Ana Sayfa > Karusel / Müsahibə > "Milli Məclis cəmiyyətdəki yeni siyasi konfiqurasiyanın bariz nümunəsidir" - Adil Əliyev

"Milli Məclis cəmiyyətdəki yeni siyasi konfiqurasiyanın bariz nümunəsidir" - Adil Əliyev


10-03-2021, 23:58. Yazar: Admin

Martın 10-da VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından bir il keçir. 2018-ci ilin aprel ayında Prezident İlham Əliyev xalqımız tərəfindən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmiz üçün yeni inkişaf mərhələsi başladı. Prezidentin Administrasiyasında, Nazirlər Kabinetində aparılan islahatlar, eyni zamanda, yeni dövrün tələblərinə uyğun Milli Məclisin formalaşması ilə yekunlaşdı. Bu gün əminliklə deyə bilərik ki, VI çağırış Milli Məclis daha dinamik şəkildə fəaliyyət göstərir və istər lokal, istərsə də qlobal səviyyədə çox mühüm işlər görür. Belə ki, Milli Məclis deputatlarının Ermənistanın törətdiyi təxribatlar, mülki əhalimizi hücuma məruz qoyması, həqiqətlərimizin dünyaya çatdırılması ilə əlaqədar xarici ölkələrin parlamentlərinə göndərdiyi məktubları, mütəmadi təmasları Milli Məclisi beynəlxalq müstəvidə mühüm bir quruma çevirib. Başlanmış bu uğurlu siyasi xətt, ölkəmizi xarici ölkələrdə təmsil edən millət vəkilləri tərəfindən də layiqincə davam etdirilir.

 

Pravda.az xəbər verir ki, bu fikirlər Milli Məclis sədrinin müavini Adil Əliyevin “VI çağırış Milli Məclis cəmiyyətdəki yeni siyasi konfiqurasiyanın bariz nümunəsidir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

 

Mübaliğəsiz deyə bilərik ki, müasir Milli Məclis faktiki olaraq cəmiyyətdəki yeni siyasi konfiqurasiyanın bariz nümunəsidir. Milli Məclisin rəhbərliyinin də iqtidarla yanaşı, müxalifət və bitərəf millət vəkillərindən formalaşması siyasi plüralizmin inkişafının əsasını təşkil edir.

 

Ötən dövrdə müxalifət partiyalarının qeydiyyata alınması, iqtidar və müxalifət partiyaları arasında siyasi dialoq modeli ölkəmizdə siyasi iqlimin daha da stabilləşməsi ilə nəticələndi. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, hakimiyyət tərəfindən atılan addımlar nəticəsində siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müsbət mənzərənin yaranması ilə nəticələndi. Yeni dialoq modeli, müxtəlif fikirlərin müzakirələr vasitəsilə həll edilməsi istiqamətində müəyyən edilmiş tendensiya cəmiyyət üçün ictimai faydalı olmağımızla şərtləndirilir. Vətən müharibəsi zamanı siyasi partiyaların birgə bəyanatı və Ali Baş Komandanın ətrafındakı sıx birliyi siyasi dialoqun Azərbaycan modelinin nə qədər uğurlu olmasının əyani göstəricisidir.

 

Eyni zamanda, siyasi partiyaların bir qisminin Yeni Azərbaycan Partiyasına qoşulması, YAP-ın yeni nizamnaməsinin qəbul edilməsi, Siyasi Şurasının ləğv edilərək yeni tərkibdə İdarə Heyətinin formalaşdırılması daha çevik qərarlar çıxarılmasını şərtləndirəcək.

 

Ölkə başçısının Yeni Azərbaycan Partiyasının iclası zamanı vətəndaşlarla işləməyin zəruriliyinə diqqət çəkməsi, xüsusilə də Partiyanın gördüyü işlərin daha da artırılacağının proqnozudur. Yeni formalaşdırılmış İdarə Heyətinin cəmiyyətdə kifayət qədər yüksək nüfuza malik olan, ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutan şəxslərdən formalaşması siyasi inkişafımızı kifayət qədər sürətli edəcəkdir. Bu dəyişikliyin yeganə məqsədi cəmiyyətə və dövlətə faydalı olmaqdır.

 

Bu gün qürurla deyə bilərik ki, ölkəmiz dünya miqyasında müstəqil şəkildə öz daxili, xarici siyasətini aparan, heç kəsin qarşısında hesabat verməyən nadir ölkələrdəndir. Ölkəmizin müstəqillik qazanmasından 30 ilə qədər vaxt keçsə də, biz ilk dəfə olaraq müstəqilliyimizin ildönümünü qalib ölkənin vətəndaşları olaraq qeyd edəcəyik. (Pravda.az)

  

Geri dön