Ana Sayfa > Karusel / Cəmiyyət > Qardaşım iki dəfə silahı çəkib məni vurmaq istədi, atam qoymadı...

Qardaşım iki dəfə silahı çəkib məni vurmaq istədi, atam qoymadı...


26-02-2021, 09:23. Yazar: Admin

 


Sabah Xocalı soyqırımının 29-cu ildönümü qeyd olunacaq. Erməni cəlladlarının Xocalıda törətdiyi bu vəhşilik heç bir insanlığa sığımır.

Azerforum.com-un məlumatına görə, Moderator.az bir müddətdir ki, faciə şahidləri ilə silsilə yazıları təqdim edir. Bu dəfəki müsahibimiz 20 yaşında Xocalıda atasın və üç qardaşını şəhid verən Xumar Səlimovadır. İndi ağır şəkər xəstəsi olan müsahibimiz o illəri xatırladıqca, səhhətinin daha da pisləşdiyini deyir.

Baş verənləri X.Səlimova Moderator.az-a belə nəql edib:

“Həmin gecə mən də yaralandım. Gənc qız idim, ermənilər məni də aparmaq istəyirdilər. Deyirdilər ki, sizin qadınlar gözəldi. Düşmən hərbçiləri məni sürüyə-sürə aparmaq istəyirdi, amma sonradan huşumu itirdim. Onlar da elə bilib ki, ölmüşəm. Ona görə məni meyitlərin arasında atıb gediblər. Ondan sonra məni bizim döyüşçülər meyitlərin arasından taparaq xilas edib”.

“Xocalı artıq ağır artilleriyadan atəşə tutulurdu...”

“1992-ci il fevralın 25-də biz də evdəydik. Ailə üzvlərimdən valideynlərim, gəlinimiz və qardaşımın üç övladı evdə idi. Xocalı artıq ağır artilleriyadan atəşə tutulurdu. Ona görə də şəhərdən çıxmaq məcburiyyətində qaldıq. Camaatla birlikdə Qarqar çayını keçib meşə yoluyla Kətik dağına tərəf irəliləməyə başladıq. Təsəvvür edin ki, o şaxtalı, qarlı havada biz çayı necə keçdik, hamımız suyun içində idik. İrəlidə gedən silahlı döyüşçülərimiz isə bizi mühafizə edirdilər. Soyuqdan ayaqlarımız da donmuşdu, gecəni səhərə qədər sıldırım qayalarla yol getməli olduq. Hava işıqlananda isə məsləhət belə oldu ki, bir yerdə yox, dəstələrə bölünüb yola davam edək”.

“Zərifi başından vurdular, yazıq qadının 6 uşağı var idi...”

“Meşə yoluyla getdiyimiz yerdə ermənilər bizi atəşə tutdu. Təsəvvür edin ki, silahsız mülki şəxslərə düşmən tankdan, snayperdən, avtomatdan və qumbaraatandan atəş açırdı. Bir neçə nəfər ilk atəş nəticəsində şəhid oldu. Onlardan biri də gəlinimizin bacısı Zərif idi. Zərifi başından vurdular, yazıq qadının 6 uşağı var idi. Uşaqları analarının başına toplaşıb ağlaşırdılar. Bu dəhşətli mənzərə heç vaxt yadımdan çıxmaz. Zərifin meyitini aparmaq mümkün olmadığı üçün onun üstünü qarla örtüb ərazidən uzaqlaşdıq”.

“Qardaşım iki dəfə silahı çəkib məni vurmaq istəsə də...” 

“Artıq yol getməyə hərəkətimiz yox idi, bu yandan da ermənilər bizə yaxınlaşırdı. Qardaşım Mikayıl istədi ki, məni güllələsin, çünki gənc qız idim, düşmənə əsir düşməkdənsə ölməyim məsləhət idi. Artıq bunu mən də yaxşı başa düşürdüm. Qardaşım iki dəfə silahı çəkib məni vurmaq istəsə də, atam qoymadı. Daha sonra Mikayıl silahını mənə verib dedi ki, qaç get və yolda görsən ki, erməniyə əsir düşürsən özünü vur. Bir az getmişdim ki, geri qayıdıb qardaşıma tərəf qaçdım və biz qucaqlaşıb bir-birimizlə sağollaşdıq. Elə bu bizim sonuncu görüşümüz oldu. Ondan sonra onlardan ayrı düşdüm”. (Ağlayır)

“Taleh dedi ki, Ramilə, qaç, bu alçaqlara əsir düşmə...”

