Ana Sayfa > Karusel / Dünya > Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir

Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir


18-01-2018, 10:14. Yazar: Admin

1980-ci illərin sonlarında SSRİ məkanında başlayan proseslər, milli zəmində qarşıdurmalara, dövlətlərin ərazi itkisinə gətirib çıxardı. Bundan hansı qüvvələr  qazandı, sonluq nəyə gətirib çıxardı, kim uddu, kim uduzdu kimi nəticələrə toxunmaq məqsədimiz yoxdur. Fakt budur ki, Azərbaycan nəhayətdə milli hərəkatın məntiqi davamı olaraq, ardıcıl mübarizə və xalqın qətiyyəti, dirənişi sayəsində müstəqilliyini qazandı.

Bununla belə, müstəqillikdən sonra hərəkatdakı müttəfiqlərin bir-birinə qarşı kəskin ittihamları başladı, ictimai fiqurlar “xəfiyyə ovuna” çıxaraq, hərəkat vaxtı kimlərinsə o zamankı Dövlət Təhlükəsizlik Komitəsində (“KQB”) işləməsinə dair qarşlılıqlı ittihamlar səsləndirdilər.

Bütün diqqət isə əsasən milli azadlıq hərəkatına liderlik edən və Azərbaycanın ictimai-siyasi tarixində həm düyün nöqtəsi olan, həm də mühüm rol oynayan Azərbaycan Xalq Cəbhəsinin (AXC) liderləri üzərində fokuslandı. Diqqətin cəmləşməsi bu gün də davam edir.

 

Kimlərsə iddia edə bilər ki, AXC SSRİ epoxasının sona çatdığı ərəfələrdə nəhəng imperiyanı diz çökdürmək üçün “KQB” daxilində kök salmış xain qüvvələrin planının tərkib hissəsi idi. Bu cür iddiaları səsləndirənlər az deyil, lakin onun hamısına fikir vermək vaxt itkisidir.

 

Bununla belə, ictimai çəkili bəzi insanların dilindən AXC liderləri haqqında hər hansı ittihamı eşitmək və bunun üzərindən sükutla keçmək mümkün deyil. Məsələn, tanınmış ictimai-siyasi xadim, mərhum prezident Heydər Əliyevin köməkçisi işləmiş, politoloq Eldar Namazov bildirir ki, hakimiyyət orqanları onu ələ almağa çalışsa da, bu cəhdləri uğursuz nəticələnib  (Tomas De Vaalın müəllifi olduğu “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında yazılıb). Və o, öz “topu”nu AXC-yə qarşı tuşlayır:

 

“Onlar məni köhnə Lenin meydanında (indiki Azadlıq meydanı) yerləşən Hökumət Evinə dəvət etdilər” deyən Eldar Namazov qeyd edib ki, ona  Lenin meydanındakı Hökumət evinin arxa qapısından keçərək natiqlərin çıxış etdiyi tribunaya çıxıb hökumətə lazım olan sözləri demək təklif olunmuşdu.

 

“Onlar mənə, həmin mitinqlərə göndərəcəkləri tanınmış ictimai fiqurların adlarını dedilər. “Yox, sağ olun, mən belə oyunlarda yoxam” söylədim. Mən kütləvi mitinq olan yerə getdim və kütlənin içinə çıxdım. Onların siyahısında olan adamlar həqiqətən də tribunaya çıxdılar və çıxış etməyə başladılar. Onların çoxu tarixə AXC liderləri kimi düşüblər”-deyə Eldar Namazov hərəkat illərini belə xatırlayır.


20 Yanvar faciəsinin ildönümü ərəfəsində isə “KQB casusu” məsələsi yenidən aktuallaşıb. Bu yaxınlarda Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı mətbuata müsahibəsində bildirib ki, Meydan hadisələri vaxtı İsa Qəmbər “KQB”yə izahat verib və söyləyib ki, AXC-ni elə xüsusi xidmət özü yaradıb. 

