Heydər bəy, Əsgər bəy, Səfər bəy, Hacı Qara Ohan yüzbaşının dəstəsi ilə qarşılaşanda uzun çək-çevirdən sonra ermənilər uzaqlaşıb gözdən itəndə Hacı Qara ilə bəylər arasında belə bir dialoq olmuşdur. Həmin dialoqu bir daha xatırlatmalı oluruq:
“Hacı Qara. A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız?
Heydər bəy. Nədən ötrü, Hacı?
Hacı Qara. Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.
Heydər bəy. Camış alanın nəyinə lazımdır ki, gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə?
Hacı Qara. Sən bilmirsən, şəksiz, bular camış alan deyillər! Oların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, buların yüz hiyləsi olur?”
Məhz həmin hiylələrdən biridir ki, Ohan yüzbaşı böhtan ataraq deyir ki, “... Elə ki, bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar”. Bunun müqabilində Heydər bəy deyir: “Naçalnik, tamam danışdığı sözlər böhtandır!”
Beləliklə, Heydər bəyin simasında əsərdəki bəylərin hamısı səmimidir və pis-yaxşı nə baş verirsə, hamısının içərisində bir səmimiyyət, olduğu kimi görünmək, göründüyü kimi olmaq var. Hacı Qaranın simasında xəsisliklə yanaşı (hətta əsərin sonunda naçalnikə “Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər” deməsi bir daha bunu təsdiq edir), düz danışması, daha doğrusu, düşündüklərinin düz olması faktı göz qabağındadır. Axı həm də bu Hacı Qara hacıdır, o, hacılığı sonra qazansa da, əsl adı Qaradır. Qara sözü də “böyük” mənasındadır. Bu mənada Hacı Qara obrazına yalnız xəsis kimi yanaşmaq birtərəflidir, hərtərəfli deyildir. Ancaq Ohan yüzbaşının (yəni erməninin) isə böhtançı, bu yolla vilayət böyüklərinə qulluq göstərmələri və müqabilində özləri üçün saxta şəhadətnamə, gümüş medal və s. yazdırmaları tənqid olunur.
Hacı Qara ayıq adamdır. O, Ağcabədi kəndində bazarın bir küncündə tikilmiş dükanında bikef oturur. Bikef olmasının səbəbi odur ki, üç aydır Qaladan (Şuşadan) şilə alıbdır. Ancaq gətirdiyi gündən ondan heç beş top satmamışdır. Fikirləşir ki, belə gedişlə heç bir ilə də bunları satıb qurtara bilməyəcəkdir. O deyir: “Zalım oğlu, yüz yol Qurana, Peyğəmbərə and içdi ki, çox rəvac maldır. Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni allatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək”. Deməli, Hacı Qaranın alverdə Qurana, Peyğəmbərə and içənlərə inanması təbiidir. Axı o hacıdır. “Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək” deməsi də məqbuldur. Ona görə ki, o, sövdəgərdir. Qəpiyinin də, quruşunun da qədrini bilir. Belə olmasa, o, sövdəgər ola bilməz.
Hacı Qara ağıllı, tədbirli adamdır. O bir şahı qazanmasa, heç bir qəpik də xərcləməz. Pulunun qədrini bilir, hara gəldi pul xərcləmir. Başqa sözlə, Hacı Qara bədxərc deyil. Hətta Xudaverdi ona deyəndə ki, bir sureyi-cümə oxuyub, istəyir Hacı Qaranın atasının adına tapşırsın, əvəzində bir abbası alsın. Onda Hacı Qara deyir: “Necə? Nə danışırsan, dəli olubsan?.. Mən həmişə özüm atama quran oxuram. Pul ilə mən ömrümdə quran oxutduğum yoxdur!.. Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? Allahı sevirsən, dükanın qabağın kəsmə, müştəri gəlir”.
Hacı Qaranın başını Heydər bəy, Əsgər bəy bişirəndə, yəni Arazın o tayına alver etmək üçün aparanda öz qoçaqlıqlarından, xüsusilə Qarabağda Heydər bəyin ad çıxarmasından danışanda o deyir: “Bu zəmanədə çox qocaqlıqdan isə ağrın alım, adamın cibi pul ilə dolu olsa yaxşıdır”. Hacı Qara ilə Heydər bəyin, Əsgər bəyin və ümumiyyətlə, bu qəbildən olan bəylərin fərqi var. Onlar sözün həqiqi mənasında quru bəylərdir. Məsələn, Əsgər bəyin dediyi bu fikirdə hər şey təsdiq olunur: “Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan! Heydər bəy ki, bizim yanımızda ola, qaravul, yasavul bizə nə eyliyə bilər!” Bu, boğazdanyuxarı boş danışıqdan başqa bir şey deyil. Ancaq bu cür quru bəylərlə müqayisədə Hacı Qaranın pulu, qızılı var. O, pulunun, qızılının fayda verməsini, artmasını istəyir. Başqa sözlə, pulundan, qızılından fayda götürmək fikrindədir.
Hacı Qaranın arvadı ondan hara gedəcəyini soruşur. Hacı Qara isə demək istəmir. Əsərdən həmin parça:
“Tükəz. De görüm, hara gedirsən?
Hacı Qara. Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istirsən məndən?
Tükəz. Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi toy-bayram edəm? Cifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub gözəl cavanları qara torpaq altına yollayır.
