Hazırda Xırdalan–Biləcəri dəmir yolu sahəsində körpünün təmiri işləri davam etdirilir. Təmir işləri tam başa çatdıqdan və müəyyən hazırlıq işlərindən sonra ilin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.
Qarabaginfo.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
"Məlumat üçün bildirək ki, dəmir yollarında sərnişin və yüklərin təhlükəsiz daşınması üçün dəmir yolu xətlərinin vəziyyəti xüsusi diaqnostika qatarı vasitəsilə mütəmadi olaraq yoxlanılır. Yoxlama zamanı aşkar edilən qüsur və çatışmazlıqlar qiymətləndirilir və aradan qaldırılması üçün operativ və planlı tədbirlər görülür. Xırdalan–Biləcəri sahəsində körpünün təmirinə də məhz bu qaydada qərar verilib", - məlumatda qeyd olunur.
Məlumata görə, əvvəlki yoxlamalar zamanı körpüdə təcili təmir tələb edən hər hansı qüsur müəyyən edilməmişdi. Növbəti diaqnostika zamanı isə körpüdə hərəkətin təhlükəsizliyini riskə ata və qatarların interval üzrə hərəkətinə mane ola biləcək qüsurlar aşkarlanıb və dərhal aradan qaldırılması üçün operativ müdaxilə qərarı qəbul edilib.