"Azərbaycan 2024–2026-cı illər ərzində əhəmiyyətli irəliləyiş əldə etmiş ölkələr sırasındadır. 2024-cü ildə ölkə 74-cü yerdə idisə, indi 38-ci yerdədir. Bu, həqiqətən də təsiredici sıçrayışdır".
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsinin Rəqəmsal Hökumət şöbəsinin rəhbəri Vinçenzo Akvaro noyabrın 19-da Nyu-Yorkda 2026-cı il Elektron Hökumət Sorğusunun təqdimatında səsləndirib.
Onun sözlərinə görə, buna bir sıra əsas amillər töhfə verib: "İlk növbədə, biz ölkə rəhbərliyinin güclü iradəsini, eləcə də inkişafı dəstəkləyən effektiv normativ-hüquqi bazanı qeyd edirik. Söhbət təkcə kadr potensialından, siyasət və strategiyadan deyil, həm də investisiyalardan gedir: artıq qeyd olunduğu kimi, Azərbaycan bu istiqamətə əhəmiyyətli vəsait yatırıb.
Azərbaycan, həqiqətən də çox maraqlı ölkədir və mən əminəm ki, bu ölkənin təcrübəsi həm regionda, həm də bütün dünyada digər dövlətlər üçün qabaqcıl təcrübə nümunəsi olmalıdır.”
Ölkədə həyata keçirilən rəqəmsal transformasiya tədbirləri ayrı-ayrı xidmətlərin elektronlaşdırılması ilə məhdudlaşmır. Dövlət xidmətlərinin inteqrasiyası, məlumatların təhlükəsiz mübadiləsi, rəqəmsal sənəd dövriyyəsi, süni intellekt texnologiyalarının tətbiqi və kibertəhlükəsizliyin gücləndirilməsi vahid yanaşmanın tərkib hissələridir.
Bu yanaşmanın vətəndaşlara yönəlmiş əsas nümunələrindən biri mygov platformasıdır. Platforma müxtəlif qurumların xidmətlərini bir məkanda birləşdirərək dövlət xidmətlərindən istifadəni asanlaşdırır və həyat hadisələrinə uyğun, daha proaktiv xidmət modelinə keçid üçün əsas yaradır.
digital.bridge vasitəsilə qurumlararası məlumat mübadiləsinin genişləndirilməsi və “kağızsız hökumət” prinsipinin tətbiqi isə dövlət idarəçiliyində proseslərin sadələşdirilməsinə və inteqrasiyanın güclənməsinə xidmət edir.
BMT-nin 2026-cı il sorğusu rəqəmsal hökumətin inkişafında yeni mərhələyə, süni intellektin dəstəklədiyi, vətəndaşların ehtiyaclarını daha əvvəlcədən nəzərə alan dövlət xidmətlərinə keçid imkanlarına da diqqət ayırır. Azərbaycanın OSI üzrə 11-ci, institusional əsas üzrə 1-ci və xidmətlərin göstərilməsi üzrə 10-cu yerdə qərarlaşması ölkənin bu istiqamətdə əldə etdiyi nəticələri nümayiş etdirir.
Qeyd edək ki, BMT hesabatında Azərbaycan 2024-cü illə müqayisədə 36 pillə irəliləyərək Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) reytinqində 38-ci yeri tutub. Ümumi indeks 0,7607 baldan 0,8847 bala yüksəlib. Ölkə “Çox yüksək EGDI” kateqoriyasının V3 altqrupunda qərarlaşıb. Onu da bildirək ki, EHİİ hər iki ildən bir dərc edilir və onlayn xidmətlərin səviyyəsi, telekommunikasiya infrastrukturu və insan kapitalı əsasında ölkələrin rəqəmsal dövlət idarəçiliyinin inkişafını qiymətləndirir.