Ana Sayfa > Karusel / Gündəm > DYP yol vərəqəsi ilə sürülən avtomobilləri cərimə meydançasına qoymalı olacaq”

DYP yol vərəqəsi ilə sürülən avtomobilləri cərimə meydançasına qoymalı olacaq”


1-03-2021, 16:06. Yazar: Admin

 

“DYP yol vərəqəsi ilə sürülən avtomobilləri cərimə meydançasına qoymalı olacaq”

 

Bir neçə gün öncə Milli Məclis tərəfindən sürücülərin məsuliyyəti ilə bağlı dəqiqləşdirmələr məqsədilə İnzibati Xətalar Məcəlləsinə (İXM) bəzi düzəlişlər edilib.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, ekspert Ərşad Hüseynov dəyişiklikləri şərh edərkən bildirib ki, düzəlişdə çox ciddi qüsur var və həm nə üçün edildiyi aydın deyil: “Məcəllənin 96.1.1-ci maddəsinə edilən dəyişiklikdə sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin cərimə meydançasına qoyulması hallarından birinin dəqiqləşdirilməsinə cəhd edilir.

Həmin maddə hazırda belədir: 

96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda.

Dəyişiklikdə bu maddədəki "sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas" sözlərinin "nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ" sözləri ilə əvəz edilməsi nəzərdə tutulur. Həmin dəyişiklikdən sonra maddə belə olacaq:

96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda.

Göründüyü kimi, indi qüvvədə olan normada əsas vurğu sənədlərə edilib. Lakin dəyişiklikdə vurğu sənədə yox, müvafiq hüquqa edilir. İlk baxışdan gözəldir. Amma təfsir edəndə aydın olur ki, yarımçıq və qüsurludur. Bu da gələcəkdə DYP əməkdaşları ilə sürücülər arasında ciddi mübahisələr doğuracaq”.

Hüquqşünas Ə.Hüseynovun sözlərinə görə, ciddi qüsur odur ki, bu redaksiyanın hərfi mənasına görə nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsinə sahiblik hüququ mütləq olmalıdır: “Əks təqdirdə nəqliyyat vasitəsi cərimə meydançasına aparılmalıdır. Lakin axı yol vərəqəsi ilə idarə edilən nəqliyyat vasitəsinin sürücüsündə səhiblik hüququ olmur, çünki yol vərəqəsi sahiblik hüququ yaratmır.

Bu sənədin sahiblik hüququ yaratmadığı onun mahiyyətindən irəli gəlməklə yanaşı, İXM-in 332-ci maddəsinin “Qeyd”indən də birbaşa aydın olur (Qüvvədə olan normadakı “DİGƏR ƏSAS” ifadəsi yol vərəqəsini ehtiva etdiyindən hazırda heç bir hüquqi və təcrübi problem yaranmır).

Bu dəyişiklik qüvvəyə minərsə, onun hərfi mənasına görə DYP yol vərəqəsi ilə sürülən avtomobilləri cərimə meydançasına qoymalı olacaq. Bəs dövlətə məxsus saysız-hesabsız avtomobillər, şirkət avtomobilləri yola necə çıxsın? Necə deyərlər, həm gülməli, həm də ağlamlıdır.

Bu dəyişiklik həm də yarımçıqdır. Yarımçıqlıq odur ki, bu yenilik kütləvi informasiya vasitələrində (KİV) qeyd olunduğu kimi, heç də birmənalı olaraq sürücünün sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və etibarnaməni üzərində gəzdirməli olmasına dair tələbi ləğv etmir.

Bunu etmək (yəni sürücünün həmin sənədləri gəzdirmək vəzifəsini aradan qaldırmaq) üçün “Yol hərəkəti haqqında” Qanunun (YHQ) 37-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə də uyğun dəyişiklik edilməlidir. Daha sonra elə həmin İXM-in 332.1-ci maddəsinə də uyğun dəyişiklik edilməlidir.

Bir normada etibarnamənin olmasını sahiblik hüququ ilə əvəz ediriksə, o biri normada bunu niyə saxlamlıyıq”.
Qafqazinfo.az

 

 


Geri dön