Ana Sayfa > Karusel / Siyasət > Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış - Fərhad Abdullayev

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış - Fərhad Abdullayev


Bu gün, 15:58. Yazar: Admin

Fərhad Abdullayev

 

“Konstitusiyamızda dünya konstitusiya təcrübəsindən istifadə olunmuşdur. Ancaq eyni zamanda bizim Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, bu gününü və gələcəyini özündə əks etdirir. Bu, heç bir başqa dövlətin Konstitusiyasına bənzəməyən Konstitusiyadır. Bu bizim özümüzün, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”.

Heydər Əliyev

Azərbaycan xalqının Ümumilli Lideri

 

“Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

 

Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabr ayının 12-si müstəqil Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir. Ümumilli Liderin təşəbbüsü və bilavasitə rəhbərliyi altında hazırlanaraq referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası xalqın dövlətçilik iradəsini və suverenliyini əks etdirən fundamental hüquqi sənəddir. Konstitusiyanın qəbul edilməsi demokratik inkişaf, hüquqi dövlətçilik və insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlə­rini özündə ehtiva edən mühüm tarixi hadisədir.

Təsadüfi deyil ki, Əsas Qanunumuzun preambulasında bəyan edilən altı niy­yətdən məhz birincisi Azərbaycan dövlətinin müstə­qilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı hər birimizin vəzifəsi kimi irəli sürmüşdür. Bununla yanaşı, preambulada demokratik quruluşa təminat vermək, vətən­daş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunla­rın aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ha­mının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşı­lıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər də bəyan edil­mişdir.

Qeyd olunmalıdır ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkədə demokratik dəyərlərə əsaslanan yeni konstitusion quruluşun formalaşdırılması və hüquqi islahatların aparılması zərurəti meydana gəlmişdi. Bununla belə, müstəqilliyin ilk illərində mövcud olan siyasi böhran və daxili qarşıdurmalar, eləcə də xarici təzyiqlər bu mühüm prosesin həyata keçirilməsinə ciddi maneələr törədirdi.

1993-cü ildə xalqın təkidli istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümumilli Lider Heydər Əliyev zəngin siyasi təcrübəsi və uzaqgörənliyi ilə ölkədə mövcud olan ağır ictimai-siyasi vəziyyəti aradan qaldırmağa, ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmağa və xalqın birliyini təmin etməyə nail oldu. Onun həyata keçirdiyi siyasi strategiya milli həmrəyliyin gücləndirilməsinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və ölkənin inkişafına şərait yaradan genişmiqyaslı islahatlar aparılmasına yönəlmişdi. Lakin həmin dövrdə qüvvədə olan qanunvericilik sistemi hüquqi dövlət quruculuğunun tələblərinə tam cavab vermir, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini lazımi səviyyədə təmin etmirdi. Bu səbəbdən qanunvericilik sisteminin müasir tələblərə uyğun formada yenidən qurulması, hüquqi islahatların ardıcıl şəkildə həyata keçirilməsi və dövlətin konstitusion əsaslarını müəyyən edən Əsas Qanunun qəbul edilməsi zəruri bir hal almışdı. Şübhəsiz ki, belə olan halda qarşıda duran ən vacib məsələlərdən biri məhz yeni Konstitusiya layihəsinin hazırlanması və ümumxalq səsverməsinə çıxarılması idi.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisinin 2 may 1995-ci il tarixli qərarı ilə Ümummilli Liderimiz Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq edildi. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də keçirildi. İclasda çıxış edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın konstitusiya quruculuğu tarixini geniş təhlil etmiş, müstəqilliyin bərpasından sonrakı dövrdə baş verən ictimai-siyasi proseslərə ətraflı şəkildə toxunmuşdur. O, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasını dövlətçilik tariximizin mühüm hadisəsi kimi səciyyələndirərək söyləmişdir: “Konstitu­siya yaratmaq üçün tarixi keçmişimizə nəzər salmalıyıq, eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demok­ratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən istifadə etməli, bəhrələnməliyik. Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə, xal­qın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü qanunvericilik, icra, məhkəmə ha­kimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olma­lıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”.

