Cənubi Qafqazda baş verənləri böyük maraqla və diqqətlə izləyirik.
Qarabaginfo.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Alen Berset Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib. “Azərbaycanla yanaşı, digər ölkələrlə də hər gün Strasburqda korrupsiyaya qarşı mübarizə, miqrasiya, kibercinayətkarlıq və bir çox başqa konkret məsələlər üzərində birgə çalışırıq”, - deyə o, qeyd edib.
Alen Berset Cənubi Qafqazda davamlı sülhün Avropa üçün əhəmiyyətinə də münasibət bildirib: “Bu məsələnin çox geniş konteksti var. Avropada Rusiya tərəfindən işğala məruz qalmış müxtəlif ölkələr mövcuddur. Ukrayna, Gürcüstan və Moldova kimi ölkələr var. Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi üçün bu məsələləri həll etməli, mövcud şəraitdə düzgün və dayanıqlı həll yolları tapmalıyıq. Qitəmizdə mövcud olan bütün mümkün şəraitlər və müxtəlif vəziyyətlər fonunda bu proseslə bağlı aparılan müzakirələr eyni ümumi kontekstin tərkib hissəsidir. Cənubi Qafqazda baş verənləri böyük maraqla və diqqətlə izləyirik”.