Hacı Qara. Yer üzündə qalan murdarların biri sən özünsən ki, tuği-lənət olub keçibsən mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə bir zərər yetirməmişəm! Mən niyə murdar oluram?” Doğrudan da Hacı Qara ömründə bir kimsəni incitməyib, bir kimsəyə zərər verməyibdir. Hacı Qaranın murdarlığını arvadı Tükəz belə xarakterizə edir: “Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib-içirsən, nə əyalına rəf edirsən. Sən ölsən, heç olmazsa arvad-uşağın doyunca çörək yeyər”.
Hacı Qara bəylərdən fərqli olaraq iş adamıdır, işgüzardır, işinin üstündə möhkəm dayanan sövdəgərdir. Onun bəylərlə qaçaq mal almağa getməsi də iş adamı olmasından, işgüzarlığından, işinin üstündə möhkəm dayanmasından irəli gəlir. Hacı Qara daha çox qazanmaq istəyirsə, bu onun iş adamı, işgüzar olması, işinin üstündə möhkəm dayanması ilə əlaqəlidir. Bütün qüsurları ilə belə, Hacı Qara Heydər bəydən də, Əsgər bəydən də, Səfər bəydən də fərqli bir adamdır. Əməli ilə də onlardan konrektdir, sözünün sahibidir. Əsgər bəy ona deyəndə ki, qaçaq mal almağa getməyə hazırsanmı? O deyir: “Bəli başına dönüm, hazıram! Pulları da, budur, ayırmışam; amma Hacı ağrını alsın, üç yüz qızılı mən özüm Təbrizdə gözünüzün qabağında çaya, parçaya verrəm, əlinizə tapşırram, gətirərsiniz!”
Mirzə Fətəli Axundzadə bunu elə-belə deməzdi...
“Aldanmış kəvakib (Hekayəti – Yusif Şah)” əsərində münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə bir vacib işdən ötrü girir. Məlum olur ki, novruzdan beş on gün keçmiş Mərrixin Əqrəb ilə toqquşması hadisəsi baş verəcəkdır. Şah yarım saat fikrə getdikdən sonra xacə Mübarəki hüzuruna çağırdı. Ona dedi ki, bu saat vəzir Mirzə Möhsünü, Sərdar Zaman xanı, Müstövfi Mirzə Yəhyanı və mollabaşı Axund Səmədi hüzuruna çağırsın. Xacə tapşırığı yerinə yetirir. Bir azdan sonra çağırılan şəxslər Şahın hüzurunda olurlar. Şah onları çağırmasının səbəbini anlatdıqdan sonra deyir ki, bir tədbir görsünlər. Baş vermiş hadisəni dəf etmək üçün vəzir Mirzə Möhsün, Sərdar Zaman xan, müstövfi Mirzə Yəhya və mollabaşı Axund Səməd Şahın hüzurunda bir-bir danışmağa başlayırlar. Danışmaq növbəsi mollabaşı Axund Səmədə çatanda o belə bir fikir söyləyir: “Qibleyi-aləmin pedəri-büzürgüvarları zamanında mənsəbi-mollabaşılığa sərəfraz olduğumda nisfi-İran, hətta payitəxtin yarısı dəxi sünni məzhəb idi. Əvvələn, məvaizi-həsənə və saniyən, təxvifati-kəsirə səbəbilə tamam sünni məzhəbləri rahi-rasti-məzhəbi-isna əşəriyyəyə hidayət etmişəm.
İndi Allahın kərəmindən səfheyi-İranda beş-altı nəfərdən ziyadə sünni tapılmaz. Bu xüsusda İran xalqından dəxi kəmali-rizaməndliyim var ki, bəmücərrədi-təklif qədimi ata və babalarının məzhəblərindən əl çəkib hidayətə rağib oldular.
Hətta mən istədim ki, cühudlara və ermənilərə dəxi əl qatıb oları da şiə məzhəbinə döndərim, amma bir para xeyrəndiş kimsənələr məsləhət görmədilər ki, lüzumi yoxdur. Çünki hər torpaqda cühuddan və ermənidən bir az var, bizim torpağımızda dəxi bir az olmaqları məsləhətdir”. Mollabaşı Axund Səmədin bu dediklərindən sual doğuran məqamlar var. Birincisi, mollabaşı Axund Səməd niyə cühudları və ermənilərə şiə məzhəbinə döndərmək istəyir? Bəziləri nə üçün cuhudların və ermənilərin şiə məzhəbinə dönməsini istəməmişlər? Bizim torpağımız da cuhudların və ermənilərin bir az olmaları nə üçün məsləhətdir? Bu sualların cavabı müxtəlif ola bilər. Bəlkə də cuhudların və ermənilərin şiə məzhəbinə döndərilməsi daha böyük fəsadlar törədə bilər. Belə ki, onlar şiə məzhəbi altında öz milli maraqlarına daha rahat xidmət edə bilərlər. Dindən (şiə məzhəbindən) istifadə etməklə istədikləri işi daha rahat görə bilərlər. Ancaq bununla belə, dini məzhəbi dəyişmək cuhudların, ermənilərin milli kimliyini dəyişmək deyildir. Onlar şiə məzhəbindən yararlanaraq, dini baxımdan qaynayıb qarışaraq cuhud və erməni xislətini gizlətməyəcəklər. Bu cür xislətlərini həyata keçirmək daha rahat olacaqdır. Bəlkə də ona görə bəziləri cuhudların və ermənilərin şiə məzhəbinə döndərilməsini məsləhət bilməyiblər. Bu məsələni M.F.Axundzadə mollabaşı Axund Səmədin dili ilə elə-belə deməmiş, nə dediyinin mahiyyətini dərindən dərk etmişdir.