Nəhayət, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş və 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Əsas Qanun preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olmaqla, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil dövlətimizdə vətəndaş cəmiyyətinin formalaşması, insanların sağlam və təhlükəsiz yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ bazanın yaradılmasına əsas yaratdı.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasında hakimiyyətin yeganə mən­bəyinin xalq olması prinsipi bəyan edildi. Ümumilikdə, Konstitusiyamızın əsasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi kimi tanınması, xalqın suverenliyi, vahidliyi, ərazi bütövlüyünün qorunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq bəyan edilməsi kimi mütərəqqi ideyalar dayanmışdır. 1995-ci il Konstitusiyası hüquqi dövlət quruculuğunun fundamental prinsiplərini müəyyən etməklə yanaşı, onların müasir hüquqi yanaşmalar əsasında inkişafına da zəmin yaratmışdır. Eyni zamanda Konstitusiyada təsbit olunmuş prinsiplər milli-mənəvi dəyərlər və müasir hüquqi yanaşmalar əsasında inkişaf etdirilərək dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə yönəlmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının əsasını insan şəxsiyyətinə hörmət, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi tanınması, onların hüquqi təminat mexanizmlərinin formalaşdırılması təşkil edir. İnsan ləyaqətinə hörmət, təhlükəsiz yaşamaq, azadlıq hüquqları, şəxsi toxunulmazlıq, şərəf və ləyaqətin müdafiəsi hüququ və digər humanizmin təcəssümü olan prinsiplər Əsas Qanunun başlıca mahiyyətini təşkil edir. Bununla bağlı, Ümumilli Lider öz çıxışında qeyd etmişdir ki, Konstitusiyanın üçüncü fəsli ilə əhatə olunan 48 maddənin, yəni ümumi mətnin üçdə birinin insan hüquq və azadlıqlarına həsr edilməsi təsadüfi deyildir. Bu da onu sübut edir ki, bu Konstitusiya ilə insanların azad, sərbəst yaşaması üçün bütün şərait yaradılmış, həm dövlət quruculuğu, həm respublikamızın iqtisadiyyatının qurulmasının əsas prinsipləri, qanunvericilik, icra, məhkəmə hakimiyyətinin səlahiyyətləri və onların müstəqilliyi, qarşılıqlı fəaliyyəti təmin olunmuşdur. Sadəcə bu belə Ümummilli Liderin demokratik dəyərlərə sadiqliyini, insan hüquq və azadlıqlarının qorunmasına verdiyi önəmi, humanist mövqeyini, eləcə də cəmiyyətin inkişafında ümumbəşəri dəyərlərin roluna münasibətini bir daha təsdiqləyir.

Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqları sistemli şəkildə təsbit olunmuş, həmin hüquq və azadlıqların tanınması və müdafiəsi dövlətin qanunvericilik, icra və məhkəmə hakimiyyəti qollarının əsas konstitusion vəzifəsi kimi müəyyən edilmişdir. Hakimiyyətlərin bölünməsi prinsipinin Konstitusiyada təsbit olunması yeni prinsip və qaydalara uyğun məhkəmə-hüquq sisteminin yaradılması istiqamətində islahatların keçirilməsini zəruri etmişdir. Əsas Qanunda irqindən, cinsindən, milliyyətindən, dinindən, dilindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının qorunması qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşısına mühüm vəzifə kimi qoyulmuşdur. Qanunda əks olunan bir sıra müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə təminat verərək sonrakı mərhələdə müasir, dövrün tələblərinə cavab verən bir sıra qanunvericilik aktlarının qəbul edilməsinə zəmin yaratmışdır. Həmin dövrdən etibarən həyata keçirilən məhkəmə-hüquq islahatları qanunun aliliyinin təmin edilməsinə, məhkəmələrin nüfuzlu və müstəqil dövlət orqanları kimi formalaşmasına, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, məhkəmə icraatında demokratik prinsiplərin qorunması və şəffaflığın təmin edilməsinə yönəlmişdir.

Vurğulanmalıdır ki, ictimai həyatda baş verən sosial, iqtisadi və siyasi proseslər, dəyişikliklər, eləcə də hüquqi şüurun və hüquqi düşüncənin inkişafı konstitusion normaların təkmilləşdirilməsini və onların müasir dövrün tələblərinə uyğunlaşdırılmasını zəruri etmişdir. Dövlətin əsas qanunu olan Konstitusiya hüquq sisteminin təməlini təşkil etdiyindən, onun müddəalarının dəyişən ictimai reallıqlara uyğunlaşdırılması hüquqi dövlət quruculuğunun mühüm şərtlərindən biri hesab olunur.

