Ana Sayfa > Karusel / Gündəm > Üçüncü Qarabağ müharibəsi başlayır?
Üçüncü Qarabağ müharibəsi başlayır?25-02-2021, 10:43. Yazar: Admin |
2020-ci ilin sentyabrından sonra Azərbaycan üçün yeni era başlayıb. Biz artıq məğlub deyil, müzəffər ölkəyik, qalib xalqıq. Bu şərəfli adı biz şəhidlərimizin müqəddəs qanı ilə əldə etdik. İndi gücümüzə daha çox inanır və gələcəyə daha nikbin baxırıq. Bununla belə, erməni təxribatlarına, müharibə variantına da hazır olmalıyıq. Ermənilərin Xankəndindəki təxribatlarının fonunda tez-tez “Azərbaycana Ermənistanla növbəti müharibə lazımdırmı” sualı səslənir. 3-cü Qarabağ savaşı bizə sərf edərmi? Yoxsa indən belə müharibədən sonra qalan problemləri siyasətlə, diplomatiya ilə həll etməliyik? “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, ermənilər konstruktiv mövqeyə gəlib çıxsalar, Dağlıq Qarabağdakı separatçılar tərk-silah olunsalar, orada yaşayan ermənilər bizim qanunları qəbul etsələr, pasportlarımızı daşısalar müharibə ehtimalı olmayacaq: “Amma antiterror əməliyyatı ola bilər. 10 noyabrdan sonra bir neçə belə əməliyyat keçirdik. Biz imkan vermərik ki, meşələrdə, dağlıq ərazilərdə silahlı separatçılar, terrorçular yerləşsinlər. Böyük müharibənin olacağını zənn etmirəm. Çünki ermənilər elə ”böyük yumruq" aldılar ki, ən azı 30-40 il bizimlə müharibə etməyə halları yoxdur. Ermənistan artıq qərar verib ki, Dağlıq Qarabağa əsgər göndərməsin. Bu da ondan xəbər verir ki, ermənilər durumları ilə barışıblar. Müharibə ehtimalının bu baxımdan böyük olduğunu hesab etmirəm. Amma yenə də bizi narahat edən məqamlar qalır. Elə ərazilər var ki, bizim nəzarətimizdə deyil. Həmin ərazilərdə də nəzarətimiz təmin olunmalıdır. Laçında bizim sərhədçilər dayanmalıdır. Bütün bu işləri görməliyik. Bununla belə, bütün bu işləri görərkən müharibə ehtimalının böyük olduğunu zənn etmirəm. Müharibə Rusiyanın da maraqlarına cavab vermir. Bu gün Rusiya hərbçiləri Dağlıq Qarabağın ərazisindədir. Bu o demək deyil ki, biz öz şərtlərimizi diqtə etməməliyik. Şərtlərimizi hər zaman diqtə etməliyik və Ermənistan da qeyd-şərtsiz bizim şərtləri yerinə yetirməlidir".
Onun sözlərinə görə, Azərbaycan bütün dünyaya sübut etdi ki, Qarabağ probleminin müharibə yolu ilə həlli mümkündür: “Bundan sonrakı mərhələdə isə diplomatiya, anlaşma, razılaşma yolu ilə qalan məsələlərin həllinə böyük səylər göstərilməldir. Alınmayacaqsa, Ermənistan konstruktiv mövqe tutmayacaqsa, yenə də müharibə yolu seçilə bilər. Məsələn, işğaldan azad edilmiş ərazilərdə hansısa terrorçu qrup meşədən çıxıb bizim hərbçilərə hucum etsə, zərbə vursa, xəsarət yetirsə, biz antiterror əməliyyat keçirməli olacağıq. Bu, müharibə hesab oluna bilməz. Müharibə üçün qarşı tərəf güclü olmalıdır. İndiki halda qarşı tərəf taqətsiz hala gəlib”.
Politoloq deyir ki, bu gün Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər də ümumilikdə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri kimi Azərbaycan pasportunu daşımalıdır. Bunun alternativi yoxdur: “İstənilən normal dövlətdə yaşayan şəxs həmin ölkənin pasportunu daşımalıdır, həmin ölkənin qanunlarına riayət etməlidir. Bu gün Dağlıq Qarabağın bəzi hissələrində ermənilər Azərbaycan pasportu daşımırlar, bu faktdır. Amma bu əbədiyyətə qədər davam edə bilməz. Tədricən Azərbaycan pasportunu qəbul etməli, Azərbaycan qanunları o ərazilərdə işləməlidir. Xankəndinə, Xocalıya, Şuşanın kəndlərinə və digər ərazilərimizə o yerlərin əzəli sakinləri olan azərbaycanlılar qayıtmalıdır. Qarşımızda böyük vəzifələr dayanır. Həmin vəzifələri həyata keçirməyin diplomatik yolları var”.
Politoloq deyir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Şuşada yallı gedib Qarabağ Ermənistandır deyirdi: “İndi isə o ritorikanı dəyişib. O, yerli televiziya kanallarından birinə geniş müsahibəyə ehtiyac duyub. Paşinyanın bu taktikası özünü doğruldub. Çünki Paşinyan müsahibəsində elə detallara toxunub ki, keçmişdə hakimiyyətlərdə olan hazırkı müxalifət nümayəndələri üçün həmin detalları inkar etmək çətin olacaq. Üstəgəl, Paşinyan müsahibəsində ona inananlara gərginlik və müharibə deyil, əməkdaşlıq və inkişaf vəd etməyə çalışıb.
