İsrailin müdafiə naziri İsrael Kats HAMAS silahı yerə qoymaqdan imtina edəcəyi təqdirdə Qəzza sektorunda genişmiqyaslı hərbi əməliyyatların bərpa olunacağını və Qəzza şəhərindən bir milyon fələstinlinin köçürüləcəyini bildirib.
Qarabaginfo.az xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Katsın iddiasına görə, Qəzza sektorunun 70 faizi dağıdılıb və İsrail ordusunun nəzarətindədir. O, HAMAS-ın qalan ərazilərə nəzarətini isə illüziya adlandırıb.
İsrailin müdafiə naziri HAMAS-ın könüllü şəkildə tərksilah edilməsini və Qəzza sektorunun ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq demilitarizasiya olunmasını tələb edib.
Kats əks halda İsrail ordusunun “Gideonun döyüş arabaları – 2” əməliyyatı çərçivəsində HAMAS-ı tərksilah edəcəyini və Qəzza şəhərinin bir milyon sakininin sektorun cənubuna köçürüləcəyini bildirib.