Bu kontekstdə Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il 24 avqust, 2009-cu il 18 mart, 2016-cı il 26 sentyabr ümumxalq səsverməsi əsasında edilmiş əlavə və dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. Konstitusiyaya edilmiş bu əlavə və dəyişikliklər ölkədə gedən ictimai-siyasi proseslərin, hüquqi münasibətlərin inkişafının və dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ehtiyaclarının nəticəsi kimi qiymətləndirilə bilər. Odur ki, Əsas Qanuna edilən əlavə və dəyişikliklər dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və ictimai münasibətlərin konstitusion prinsiplərə uyğun tənzimlənməsi baxımından əhəmiyyətli vasitə kimi çıxış edir.

2002-ci ildə ümumxalq səsverməsi vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər konstitusiya ədalət mühakiməsinin inkişafı və insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm mərhələ olmuşdur. Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu islahatlar nəticəsində Konstitusiya Məhkəməsinə müraciət etmək səlahiyyətinə malik olan subyektlərin dairəsi genişləndirilmiş, konstitusiya nəzarətinin əlçatanlığının artırılması istiqamətində əhəmiyyətli hüquqi zəmin yaradılmışdır. Həmin islahatların davamı olaraq, qəbul edilmiş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının yeni Qanununun 2004-cü il yanvarın 8-də qüvvəyə minməsi konstitusiya hüquqpozmalarına qarşı müdafiə vasitələrinin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Bununla da Azərbaycanda konstitusiya şikayəti institutu formalaşmış, eyni zamanda, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və məhkəmələrin müəyyən edilmiş qaydada birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün hüquqi imkanlar yaradılmışdır.

Qeyd olunmalıdır ki, Konstitusiyanın qanunvericilik sistemində yerinin müəyyən edilməsi mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Konstitusiyanın 147-ci maddəsinə uyğun olaraq Konstitusiya Azərbaycan Respublika­sında qanunvericilik sisteminin əsası olmaqla ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Əsas Qanunun 148-ci maddəsi ilə normativ hüquqi aktların iyerarxiyası təsbit edilərkən də ilk pillədə Konstitusiya müəyyən edilmişdir.

Bu səbəbdən Konstitusiyada nəzərdə tutulan əsas insan hüquq və azadlıqlarının müdafiəsi, habelə onların təmin edilməsinə yönəlmiş konstitusion prinsiplərə riayət olunmasına nəzarət mexanizminin formalaşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Bu zərurət Konstitusiyasının aliliyini təmin edən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə edən ali konstitusiya ədalət mühakiməsi orqanının – Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması ilə nəticələndi. Ölkəmizdə Konstitusiya Məhkəməsi simasında konstitusiya nəzarəti orqanının fəaliyyətə başlaması, eyni zamanda bu orqanın müstəqilliyinin təmin edilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının “Keçid müddəaları” hissəsinin 11-ci bəndində Konstitusiya Məhkəməsinin yaradılmalı olması göstərilmişdi. Bu müddəaya uyğun olaraq 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 14 iyul 1998-ci ildə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsini həyata keçirən orqan kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmi fəaliyyətə başlamışdır.

Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquq sistemimizin inkişafında və Konstitusiyanın birbaşa tətbiqinin təmin olunmasında mühüm rolu dövlət başçısı tərəfindən də vurğulanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə demişdir:

“Ali konstitusiya ədalət mühakiməsi orqanı qismində Konstitusiya Məhkəməsi ölkəmizin hüquq sisteminin inkişafına öz töhfəsini verir, hüquqi tənzimləmə məsələləri üzrə müsbət təcrübə formalaşdırır, konstitusiya nəzarəti funksiyalarını yerinə yetirməklə Konstitusiyanın birbaşa tətbiqini həyata keçirir. Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”.

Bu qiymətləndirmə Konstitusiya Məhkəməsinin qərarlarında müəyyən etdiyi hüquqi mövqelərdə də öz əksini tapır. Konstitusiya Məhkəməsinin fəaliyyəti dövründə qəbul edilmiş qərarlar ölkənin hüquq sisteminin inkişafına mühüm töhfə vermişdir. Həmin qərarlarda Konstitusiyanın fundamental prinsipləri, onun ali hüquqi qüvvəsi və birbaşa tətbiqi, eləcə də insan hüquq və azadlıqlarının üstünlüyü əsas götürülərək əhəmiyyətli hüquqi mövqelər müəyyən edilmişdir. Bu baxımdan, cari il ərzində Məhkəmənin Plenumu tərəfindən qəbul edilən bəzi qərarların təhlilini zəruri hesab edirəm.

Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2026-cı il 23 yanvar tarixli Qərarı cinayət qanunvericiliyinin tətbiqində hüquqi müəyyənlik və ədalət prinsiplərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edilməsinin əsas səbəbi Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə uyğun olaraq az sayda, xüsusilə bir və ya iki ədəd döyüş sursatını qanunsuz əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə ilə bağlı əməllərin cinayət hesab olunmasında məhkəmə təcrübəsində fərqli yanaşmaların mövcudluğu olmuşdur.

Məhkəmə Qərarda qeyd etmişdir ki, hər hansı əməlin cinayət hesab edilməsi üçün onun Cinayət Məcəlləsində ayrı-ayrı cinayətlərlə bağlı müəyyən edilmiş tərkib əlamətlərini daşıması ilə yanaşı, eyni zamanda ictimai təhlükəli olması da tələb olunur. Yəni ictimai təhlükəlilik cinayət anlayışının müəyyənedici elementlərindən biri kimi çıxış edir. Cinayət Məcəlləsinin 14.2-ci maddəsində də göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir.

Qərarda göstərilmişdir ki, az əhəmiyyətli əməllər elə əməllərdir ki, onlar məhz ictimai təhlükəlilik xüsusiyyətinə malik olmadıqlarına görə cinayət anlayışı ilə əhatə edilmirlər. İctimai təhlükənin mövcudluğu isə yalnız o halda inkar edilə bilər ki, əməl nəinki şəxsiyyətə, cəmiyyətə, yaxud dövlətə zərər yetirməmiş, həm də zərər yetirmək təhlükəsi belə daşımamış olsun və nəticədə cinayət tərkibini müəyyən edən müvafiq hüquq normasının qoruma sahəsindən kənarda qalsın.

Qərarın digər mühüm cəhəti hüquq tətbiqedən orqanların qərar qəbul edərkən işin bütün faktiki və hüquqi hallarını araşdırmalı olması ilə bağlıdır. Belə ki, cinayət məsuliyyətinin tətbiqi zamanı əməlin qanunla nəzərdə tutulan formal əlamətlərinin mövcudluğu ilə kifayətlənilməməli, onun ictimai təhlükəliliyi də işin hallarına uyğun qiymətləndirilməlidir.

Beləliklə, Qərarda öz əksini tapmış bu hüquqi mövqelər şəxslərin əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmasının qarşısının alınması, hüquq və azadlıqlarının müdafiəsi, konstitusion prinsiplərin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşımışdır.

Konstitusiya Məhkəməsinin Plenumunun Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 60-cı maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6 və 447.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2026-cı il 17 aprel tarixli Qərarı da əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusilə vurğulanmalıdır.

Plenum Qərarında göstərmişdir ki, cinayət-prosessual qanunvericilikdə tutulma müddətinin 48 saatla məhdudlaşdırılması, həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll edilənədək cinayət təqibini həyata keçirən orqanlara zəruri sübutları toplamaq və ilkin prosessual-istintaq hərəkətlərini yerinə yetirmək üçün imkan yaradır. Digər tərəfdən bu müddət şəxsin azadlıq hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını almağa yönəlmiş mühüm prosessual təminat kimi çıxış edir. Eyni zamanda vurğulanmışdır ki, Cinayət-Prosessual Məcəllənin 148.6-cı maddəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətə təxirəsalınmadan baxılması, Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində isə bunun üçün 24 saatlıq müddətin müəyyən olunması həmin normalar arasında uyğunsuzluğun mövcudluğu kimi qiymətləndirilməməlidir. Belə ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə məhkəmələr tərəfindən təxirəsalınmadan baxılmasının müəyyən olunmasında əsas məqsəd şəxsin azadlıq hüququnun əsassız və ya həddən artıq məhdudlaşdırılmasının qarşısını almaq, həmçinin bu məsələnin operativ qaydada məhkəmə nəzarəti çərçivəsində həll edilməsini təmin etməkdir. Digər tərəfdən Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində nəzərdə tutulmuş 24 saatlıq müddət məhkəmələr tərəfindən müraciətlərə baxılarkən onların üzərinə qoyulmuş vəzifələrin icrası üçün məqsədəuyğun şəkildə müəyyən edilmiş maksimal müddət olmaqla, hər bir halda məsələnin təxirəsalınmadan həll olunması tələbini istisna etmir və bu tələbin realizəsinə imkan verən ağlabatan müddət olaraq çıxış edir.

