Ana Sayfa > Karusel / Gündəm > Avtomobillərin ön şüşəsində görüntünün məhdudlaşdırılması ilə bağlı qərar qəbul edildi
Avtomobillərin ön şüşəsində görüntünün məhdudlaşdırılması ilə bağlı qərar qəbul edildi23-02-2021, 12:34. Yazar: Admin |
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qarabaginfo.az-ın xəbərinə görə, dəyişikliklə avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi qadağan edilir. Hazırkı qanunvericiliyə görə, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları sırasına daxil edilib. Dəyişikliklə isə, bu sıraya jalüz çəkilməsi də daxil edilir. Qüvvədə olan qanuna əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilərdi. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilirdi. Layihəyə əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilməsinə dair müddəa ləğv edilir. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə isə yenə də icazə veriləcək. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Geri dön |