ilə əlaqədar döyüş xidmətinin aparılması və ictimai asayişin qorunması vəzifələri tam həcmdə yerinə yetirilir. İşğaldan azad olunmuş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən polis orqanlarının əməkdaşları ilə birlikdə ictimai qaydanın qorunması təmin olunur. Geri dön |