Ana Sayfa > Karusel / Region > Qəribabadi: İki günlük plan İranın hazırda masada olan yeganə təklifidir

Qəribabadi: İki günlük plan İranın hazırda masada olan yeganə təklifidir


Dünən, 19:30. Yazar: Admin

Qəribabadi: İki günlük plan İranın hazırda masada olan yeganə təklifidir

İran iqtisadi blokadanı yarmaq üçün zəruri olan istənilən addımı atacaq.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu gün jurnalistlərə açıqlamasında Hörmüz boğazındakı vəziyyətə münasibət bildirərkən deyib.

O deyib ki, ABŞ İslam Respublikasının müəyyən etdiyi öhdəlikləri yerinə yetirdiyi zaman, bunun iki saat, yaxud yeddi gün ərzində baş verməsindən asılı olmayaraq, İran Hörmüz boğazını aça bilər.

Qəribabadinin sözlərinə görə, İranın əsas şərti bütün cəbhələrdə müharibənin dayandırılmasıdır. İqtisadi blokadanın aradan qaldırılması və İranın dondurulmuş vəsaitlərinin azad edilməsi kimi məsələlər də həllini tapmalıdır.

O bildirib ki, ABŞ-ın öhdəliklərini yerinə yetirməsinin yoxlanılması çətin və vaxt aparan proses deyil. İranın şərtlərinin təmin olunduğunu elə həmin gün və ya iki gün ərzində müəyyən etmək mümkündür.

Nazir müavini vurğulayıb ki, iki günlük plan İran İslam Respublikasının hazırda irəli sürdüyü və müzakirə masasında olan yeganə təklifdir. ABŞ bu planda müəyyən edilmiş öhdəlikləri yerinə yetirə biləcəyi təqdirdə, irəliyə doğru hərəkət etmək mümkün olacaq.

Diplomatiyaya fürsət verilməsi istiqamətində səylərin davam etdiyini bildirən Qəribabadi ötən gecə Qətər nümayəndə heyətinin məsləhətləşmələr aparmaq üçün Tehrana gəldiyini və iki saat davam edən danışıqların keçirildiyini deyib.

İranın blokadaya qarşı atacağı addımlardan danışan nazir müavini ölkəsinin iqtisadi blokadanı müharibə aktı hesab etdiyini bildirib.

“İran iqtisadi blokadanı yarmaq üçün zəruri olan istənilən addımı atacaq. Bu mövqeyimizi qarşı tərəfə və vasitəçilərə çatdırmışıq. Təbii ki, ABŞ da bu mövqedən və atacağımız addımlardan xəbərdardır”, – Qəribabadi qeyd edib.

O, nüvə danışıqlarına da toxunaraq bildirib ki, danışıqlar hələ başlamayıb və buna görə də texniki məsələlərin və müxtəlif mövzuların təfərrüatına varmaq mümkün deyil. Onun sözlərinə görə, danışıqlar baş tutarsa, texniki məsələlər də müzakirə olunacaq.

Qəribabadi əlavə edib ki, İranın xarici işlər nazirinin prinsipial mövqeyinə əsasən, zənginləşdirilmiş nüvə materialları heç bir halda ölkədən çıxarılmayacaq. O bildirib ki, bu materialların xaricə göndərilməsi İranın öz ehtiyaclarını ödəməsində problemlər yarada bilər.


Geri dön