Ana Sayfa > Karusel / Sosial > Jurnalistlər 2017-də nə qədər maaş alıb?

Jurnalistlər 2017-də nə qədər maaş alıb?


17-01-2018, 15:32. Yazar: Admin

 

Jurnalistlər 2017-də nə qədər maaş alıb?

 

Jurnalistlərin Həmkarlar İttifaqı 2017-ci ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.  

"Qarabaginfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən  ümumrespublika yayımlı 15 qəzet və 4 televiziya redaksiysının, 5 informasiya agentliyinin, 20 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 10 regional qəzet və TV-lərin  əməkdaşları  cəlb ediliblər (ümumilikdə 57 redaksiya əhatə olunub).

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2017-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
 
Telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında işçilərlə fərdi əmək müqavilələrinin  bağlanılması məsələsində dinamika qorunub saxlanılıb. Sorğuya cəlb edilənlərin 93  faizi (2016-ci ildə 92 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər.

Qüsurlar sırasında diqqət çəkən ilk məqam  fərdi  əmək müqavilələrinin müddətli bağlanılmasıdır. Fərdi əmək müqavilələrinin  redaksiyalarda bütün əməkdaşlara şamil edilməməsi də   problemlərdən biridir.  Bəzi redaksiyalarda  əməkdaşların müəyyən qismi ilə fərdi əmək müqavilələri bağlanılsa da, eyni redaksiyada təqribən 45 faizə qədər  əməkdaş əmək münasibətləri  rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar. 

Jurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna görə dəyişsə də, minimal və maksimal məbləğləri müəyyənləşdirmək mümkün olub. Bu kateqoriya üzrə rəyi soruşulanların bir  qismi 350-450 manat (sorğu iştirakçılarının 6 faizi),  550-600  manat (sorğu iştirakçılarının 56 faizi), 700-900 manat (sorğu iştirakçılarının 30 faizi),  1000-1100 manat (sorğu iştirakçılarının 8 faiz)   civarında aylıq gəlir əldə etdiklərini bildiriblər.   

Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 160-400 manat aralığında dəyişir. Regional televiziyalarda çalışan jurnalistlərin  aylıq gəlirləri   250- 400 manat aralığında dəyişir. 

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2017 –ci ildə  əmək qabiliyyətli əhali üçün  müəyyən edilmiş yaşayış minimumu 164,5 manat olub.     

Sorğu iştirakçıları 2017-cı ildə jurnalistlərin  durumlarına müsbət təsir edən amillər, həmçinin, diqqət çəkən ilk proses kimi prezident İlham Əliyevin sərəncamına uyğun olaraq KİV işçiləri üçün inşa edilmiş 255 mənzillik binanın tikintisi  tamamlanmış  və mənzillər ödənişsiz  olaraq jurnalistlərə paylanılması göstərilib.

Sorğu iştirakçıları 2017-ci ildə onları qayğılandıran problemlərlə bağlı fikirlərini də açıqlayıblar: 

Jurnalistik fəaliyytlə bağlı olmasa da, xəbər istehsalı sahəsində fəaliyyət göstərən bir neçə şəxsin, o cümlədən,  Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucovun, blogger Mehman Hüseynovun, Əfqan Muxtarlının həbs edilmələri birmənalı qarşılanmayıb. 


Geri dön