“Atam, babam, əmilərim, dayım, dayım oğlu, xalam Xocalıda şəhid olub. Anam ikinci qrup Qarabağ əlilidir. Mən bir nəslin soyadını daşıyan yeganə şəxsəm. Dəfələrlə müraciətimə baxmayaraq, bir ildən çoxdur ki, Xocalıda evlə təmin olunmamışam”.
Bu şikayətlə Qarabaginfo.az-a Xocalıdan olan Milli Qəhrəman Araz Səlimovun oğlu İlqar Səlimov müraciət edib.
O iddia edir ki, vəd olunan mənzil başqasına verilib: “Atam Milli Qəhrəmandır, əmim “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Bir ildən artıqdır ki, öz doğma torpağıma köçə bilmirəm. İlk dəfə Xocalının Təzəbinə kəndinə köçmək üçün müraciət etdim, ev seçdim. “Qaçqınkom”dan bildirdilər ki, ev sənindir, təmir olunsun köçərsən. Lakin ev təmir olunandan sonra heç bir xüsusi statusu olmayan birinə verildi.
Mənə isə Təzəbinə kəndindən başqa ev təklif olundu. Lakin o ev də mənə deyil, Bakı Abadlıq Xidmətinin əməkdaşına müvəqqəti qalmaq üçün xidməti ev kimi verildi. Dedilər ki, müqaviləsi bitəndə tez bir zamanda evdən çıxacaq, ev təmir olunaraq bizə veriləcək. Yenə aylarla gözlədik, amma nə həmin şəxs evdən çıxarıldı, nə də ev bizə verildi. Dəfələrlə “Qaçqınkom”a müraciət etməyimizə baxmayaraq, problem həllini tapmadı. Səbəb də odur ki, həmin şəxsin adamı var, mənim isdə adamım yoxdur, hamısı o torpaq uğrunda şəhid olub”.
.jpg)
Problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Xocalı şəhərindən keçmiş məcburi köçkün, Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun oğlu İlqar Səlimovun ailəsinin doğma torpaqlarına qayıdışı və mənzillə təmin olunması məsələsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin diqqət mərkəzində saxlanılır.
Bildiririk ki, Milli Qəhrəman ailəsinin üzvü kimi İlqar Səlimov yaşayış yeri seçimi zamanı müvafiq imtiyazlardan istifadə etmək hüququna malikdir. O, Xocalı rayonunun Təzəbinə kəndində yerləşən, 19123444 inventar kodlu fərdi yaşayış evini seçdiyini bildirsə də, bu barədə vaxtında Komitənin aidiyyəti struktur bölməsinə rəsmi məlumat verməyib. Nəticədə həmin yaşayış evi başqa bir keçmiş məcburi köçkün ailəsinə ayrılıb.
Daha sonra İlqar Səlimov Təzəbinə kəndindəki 1915499 inventar kodlu fərdi yaşayış evinə köçürülmək istədiyini bildirib. Lakin aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, həmin ev xidməti mənzil statusundadır. Qüvvədə olan qaydalara əsasən, xidməti mənzillərin bölüşdürülməsi və onlar barəsində sərəncam verilməsi Komitənin səlahiyyətlərinə aid deyil.
Vətəndaşa izah olunub ki, sözügedən mənzil gələcəkdə xidməti mənzil statusundan çıxarılaraq ailələrin köçürülməsi üçün Komitənin sərəncamına verildiyi, habelə yaşayış sahəsinin otaq sayının ailənin tərkibinə uyğun olduğu təqdirdə, onun həmin mənzilə köçürülməsi məsələsinə müəyyən edilmiş qaydada baxıla bilər”.
Açıqlamada qeyd olunub ki, vətəndaşa başqa ev seçimi təklif olunsa da, o, məhz həmin xidməti mənzili seçmək istəyib: “Təzəbinə kəndinə hər yeni köç prosesi ərəfəsində İlqar Səlimovla əlaqə saxlanılır və ailə tərkibinə uyğun olaraq üçotaqlı fərdi yaşayış evləri seçim üçün təklif edilir. Bununla belə, vətəndaş təklif olunan mənzillərlə razılaşmayaraq məhz 1915499 inventar kodlu evin ona ayrılmasında israr edir.
Dövlət Komitəsi İlqar Səlimovun ailəsinin doğma torpaqlarına qayıdışının təmin olunmasını diqqətdə saxlayır. Bununla yanaşı, yaşayış sahələrinin bölüşdürülməsi zamanı qüvvədə olan qanunvericiliyin tələbləri, mənzillərin hüquqi statusu və ailələrin sosial-məişət şəraiti nəzərə alınır. Vətəndaşın müraciətinə də bu prinsiplər əsasında baxılması davam etdirilir”.
Qeyd edək ki, Milli Qəhrəman Araz Səlimov I Qarabağ Müharibəsində Xocalı özünümüdafiə batalyonunun tərkibində vuruşub. 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı şəhid olub. O, Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Şəhidin üç övladı yadigar qalıb.