 

Təbii ki, bu cür ittihamların doğruluğunu və ya yanlışlığını yoxlamaq mümkün deyil. Yeganə alternativ yol - onları təsdiq və ya təkzib etmək Azərbaycan “KQB”sinin arxivi ilə tanış olmaqdır. Amma bir məsələ var – bu da arxivlərin hələ açılmamasıdır. Belə vəziyyət isə fikirlərin daha da şaxələnməsinə, ittihamların miqyasının genişlənməsinə, xarakterinin kəskinləşməsinə zəmin yaradır. Bütün bunlara son qoyulması üçünsə bəziləri tələb edir ki, “KQB” arxivləri açılmalıdır, lakin bir çoxları da buna qarşı çıxır. İkincilər fikrini belə əsaslandırır ki, cəmiyyət arxivlərin açılmasına loyal münasibət göstərə biləcək immuniteti qazanmayıb.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc da ikincilərdəndir.

Deputat Modern.az saytına mövzu barədə danışarkən qeyd edib ki, “KQB” arxivlərinin açılmasında Qərb hərbi-siyasi dairələri çox maraqlıdır.


“1918-ci ildən 1991-ci ilə qədər böyük bir zamanı əhatə edən sənədlərin, məxfi qrif altında olan materialların açılması sovetləşmə, kommunistləşmə hərəkatının ayrılmaz tərkib hissəsinə çevrilib. Bizimlə eyni zamanda müstəqillik qazanmış dövlətlərdən bir çoxunda qeyd etdiyiniz arxivlərin açılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib, müxtəlif qanunlar qəbul edilib. Ümumən Qərb dövlətləri də maraqlıdır ki, SSRİ-yə daxil olan ölkələr müvafiq addımlar atsınlar, öz keçmişləri ilə üz-üzə dayansınlar”- deyən Z.Oruc bildirib ki, Qərb kommunizm sistemini, bolşevizmi, Qırmızı İmperiyanın bütün pisliklərini öz əlləri ilə ifşa etməyə çalışır.

 

Onun sözlərinə görə, əslində arxivlərin açılması sıradan bir hadisə deyil. Çünki bu, həqiqətən də zaman baxımından bir neçə addan keçmiş və hər birində də çirkli vasitələrlə SSRİ-də təhlükəsizliyin təminatı üçün həyata keçirilən gizli tədbirləri özündə ehtiva edir. 


“Yəni buraya SSRİ -nin qurulduğu illərdə kollektivləşmə hərəkatına mane olanların zərərsizləşdirilməsi də, Stalin dövrünün məlum represiyaları zamanı qarşılıqlı anonsların verilməsi də daxildir. Həmçinin, ittifaq miqyasında bir vəhdət halına gəlməsi də, o cümlədən  əvvəllər “ÇK” adlanan qurumun artıq NKVD kimi məlum abreviatura ilə meydana çıxması ilə əlamətdardır.  Bu materialların bir çoxu deşifrə edilir. Üzərindən məxfi qrif götürülür. İctimaiyyət  üçün əlçatan olur. Bunlarla bağlı araşdırmalar aparılması imkanları böyükdür. Sizin qeyd etdiyiniz arxivlərin açılması tələbi əslində qanunvericiliklə müəyyənləşir.

Dövlət sirri haqqında müvafiq hüquqi aktlarda ən maksimum müddət 30 ildən yuxarı deyil.

ABŞ-da da hər il gördüyünüz kimi, 1970-ci illərdən sonrakı arxivlər açılır.

Xüsusilə də Sovetlər Birliyinin ölümünü doğuran ona qarşı fəaliyyəti özündə ehtiva edən və dünya çapında olan tədbirlərlə bağlı olanlar cəmiyyətə verilir. Bu proses  Baltikyanı ölkələrdə, Ukraynada, Gürcüstanda da  reallaşdırılıb. Məsələ təkcə öz keçmişi ilə üz-üzə qalarkən  satqınların, xəbər daşıyanların heç bir zərurət olmadan müxtəlif şəxsi işlərini həyata keçirmək üçün qara fəaliyyətin aşkarlanmağından getmir”,- Milli Məclis üzvü belə hesab edir.


