Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb.
Qarabaginfo.az xəbər verir ki, tərəflər görüşdən sonra bir sıra açıqlamalar veriblər.
Zelenski jurnalistlərə açıqlamasında yaxın vaxtlarda Rusiya ilə indiyədək ən böyük əsir mübadiləsinin baş tutacağını bildirib.
O, növbəti danışıqlarda Avropa nümayəndələrinin də iştirak edəcəyini vurğulayıb. Prezident bunun Ukraynanın rifahı və təhlükəsizlik təminatları baxımından vacib olduğunu qeyd edib.
ABŞ prezidentinin kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner də Rusiya prezidenti Vladimir Putin və onun nümayəndə heyəti ilə görüş zamanı əsir mübadiləsi məsələsində razılıq əldə olunduğunu bildirib.
O, son aylarda avropalılarla sıx əməkdaşlıq etdiklərini və onların danışıqlar masasında iştirakının vacibliyini Putinə çatdırdıqlarını deyib. Kuşnerin sözlərinə görə, Putin bu yanaşmaya şans verməyə hazırdır.
Kuşner həmçinin Zelenski və komandası ilə müharibədən sonrakı Ukraynanın bərpası və təhlükəsizlik planı üzərində sıx əməkdaşlıq etdiklərini bildirib. O, Ukraynanın potensialını və müharibə zamanı nümayiş etdirdiyi yenilikləri yüksək qiymətləndirib.
ABŞ prezidentinin digər xüsusi nümayəndəsi Stiv Uitkoff isə Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşü müsbət qiymətləndirib. O da ən böyük əsir mübadiləsinin baş tutacağını təsdiqləyib.
Uitkoff Donald Trampın müharibəni başa çatdırmaqda qərarlı olduğunu, bu məqsədlə növbəti görüşün artıq planlaşdırıldığını və danışıqların davam etdiriləcəyini bildirib.