Birincisi, Paşinyan keçmiş prezident və hakimiyyətdən devirdiyi Serj Sərkisyanı susdurub. Sərkisyan bir neçə gün əvvəl böyük səs-küy yaradan müsahibəsində demişdi ki, Paşinyan 44 günlük müharibənin ilk günlərdə vaxtilə Rusiyadan alınan “İsgəndər” raketlərindən istifadə etməyib və guya məğlubiyyətdə bu amilin rolu olub. Paşinyan isə müsahibəsində deyib ki, müharibənin ilk günlərindəcə həmin “İsgəndər” raketlərindən Azərbaycana qarşı istifadə ediblər, ancaq həmin raketlər partlamayıb. Paşinyan cümləsinin sonunda Rusiyaya atmaca atmaqdan da çəkinməyib: “Bəlkə bu raketlər 80-ci illərdə hazırlanıb?”
Paşinyan bu cavabla həm Sərkisyanı susdurub, həm də Rusiyaya mesaj yollayıb ki, Ermənistana köhnə raketlər sırımısız...
İkincisi, Paşinyan müsahibəsində deyib ki, əsas vəzifələrindən biri əsirlərin geri qaytarılmasıdır. O, Azərbaycanı əsirlər məsələsində ittiham edərək deyib ki, guya rəsmi Bakı 10 noyabr anlaşmasının əsirlərlə bağlı bəndinin reallaşdırılmasını gecikdirir. Paşinyanın “əsir” dediyi şəxslər 10 noyabr bəyanatından sonda əli silahlı ələ keçiriliblər. Halbuki 10 noyabr bəyanatına görə Ermənistan əli silahlı bütün vətəndaşlarını dərhal Dağlıq Qarabağdan çıxarmalı idi. Buna baxmayaraq, Paşinyan əsirlər mövzusunda danışarkən, ləng olsa da, prosesin irəlilədiyini və nəticə əldə olunduğunu etiraf edib. Misal üçün, o, 69 əsirin Ermənistana təhvil verildiyini xatırladıb. Paşinyan Rusiya vasitəsilə Azərbaycanla təmasların davam etdiyini vurğulayıb.
Üçüncüsü, Paşinyan 10 regional layihələrdən danışarkən maraqlı fikirlər söyləyib: “Regional layihədə bütün dövlətlər, o cümlədən Rusiya, Gürcüstan, İran, Türkiyə və Azərbaycan maraqlıdırlar. Bu, Ermənistanın da maraqlarına uyğundur. Kommunikasiya xətlərinin açılması bölgəyə barış və inkişaf gətirəcək. Bunun Ermənistan iqtisadiyyatına da müsbət təsiri olacaq”. Paşinyan bu açıqlamasıyla da rəqiblərinə mesaj göndərir ki, regional layihələrdə iştirak Ermənistanın xeyrinədir. Halbuki onun rəqibləri, o cümlədən bəzi erməni iqtisadçılar vurğulayırlar ki, guya kommunikasiya xətlərinin açılması Ermənistana fayda gətirməyəcək.
Dördüncüsü, Paşinyan müsahibəsində Sünikdəki duruma da aydınlıq gətirib: “Həll edə bilməyəcəyimiz problem yoxdur. Sünikdə qonşumuzla sərhəd müəyyənləşir. Əlbəttə, bu həmin bölgədə yaşayan vətəndaşlarımızda müəyyən suallar yaradır. Ancaq bir müddət sonra gərginliyin azalacağına inanıram. Biz Sünik bölgəsində sosial və infrastuktur çalışmalarını sürətləndirəcəyik”. Bu açıqlama da ona hesablanıb ki, ermənilər Azərbaycanla qonşuluqda yaşamağa öyrəşməlidirlər.
Beləliklə, Nikol Paşinyan son müsahibəsi ilə müharibədən əvvəlki ritorikasından geri çəkilmiş kimi görünür. Bir vaxtlar Şuşada yallı gedən, “Qarabağ Ermənistandır” deyən şəxs hazırda Azərbaycanla və Türkiyə ilə əməkdaşlıq imkanlarından, kommunikasiya xətlərinin açılmasından danışır. Paşinyan növbəti açıqlamalarının birində Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olmadığını da vurğulayarsa, regional əməkdaşlığa real töhfəsini vermiş olacaq".
Politoloq deyir ki, müharibədən sonra Ermənistan hakimiyyətinin ritorikası getdikcə konstruktivləşməyə meyllənir. Hazırda önəmli olan bütün erməni cəmiyyətində ritorikanın dəyişməsidir: “Bu gün erməni cəmiyyəti məğlubiyyətin həzmetmə dövrünü yaşayır. Bu dövr hələlik bitməyib. Bu dövr də sona çatacaq və barışmaqdan başqa çarələri qalmayacaq. Bundan sonra 3-cü müharibəyə də ehtiyac olmayacaq”.
Geri dön |