"Qarabaginfo" "Autoqraph"a istinadən xəbər verir ki, internet şəbəkəsində BMW 8-Series kupesinin seriya variantının cəsus fotoşəkilləri yayılıb. Dəqiq görünüşə malik olmayan təsvirlərdə qarşımızda duran kupenin BMW 850i xDrive modifikasiyası olduğu aşikardır.
Alman istehsalçısı 6-Series kupesinin əvəzləyicisi olacaq yeni BMW 8-Series kupesinin carçısını keçən ilin may ayında keçirilən Concorso d’Eleganza Villas d’Este zəriflik müsabiqəsində təqdim etmişdir. Konsept 21-düymlük təkər disklərinə, karbondan hazırlanmış kuzov panellərinə və lazer fənərlərə sahib idi. Elə həmin zaman, BMW nümayəndələri konseptin seriya variantının 2018-ci ildə debüt edəcəyini bildirmişdirlər. Onlar yeni kupenin bu seqmentdəki dəbdəbə göstəricilərini yüksək səviyyəyə qaldıracağını da söyləmişdirlər.
Şəkillərdən də göründüyü kimi, yeni kupenin seriya variantı, demək olar ki, konsept avtomobilindən çox da fərqlənmir. Arxa işıq texnikası formasını qoruyub saxlasa da, onun tərtibatı bir qədər dəyişdirilmişdir. Şəkildəki avtomobilin 650i xDrive indeksinə malik olması, onun 445 at qüvvəsi və 648 Nm fırlanma anı hasil edən 4,4-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərriklə təchiz edildiyindən xəbər verir. Artıq məlumdur ki, yeni kupe 600 at qüvvəsinə malik olacaq M8 "bərkgedən" modifikasiyada və kabriolet kuzovu ilə də buraxılacaqdır.