Ana Sayfa > Karusel / Qarabağ > Marneulidə Xocalı faciəsinin 29-cu ildönümü yad edilib

Marneulidə Xocalı faciəsinin 29-cu ildönümü yad edilib


23-02-2021, 16:34. Yazar: Admin

 

Marneulidə Xocalı faciəsinin 29-cu ildönümü yad edilib

Gürcüstanın Marneuli rayonunda Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan "Xocalı soyqırımından Şuşanın azadlığınadək" adlı mərasim keçirilib.

Qarabaginfo.az "Report"a istinadən verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) təşkil olunan tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Xocalı qətliamının tarixindən danışıb və faciəni insanlığa qarşı misli görünməmiş cinayət adlandırıb. O, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı hadisələri ilə bağlı sözlərini xatırladaraq qeyd edib ki, bu etiraf beynəlxalq ədalət məhkəməsi üçün dəlil kimi qiymətləndirilir.

Diplomat Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xarici ölkələrdə aparılan kampaniyalardan danışıb. O, 14 ölkənin parlamentində faciə ilə bağlı müvafiq sənəd və qərarların qəbul olunduğunu bildirib: "Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq ədalətin zəfərinə nail oldu. Müharibə dövründə Gürcüstandakı soydaşlarımızdan misilsiz dəstək gördük. Bu dəstəklə soydaşlarımız Azərbaycana böyük sevgi və bağlılıqlarını bir daha sübut etdilər. Buna görə azərbaycanlı icmasına səfirlik adından təşəkkürümüzü bildiririk".

E.Bayramovun sözlərinə görə, Xocalıya ədalət çağırışının əsas məqsədlərindən biri də bu cür soyqırımı aktlarına bir daha yol verilməməsidir.

O, Gürcüstanın azərbaycanlı icmasına "Xocalıya ədalət" kampaniyasına qoşulduqlarına görə minnətdarlıq edib.

Daha sonra çıxış edən GAİM-in icraçı direktoru Rafiq Hümbətov deyib ki, Xocalı faciəsinin ağrı-acısı heç zaman unudulmayacaq: "Gün gələcək faciə qurbanlarının xatirəsi Xocalıda anılacaq. Bu cür dəhşətli cinayətlərin təkrarlanmaması üçün bölgədə dayanıqlı sülhə nail olunmalıdır".

Gürcüstan parlamentinin keçmiş deputatı, ictimai xadim Mahir Dərziyev də çıxış edərək bölgədə davamlı sülhün önəmindən söz açıb. Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan tərəfdaşlığı bütün dünyaya örnəkdir: "Gürcüstan son müharibə dövründə Azərbaycanın haqq işini müdafiə etdi və dost ölkənin ərazi bütövlüyünə qətiyyətli dəstəyini təsdiqlədi. Gürcüstan azərbaycanlıları da var gücü ilə Azərbaycanın yanında oldular".

Tədbir azərbaycanlı ziyalıların çıxışları ilə davam etdirilib.


Geri dön