Noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən “Sülh körpüsü” təşəbbüsünün beşinci ikitərəfli dəyirmi masası başa çatıb.
Qarabaginfo.az xəbərinə görə, “Sülh körpüsü” təşəbbüsü adından yayılan açıqlamada bildirilib ki, iki günlük görüşdə hər iki ölkədən ictimai təşkilatların, media və analitik-ekspert dairələrinin ümumilikdə 60-a yaxın nümayəndəsi iştirak edib.
Görüş zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə təsdiqlənmiş sülh gündəliyi, Ermənistan-Azərbaycan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması imkanları, eləcə də iki cəmiyyət arasında qarşılıqlı etimadın artırılmasına yönəlmiş mümkün addımlar müzakirə olunub.
İştirakçılar Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlıq, ticarət və kommunikasiya marşrutlarının yaradılması imkanları, humanitar məsələlər, gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparıblar.
Dəyirmi masa çərçivəsində iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və xarici işlər nazirinin müavini Vaan Kostanyanla da görüşüblər. Görüşdə onlara suallar ünvanlanıb, fikir və mövqelər müzakirə edilib.
Tədbir çərçivəsində komissiyalar formatında da iş aparılıb. İqtisadiyyat və infrastruktur, humanitar və ictimai məsələlər, ekologiya, media, təhsil, ictimai narrativlər və gənclərlə iş, eləcə də siyasi və geosiyasi məsələlər üzrə müzakirələr keçirilib.
Açıqlamada qeyd olunub ki, görüş iki cəmiyyət arasında birbaşa dialoqun, qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti addım olub.
“Sülh körpüsü” təşəbbüsünün fəaliyyətini və əməkdaşlığın genişləndirilməsinə yönəlmiş işlərini davam etdirəcəyi bildirilib.