Ana Sayfa > Karusel / Yazar > Quduz məxluqların törətdiyi dəhşətli cinayət

Quduz məxluqların törətdiyi dəhşətli cinayət


26-02-2021, 11:49. Yazar: Admin



(Xocalı qurbanlarının unudulmaz xatirəsinə həsr edirəm)
 
Bu gün Xocalı qətliamının, soyqırımının 29-cu ildönümüdür. Necə adlandırılmasından asılı olmayaraq, 1992-ci il fevral ayının 26-da həmin yaşayış məntəqəsində XX əsrin ən qorxunc, ən qəddar, ən amansız faciələrindən biri baş verib. İnsanın insana qarşı püskürdüyü nifrət görünməmiş həddə çatıb, insanın insana verdiyi fiziki, cismani işgəncənin ağlasığmaz formaları həyata keçirilib.
 
Niyə? Məni ən çox narahat edən sual budur? Niyə insan öz həmcinsinə qarşı bu qədər qəddarlıq edir? Bunun kökü nədir? Axı bu hansı ehtiyacdan doğur? Sadəcə torpağa görədirmi bu? Yoxsa sadəcə milli, etnik fərqlərə görəmi? Bəlkə var-dövlətə, dünya malına görədir?..
 
Sanmıram. Nəsə başqa bir səbəb var. Mənə elə gəlir ki, qəddarlıq sadəcə bir xəstəlikdir. Özü də psixi xəstəlik. Vəhşi heyvanlarda bu qəddarlıq yoxdur, çünki onlar öz ovlarını ancaq yemək üçün parçalayırlar. Bir də quduranda. Qudurmaq isə psixi pozğunluqdur... Deməli, insan da qudurduğu, psixikasında pozğunluq baş verdiyi üçün öz şikarına əzab, işgəncə verməkdən zövq alır. Odur ki, buna vəhşilik deyə bilmərik... Bu sadəcə qudurğanlıq, quduzluq xəstəliyidir...
 
Qəddar, quduz adamlar bütün millətlərdə, etnoslarda var. Sadəcə nisbət fərqi ola bilər. Hətta qəddar uşaqlar da mövcuddur. Uşaq ikən dəfələrlə görmüşəm. Birini danışım.
 
Bir dəfə qonşumuzun məndən iki yaş böyük oğluyla Araz çayından çimməkdən gəlirdik. 10-12 yaşındaydıq təxminən. İmişlidə yaşayanlar bilir ki, çayla yaşayış məntəqəsi arasında iki hündür bənd vardı bir vaxtlar...
 
İkinci bəndin üstündə 4-5 pişik balası gördük. Yenicə doğulmuşdular.
Mən ta uşaqlıqdan heyvanları, xüsusilə də onların balalarını çox sevirəm. Ancaq ətyeyən heyvanlardan bir az ürpənirəm, yəni əlimi toxundurmağa çəkinirəm nəsə. Məcbur qalanda toxuna bilirəm, amma elə də xoş deyil mənim üçün. Fəqət heç vaxt heç bir canlıya zərər toxundurmamışam. Məni dişləməyən milçəyi, ağcaqanadı belə öldürmərəm. Bu məndən asılı bir şey deyil, təbiət belə yaradıb. Düşünürəm ki, qəddarlıq da təbiət mənşəlidir və anadangəlmə xəstəlikdir...
 
Nə isə, "dostum" başladı pişik balaları ilə oynamağa. Bir az oynadı və mən darıxdım, dedim ki, bəsdir, gəl gedək. O, oyuna əvvəlcə zərif hərəkətlərlə başlamışdı, pişikləri sığallayır, götürüb qoluna, başına qoyurdu, üzünə, burnuna toxundururdu. Amma getdikcə hərəkətləri sərtləşdi, hətta aqressivləşdi. Onları arxası üstə çevirdi, bir-birinin üstünə qoydu, ayaqlarından tutaraq yuxarı qaldırdı və yerə buraxdı. Mən başladım ona yalvarmağa ki, noolar, incitmə onları, gəl gedək, mən acmışam, evə getmək istəyirəm. Ancaq "dostum" getdikcə qızışır, şitənirdi.
 
Ona gücüm çatsaydı, götürüb bir kənara atardım. Ancaq məndən yaşca böyük və qüvvətli idi. Dalaşsaydıq, ona uduzardım. Həm də mən ev uşağıydım, valideyn himayəsi, tərbiyəsi görən, bəslənən, müəyyən mənada əzizlənən övlad tiplərindən idim. O isə yabanı bitki kimi çöldə, küçədə böyüyənlərdən, ata-anasının itirib-axtarmadığı nüsxələrdən idi. Məni onunla birləşdirən yalnız çaya birgə çimməyə, balıq tutmağa getmək həvəsi idi. Çünki tək getmək həm maraqlı deyildi, həm qorxulu idi, həm də evdən buraxmırdılar. Heç yoldaşlarımla da buraxmırdılar, sadəcə qaçıb gedirdim, amma sonra da döyüləcəyimdən qorxurdum. Atam evdə olanda qəzəblə üstümə qışqırır, iri əliylə boynumun arxasına vururdu. Bu mənim üçün dəhşətli bir cəza idi...
 