Burada “faydalar nədir və ziyanları nədən ibarət olacaq” sualını cavablandıranda deyirlər: əgər belə bir addım atılarsa, avtomatik həmin fəaliyyətdə olanların  bugünkü varisləri, övladları çox böyük basqıya məruz qalacaqlar.


Deputat da bu qənaətdədir ki, arxivlər açılsa, vaxtilə SSRİ sistemindən əziyyət çəkənlərin nəslindən olanlar kimdənsə qisas almağa cəhd edə bilərlər.
 

Söhbət zamanı Z. Oruc deyib ki, cəmiyyətlərin reaksiyasından da çox şey asılıdır, məsələn keçmiş sosialist düşərgəsinə daxil olan ölkələlərdən Çexiyada bu tədbir hər hansı kataklizmlər doğurmadı, ictimaiyyətdə üzləşmə yaratmadı... Onun sözlərinə görə, Azərbaycanda da “KQB” arxivlərinin açılması ilə bağlı proseslərin heç getmədiyini demək olmaz. 

“Ancaq məsələn, Latviyada 2007-ci ildə məhdud səviyyəli materialların açıqlığı təmin edildi. Lakin ikinci cəhddə qeyd etdiyiniz prossesi reallaşdırmaq mümkün oldu. Belə olan təqdirdə kimsə həmin dövrün arxivlərinə, sənədlərinə “ölüm arxivi” də deyə bilər. Buna əsaslar var. Çünki milyonlarla insanın taleyindən söhbət gedir. Xatırlayırsınızsa, dövlət təhlükəsizlik orqanları bir neçə il öncə 1937-ci il repressiyalarında əsas işlərə kimlərin məsuliyyət daşıması, kimin hansı funksiyanı həyata keçirməsi ilə bağlı sənədləri ictimaiyyətə çıxardı. Yəni demək olmaz ki, bu proses getmir. Amma geniş məsələlər tələb edən bir məsələdir, həssas bir problemdir.

Qərb dövlətləri bunda maraqlıdır ki, keçmişlər açılsın.  Onlar onsuz da 70 ili “hərbi kazarma rejimi” adlandırırlar. Məsələ təkcə bundan ibarət deyil. Eyni zamanda,  hazırkı dövr təhlükəsizlik sisteminə necə təsir göstərəcəcəyi kimi məsələlər və bütün bunların hamısı geniş müzakirə tələb edir”.

 

Deputat düşünür ki, hər bir halda müxtəlif ölkələrdə arxiv açılması tədbiri gedəndən sonra digər  addımlar da atılır. 

“Bu dövrdə casusluq fəaliyyəti həyata keçirən və yaxud da sadəcə dövlət təhlükəsizlik qorqanlarının xəbərçisi rolunda çıxış edən şəxslərin bir çoxuna müxtəlif dövlət vəzifələri tutmaq qadağan edilir. Onlarla bağlı qadağanedici addımlar var. Ona görə də mənim yekun mövqeyim budur ki, prosesə tədrici xarakter vermək lazımdır. Bunu o zaman etmək lazımdır ki, həqiqətən də mənəvi, siyasi  və dövləti faydası olsun, bunun millətə xeyri dəysin. Söhbət təkcə 1947-ci 1948-ci ildə  “kimlər hansı xəbərçiliyi edib, bunu mən bilmək istəyirəm”dən getmir. Məsələn, Ukraynada hər cür arxivlərin açılmasından sonra insanlar tərəfindən 10 minə qədər  kütləvi müraciət edilib. Müraciətlərdə əsasən bildirilib: “Baxın görün mənim orda atamın, babamın adı varmı? Onlar nə işlə məşğul olublar?”.

Yəni, məsələyə milli konteksdə yanaşsaq siz verdiyiniz sualların cavabını tapa biləcəyik”,- Z.Oruc söhbətə belə yekun vurub.


Qeyd edilən arxivlər hətta eks-prezident Əbülfəz Elçibəy hökumətinin dövründə ictimaiyyət üçün açıqlanmadı. Bəlkə də, heç “KQB” arxivləri də bütün suallara tam cavab verə bilməz...


Geri dön