“Qaçaraq ordan uzaqlaşdım və Ağdama doğru gedən başqa camaata qoşuldum. Təxminən 30 nəfər idik. Elə bu vaxt düşmən bizi mühasirəyə aldı. Atəş nəticəsində yaralananlar və ölənlər oldu. Mən də orda ağır yaralandım. Bu zaman Müşfiq adlı oğlanın əlində qumbara partladı. Müşfiq dünyasını dəyişdi. Əbülfət Əliyevi, Taleh Quliyevi də düşmən güllələdi. Onlar düşmənlə döyüşürdülər ki, qadınlarımıza toxunmasınlar. Taleh vurulan anda həyat yoldaşı Ramilə onun yanına qaçdı. Taleh dedi ki, “Ramilə, qaç, bu alçaqlara əsir düşmə”. Ramilə Talehin sözündən çıxmayaraq kürəyinə bağladığı oğlunu, bətnindəki körpəsini və özünü qorumaq üçün qaçaraq ərazidən uzaqlaşdı. Ermənilər onu atəşə tutsa da o, yoluna davam etdi. Amma yaralı idi, ayağından qan damırdı”.

“Gəlib məni də sürüməyə başladılar...”

“Yerdə yaralı vəziyyətdə qalmışdım. Hər tərəf meyit idi. Ermənilər bizə yaxınlaşıb yaralıları əsir götürərək maşına yığırdılar. Əsasən qız-gəlinləri seçib aparırdılar. Gəlib məni də sürüməyə başladılar. Mən isə müqavimət göstərirdim ki, aparmasınlar. Dadaş adlı qonşumuza dedilər ki, məni maşına mindirsin. O, isə dedi ki, “qonşumun qızına xəyanət edə bilmərəm. Ermənilər getmək istəmədiyimi görüb məni ölümünə döydülər. Onda huşum gedib və yıxılaraq orda qalmışam. Düşmən isə elə bilib ki, mən artıq ölmüşəm”.

“Qarı götürüb onun dodaqlarına sürtdüm...”

“Bir də gözümü açanda gördüm ki, hər tərəf meyitdi. Yanımda ağır yaralılar da var idi. Su verin, kömək edin-deyə inildəyirdilər. Bu zaman sürünə-sürünə su istəyən gəncə tərəf getdim. Qarı götürüb onun dodaqlarına sürtdüm. Bir də gördük ki, düşmən yaxınlığımızdadır. Səssiz-səmirsiz uzanıb onların getmələrini gözlədik. Erməni quldurları öldüyümüzü zənn edərək yanımızdan keçib getdilər. Onlar gedəndən sonra həmin gənci oyatmağa çalışdım. O, gözlərini açıb of!, ay Allah deyərək gözlərini əbədi yumdu. O səhnə heç vaxt yadımdan çıxmır. Xocalı faciəsindən danışanda o gənc gözlərimin önünə gəlir. Artıq yaralı olan kim var idisə hamısı ölmüşdü. Sağ qalan tək mən idim və qorxduğum üçün ağlamağa başladım. Qəfildən bizim hərbçilərin səsini eşitdim. Özümdə güc taparaq ayağa qalxdım və onları köməyə çağırdım. Bunu görən düşmən məni atəşə tutmağa başladı. Bizim döyüşçülər isə onlara cavab atəşi verdi və atışma başladı. Bizim Ağdam döyüşçüləri gəlib məni xilas etdilər. Mən həyatımı o qardaşlarıma borcluyam. O qardaşlardan birinin adı indiyə kimi yadımdadı, adı Elgiz idi”.

“Ağlayaraq anama dedim ki, hanı mənim qardaşlarım, niyə yanıma gəlmirlər...”

“Məni yaralı vəziyyətdə əvvəlcə Ağdama gətirdilər və ordan da helikopterlə Bakıya göndərdilər. Üç aydan sonra Rəssamlar İttifaqının vasitəsilə qardaş ölkə Türkiyədə müalicə olundum. Əməliyyat zamanı qolumdan paslı bolt, qayka çıxardılar. Hər birinin çəkisi 35 qram idi.  Həyatımı xilas edən o həkimlərimizə təşəkkür edirəm. Xəstəxanada müalicə olunanda qardaşlarımı gözləyirdim. Hər dəfə qapı açılanda elə bilirdim ki, onlar gələcək. Ağlayaraq anama dedim ki, hanı mənim qardaşlarım, niyə yanıma gəlmirlər? Anam susmuşdu, amma ağlayırdı. Nə baş verdiyini bilmirdim. Üç aydan sonra xəbər tutdum ki, qardaşlarımın üçü də şəhid olub. Beləliklə, Xocalı faciəsində atam Bahadur, qardaşlarım Fəxrəddin, Araz və Mikayıl şəhid oldu. Qardaşım Araz Səlimov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. O, Xocalı Özünümüdafiə batalyonunun könüllü döyüşçüsü idi. Qardaşım Mikayıl isə Xocalı polisində işləyirdi. Bu dərdə anam da, bacılarım da dözmədi və dünyalarını dəyişdilər. O vaxtdan isə mən tək qaldım”. (Azerform.com)


Geri dön