Adını çəkmək istəmədiyim qonşu uşağını qoyub getmək istəyəndə o, bir göz qırpımında pişik balalarını başı üzərinə qaldırıb yerə çırpdı. Mən bu dəhşətli mənzərəni görməmək üçün üzümü əllərimlə örtüb, oradan aralandım. "Dostum" qaçaraq arxadan mənə çatsa da, onunla danışmadım...
 
Ertəsi gün milislər onun atasını həbs etmişdilər. Küçədə mən görüb dedi ki, dünən gərək mənə qulaq asaydı. Ona yenə heç nə demədim və onunla oynamayıb evə gəldim.
 
Sonralar hər dəfə qəddar bir hadisə haqqında eşidəndə, yəhudi talanları, həbs düşərgələri, qaz kameraları, Belorusiyadakı faşist qəddarlığı, Xatın hadisələri, Bosniya hadisələri, müxtəlif manyaklar haqqında filmələrə baxanda həmişə bu hadisəni xatırlamışam. Xocalı haqqında hər dəfə düşünəndə də, istər-istəməz o hadisə düşür yadıma...
 
1990-cı il 20 Yanvar qətlimandan bir həftə qabaq M.Ə.Sabirin heykəlinin qarşısında Xəlil Rzanın və Vəkil Hacıyevin idarə etdiyi piketin iştirakçıları arasındaydım. Piketdə yaxınlıqdakı erməni mənzillərinə hücum edib, onları öldürmək, evlərindən çıxarmaq təklif olundu. “Bakıda bir nəfər də erməni qalmamalıdır!” - şüarı səsləndirildi. Hamı Hüsü Hacıyev küçəsi ilə Daxili İşləri Nazirliyi tərəfə getdi. Mən dəstədən ayrılıb, Bakı Soveti metrosuna gəldim və marşruta minib evə getdim. Bu mənlik deyildi. Talanlar haqqında sonra eşitdim...
 
Anadan qüsurlu, yəni qəddar doğulmuş psixi xəstələrə özlərini ifadə etmək, quduz ehtiraslarını doyurmaq, tələbatlarını ödəmək üçün münbit şərait gərək olur. Heç kəsin olmadığı, cəzasız qalacaqlarına inandıqları tənha bir yerdə özlərindən daha zəif bir insana, yaxud canlıya rast gələndə quduzluq instinkti aktivləşir onlarda. Kütləvi talanlar, müharibələr, basqınlar zamanı da onlar zəiflərə güc göstərməkdən, işgəncə verməkdən, zəiflərin fəryadından, aman diləməsindən həzz alırlar. Bir insan niyə özündən zəifin naləsindən, fəryadından, qorxmasından zövq, hətta adrenalin alsın. Bu nə sindrom, nə xəstəlikdir belə? Əlbəttə, xəstəlik, anormallıq, hansısa komplekslərdən əziyyət çəkmə və quduzluq... Mənə görə quduzluğun başlıca səbəblərindən biri patoloji qorxaqlıqdır. Qorxaq adam daim öz qorxaqlığına qalib gəlmək üçün münbit şərait axtarır və tapan kimi bir anda olur şiri-nər, pələng, dünyanın ən cəsarətli, ürəkli, quduz adamı. Xüsusilə də cəzasız qalacağına inanırsa. Deməli, həm də ağılsızdır. Ağlı olan adam heç vaxt cəzasızlığa inanmaz.
 
Bəli, bütün millətlərdə, etnoslarda var qəddar, quduz adamlar, amma qorxaq millətlərdə daha çox olduğunu düşünürəm. Ermənilər isə həqiqətən dünyanın ən qorxaq millətidirlər. Bunu siyasi konyuktura naminə demirəm, təcrübədən bilirəm. Həyatda rast gəldiyim ermənilərin hamısını qorxaq görmüşəm. Qorxaq, yaltaq, güclə hesablaşan, saman altından su yeridən, ikiüzlü, riyakar... Bu adamlar həm də son dərəcə qəddardırlar. Qəddar, qaniçən, quduz xislətlərini növbəti dəfə Xocalıda, günahsız körpələr, köməksiz qadınlar, əldən düşmüş qocalar üzərində sınaqlan keçirdilər.
 
Çox təəssüf ki, bizdə də az da olsa onlara bənzəyən qəddar, qaniçən, amansız məxluqlara təsadüf olunur.
 
Bu tip məxluqların varlığı məni bu dünyada ən çox əsəbləşdirən faktordur. Bu təbiət, Tanrı bunları niyə yaradıb? Qəddar, alçaq, namərd, nanəcib, xain, paxıl, quduz adamların bu dünyadakı missiyası nədir, görəsən?
 
Bu suala hələ ki cavab tapa bilməmişəm. Ancaq bildiyim bir şey var: insanlıq, yaxşılar o üzdəniraq məxluqlara meydan verməməli, münbit, əlverişli şərait yaratmamalıdır. Elə etməliyik ki, onların qol-qanad açması, murdar, cinayətkar, qəddar, quduz əməllərini gerçəkləşdirmələri üçün ən xırda, mikro mühit belə yaranmasın...
 
Nadir QOCABƏYLİ

 


Geri dön