Həmçinin Plenum qeyd etmişdir ki, məhkəmələr tərəfindən müraciətlərə baxılması üçün 24 saatlıq müddətin müəyyən olunmasında qanunvericinin məqsədi şəxsin azadlıqdan məhrum edilmə müddətini genişləndirmək deyil, əksinə məhz şəxsin tutulması üçün nəzərdə tutulmuş 48 saatlıq müddət çərçivəsində məhkəmə nəzarətinin tam və vaxtında həyata keçirilməsini təmin etməkdir.

Beləliklə, sözügedən Qərar tutulma müddətlərinə ciddi əməl olunması, məhkəmə nəzarətinin effektiv həyata keçirilməsi ilə şəxslərin əsassız olaraq azadlıq hüquqlarının məhdudlaşdırılmasının qarşısının alınması baxımından yüksək hüquqi təminat yaradır.

Vurğulamaq istərdim ki, vətəndaşların fərdi şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı Konstitusiyada təsbit olunmuş əsas hüquq və azadlıqların müdafiəsinin effektiv mexanizmi olmaqla yanaşı, onların real təminatının və konstitusion prinsiplərin həyata keçirilməsinin mühüm hüquqi vasitəsi kimi çıxış edir.

Konstitusiya Məhkəməsinin fərdi şikayətlər üzrə qəbul etdiyi son qərar, “A.Şükürovanın şikayəti üzrə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin III hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2026-cı il 23 iyun tarixli Qərarı mülkiyyət hüququnun həyata keçirilməsi ilə mənzil hüququnun, eləcə də çoxmənzilli binada yaşayan şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi arasındakı qarşılıqlı əlaqənin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Konstitusiya Məhkəməsinin Plenumu Qərarda qeyd etmişdir ki, Konstitusiyanın 43-cü maddəsi ilə nəzərdə tutulan mənzil hüququ şəxslərin mülkiyyət, təhlükəsiz yaşamaq, mənzil toxunulmazlığı kimi digər konstitusion hüquqları ilə sıx bağlı olub şəxsin öz mənzilində dinc, təhlükəsiz və rahat yaşamaq imkanını ehtiva edir.

Qeyd edilmişdir ki, mənzil hüququnun həyata keçirilməsi baxımından xüsusi əhəmiyyəti nəzərə alınaraq yaşayış sahəsinin təyinatı bilavasitə Mənzil Məcəlləsinin 14.1-ci maddəsi ilə müəyyən edilmiş və göstərilmişdir ki, yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Həmçinin mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış sahəsi barəsində qanunvericiliklə müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarının məhz yaşayış sahəsinin təyinatına uyğun olaraq həyata keçirilməsi yaşayış sahəsinin mülkiyyətçisinin vəzifəsi kimi müəyyənləşdirilmişdir (Mənzil Məcəlləsinin 29.1-ci maddəsi).

Yaşayış sahəsindən istifadənin hüdudları Mənzil Məcəlləsinin müvafiq normaları ilə dəqiqləşdirilərək göstərilmişdir ki, yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə o şərtlə yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir (14.2 və 14.3-cü maddələr).

Qərarda qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 14.2 və 14.3-cü maddələrinin təhlilinə görə qanunverici yaşayış sahəsində istənilən fəaliyyəti deyil, məhz məhdud çərçivəyə malik, təkbaşına xarakter daşıyan peşə və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək imkanını tanıyır və bunu onunla şərtləndirir ki, sahənin əsas təyinatı faktiki olaraq dəyişdirilmədən yaşamaq üçün istifadə edilsin və belə istifadə nəticəsində başqalarının hüquq və qanuni mənafelərinə xələl gəlməsin. Qanunvericilikdə yaşayış sahəsində fərdi sahibkarlıq və peşə fəaliyyətinin həyata keçirilməsinə müəyyən hallarda icazə verilməsi həmin fəaliyyətlərin yaşayış sahəsinin əsas təyinatı ilə prinsip etibarilə ziddiyyət təşkil etməməsi ilə izah oluna bilər. Nəzərə alınmalıdır ki, şəxs belə hallarda yaşayış sahəsində faktiki olaraq yaşamaqda davam edir və həmin sahənin yaşayış təyinatı mahiyyət etibarilə dəyişmir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hüquqi şəxs yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti, bir qayda olaraq, daha geniş təşkilati xarakter daşıyır. Bu cür fəaliyyətin yaşayış sahəsində həyata keçirilməsi həmin sahənin yaşayış məqsədilə istifadəsinə mane ola, onun ilkin təyinatının dəyişdirilməsini zəruri edə bilər. Bu amilləri nəzərə alan qanunverici yaşayış sahələrində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi imkanlarını məhdudlaşdırmış və bu sahədə yol verilən fəaliyyət növlərini daha məhdud çərçivədə müəyyən etmişdir.

Bu baxımdan, Mənzil Məcəlləsinin 14.2-ci maddəsini genişləndirici təfsir edərək mənzil mülkiyyətçisinin yaşayış sahəsini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi şəxsin istifadəsinə vermək və bununla da həmin sahənin faktiki təyinatını dəyişdirmək hüququna malik olması qənaətinə gəlmək qanunvericinin müəyyən etdiyi hüquqi tənzimləmənin məqsədi ilə uzlaşmır. Bu cür yanaşma yaşayış və qeyri-yaşayış sahələrinin hüquqi statusunun fərqləndirilməsinə xidmət edən qanunvericilik tələblərinin mahiyyətini təhrif edə, habelə yaşayış sahəsinin təyinatı üzrə istifadəsini təmin edən hüquqi mexanizmlərin əhəmiyyətini azalda bilər.

Qərarda həmçinin göstərilmişdir ki, normativ hüquqi aktın müddəalarının konstitusiya-hüquqi mənası və mahiyyəti ilə bağlı formalaşdırılan hüquqi mövqelər onların fərqli şəkildə tətbiq edilməsini istisna edir. Normanın konstitusiya-hüquqi mənasını aydınlaşdıran qərarın hüquqi qüvvəsi bu normanın artıq həmin mənadan kənara çıxmaqla tətbiqinin mümkünsüzlüyünü, başqa cür şərh və ya fərqli məzmunda tətbiq edilməməli olmasını özündə ehtiva edir.

Onu da qeyd etmək istərdim ki, sözügedən Qərarın digər mühüm əhəmiyyəti onun 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edildiyi dövrə təsadüf etməsi və yaşayış sahəsindən istifadə, mənzil hüquqlarının müdafiəsi ilə bağlı mühüm hüquqi məsələləri əhatə etməsindədir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 dekabr 2025-ci ildə Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncam imzalanmışdır.

Sərəncamda Azərbaycanın İpək Yolu üzərində yerləşən Şərq ölkələri ilə sıx əlaqələr qurması, dünya əhəmiyyətli tarix və mədəniyyəti abidələri, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz, Əcəmi Naxçıvani, Böyük Qayıdış çərçivəsində görülən quruculuq işləri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) 2026-cı ildə Azərbaycanda keçirilməsi və s. nəzərdə tutulmuşdur.

Azərbaycanın inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 2026-cı ilin 17–22 may tarixlərində ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) keçirilmişdir. Forumun mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” olmuşdur.

Qeyd olunmalıdır ki, Ümumdünya Şəhərsalma Forumu (WUF) 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təşkil edilən beynəlxalq platformadır. Forumun əsas məqsədi müasir dövrün mühüm problemlərindən biri olan sürətli urbanizasiya prosesini, eləcə də onun cəmiyyətə, şəhərlərə, dövlətlərə və iqlim dəyişikliyinə təsirini öyrənməkdir. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə keçirilən bu tədbir dayanıqlı şəhər inkişafı sahəsində mövcud çətinliklərin müzakirəsi və onların həlli yollarının müəyyənləşdirilməsi üçün açıq, inklüziv və yüksək səviyyəli beynəlxalq platforma rolunu oynayır.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq”.

Forumun əsas nəticələrindən biri “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul edilməsi olmuşdur. Bu sənəd qlobal mənzil problemlərinin həlli, Yeni Şəhər Gündəliyində nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın aparılmasını özündə əks etdirir. Bu çərçivədə dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin birgə fəaliyyətinin vacibliyi ön plana çəkilir.

Vurğulanmalıdır ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə ev sahibi ölkənin təşəbbüsü ilə keçirilən Liderlər Sammitində 27 dövlət və hökumət başçısı iştirak etmişdir. Forumun əsas yenilikləri sırasında Bakı Şəhərsalma Mükafatı, WUF Akademiyasının Kampusu, Biznes və İnnovasiya Mərkəzi xüsusilə qeyd olunmalıdır.

Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olduğunu əminliklə söyləyərək qeyd etmək istəyirəm ki, bu önəmli tədbirin 2026-cı ildə Bakıda keçirilməsi Azərbaycanın şəhərsalma sahəsində qazandığı uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Ölkəmizdə urbanizasiya və şəhərsalma istiqamətində həyata keçirilən köklü dəyişikliklər, genişmiqyaslı inkişaf proqramları və mühüm infrastruktur layihələri bu sahədə yeni imkanlar yaradıb. Bununla yanaşı, Azərbaycanın qlobal şəhərsalma proseslərinə verdiyi töhfələr və dayanıqlı inkişaf prinsiplərinin təşviqində iştirakı ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsində mühüm rol oynayır. Forumun paytaxtımızda təşkili də Azərbaycanın bu istiqamətdə əldə etdiyi irəliləyişlərin və beynəlxalq əməkdaşlığa verdiyi töhfənin əhəmiyyətli göstəricisidir.

Qeyd olunmalıdır ki, cəmiyyətdə baş verən yeniliklər, ictimai münasibətlərin dinamikasının dəyişməsi, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşma proseslərinin genişlənməsi, müxtəlif fəaliyyət sahələrində, o cümlədən dövlət orqanlarının fəaliyyətində, məhkəmə-hüquq sistemində müvafiq islahatların aparılmasına zərurət yaratmışdır. Təsadüfi deyil ki, cari ildə rəqəmsal inkişaf və süni intellekt texnologiyalarının tətbiqi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında rəqəmsallaşma, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 11 fevral 2026-cı ildə keçirilmiş müşavirədə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 - 2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu sənəd yaxın üç il ərzində rəqəmsal inkişafın təmin edilməsi, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində kompleks tədbirləri və strateji hədəfləri özündə birləşdirir. Fəaliyyət Planında müasir texnologiyaların inkişafını təmin etmək üçün dövlət və özəl sektorlar arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. O cümlədən dövlət orqanları tərəfindən xidmətlərin təqdim olunmasında pərakəndəliyin aradan qaldırılması, “vahid məlumat idarəçiliyi” yanaşmasının tətbiqi, məlumatların dövlət orqanları tərəfindən alınmasında “yalnız bir dəfə” prinsipinin reallaşdırılması, rəqəmsal mühitdə kibertəhlükəsizliyin təmin edilməsi kimi məsələlərin də Fəaliyyət Planı çərçivəsində həll edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də müasir texnoloji inkişaf meyillərini diqqətdən kənarda saxlamamış, xarici ölkələrin Konstitusiya Məhkəmələri və bu sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atmışdır.

Belə ki, 2026-cı il oktyabrın 1-2-də Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının VII Konqresində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti iştirak etmişdir. Rəqəmsallaşma və süni intellekt şəraitində konstitusiya ədalət mühakiməsi mövzusuna həsr olunmuş bu tədbirdə məhkəmə fəaliyyətində süni intellektdən istifadənin hüdudları, rəqəmsal texnologiyaların və süni intellektin konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsində yaratdığı imkanlar, insan hüquq və azadlıqlarının təmin olunması kimi məsələlər müzakirə olunmuşdur.

Məlum olduğu kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi TÜRK-AY-ın (Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı) təsisçi üzvlərindən biridir. Bu təşkilatın fəaliyyəti türk dövlətlərinin konstitusiya məhkəmələri arasında əməkdaşlığın, konstitusionalizm, hüququn aliliyi və insan hüquqlarının müdafiəsi sahəsində qabaqcıl təcrübələrin mübadiləsinin genişlənməsinə istiqamətlənmişdir.

Qeyd olunmalıdır ki, 2026-cı il oktyabrın 20-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə “Süni intellektin konstitusiya məhkəmələrinin fəaliyyətində rolu” mövzusunda dəyirmi masa keçirilib. Bu tədbir konstitusiya ədalət mühakiməsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir texnoloji yeniliklərin yaratdığı imkanların və hüquqi çağırışların müzakirəsi baxımından əhəmiyyətli olmuşdur.

Dəyirmi masa çərçivəsində süni intellekt texnologiyalarının konstitusiya ədalət mühakiməsinə təsiri, məhkəmə fəaliyyətində istifadəsinin mümkün istiqamətləri və müasir texnoloji çağırışlar fonunda konstitusiya ədalət mühakiməsinin qarşısında duran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, iştirakçılar bu mövzuda öz təcrübələrini bölüşərək rəqəmsal texnologiyaların məhkəmə proseslərinin təkmilləşdirilməsində rolunu və onların tətbiqi zamanı nəzərə alınmalı olan prinsipləri müzakirə etmişlər.

Azərbaycanın müasir dövrdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, beynəlxalq sferada mövqeyinin möhkəmlənməsi və davamlı inkişafının təmin olunması ölkədə aparılan uzunmüddətli dövlətçilik siyasətinin nəticəsidir. Bu inkişafın təməlində Ümumilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, onun formalaşdırdığı dövlətçilik konsepsiyası və həmin strateji xəttin cənab Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi dayanır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan böyük Zəfər Azərbaycan tarixinin ən mühüm qələbələrindən biri olmaqla yanaşı, dünya hərb tarixinə də qızıl hərflərlə yazıldı. Ali Baş Komandanın hərbi strategiyası nəticəsində Azərbaycan Ordusu Vətən müharibəsi zamanı şücaət göstərərək 30 ildən artıq işğal altında olan torpaqlarımızı düşmən əsarətindən xilas edərək Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə icra etdi. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi, bir milyona yaxın həmvətənimizin pozulmuş hüquqları bərpa edildi.

Vətən müharibəsində qazanılan bu uğur Azərbaycanın yalnız hərbi qüdrətini deyil, o cümlədən siyasi gücünü daha da artırdı, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və dövlətlərarası əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli imkanlar yaratdı.

Qeyd olunmalıdır ki, 44 günlük Vətən müharibəsinin başa çatması ilə ölkəmizdə ərazi məsələləri ilə bağlı istifadə olunan ifadələrdə də mühüm dəyişiklik baş verdi. Belə ki, əvvəllər “işgal altında olan ərazilər” kimi qeyd edilən torpaqlar artıq “işğaldan azad edilmiş ərazilər” adlandırılmağa başladı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra cənab Prezident İlham Əliyev azad olunmuş ərazilərə səfərlər həyata keçirərək həmin bölgələrdə aparılan işlərlə tanış oldu. Bu səfərlər sonrakı illərdə də davam etdirilərək bir ənənə halını aldı.

Bu şanlı qələbədən sonra Azərbaycanın yeni geosiyasi reallıqlara uyğun siyasət yürütməsi və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirməsi üçün geniş imkanlar yarandı. Həmin ərazilərin yenidən qurulması, infrastrukturun inkişaf etdirilməsi və əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində 5 milli prioritet göstərilmişdir ki, onlardan biri də məhz işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Bu prioritetin uğurla həyata keçirilməsi üçün qarşıya iki məqsəd qoyulmuşdur: dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya. Bunun davamı olaraq Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Həmçinin 30 may 2025-ci il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam imzalamışdır.

Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər 2026-cı ildə də davam etdirilmiş, işğaldan azad olunan ərazilərdə məskunlaşmanın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu proses yalnız əhalinin doğma torpaqlarına qaytarılması deyil, eyni zamanda həmin ərazilərdə yaşayış şəraitinin yaxşılaşdırılması, infrastrukturun qurulması, insanların daimi məskunlaşması üçün zəruri imkanların yaradılmasını da əhatə edir.

Qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən 2026-cı il fevral ayının 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı baş tutmuşdur. Memorialın yaradılması Azərbaycan xalqının tarixi yaddaşının qorunması, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılmasında vacib rol oynayır. Eyni zamanda Memorialın məhz Xocalı şəhərində inşa edilməsi faciə qurbanlarının xatirəsinin onların doğma yurdunda yaşadılması baxımından mühüm məna kəsb edir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları əsrlər boyu zəngin təbii sərvətləri, özünəməxsus landşaftı və biomüxtəlifliyi ilə seçilmişdir. Lakin bu ərazilərin uzun müddət işğal altında qalması nəticəsində təbii mühitə xeyli ziyan dəymiş, nadir bitki və heyvan növlərinin bir qismi məhv edilmişdir. Bu isə regionda ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur.

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan ərazilərin yenidən qurulması, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu çərçivədə Şərqi Zəngəzurun Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun, Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində yerləşən Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilmişdir. Təbii irsin qorunması istiqamətində atılan addımların davamı olaraq, dövlət başçımız cənab İlham Əliyev 2026-cı ilin oktyabr ayının 20-də Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda öz mövqeyini daha da gücləndirərək yeni mərhələyə qədəm qoymuşdur. Ölkənin regional və qlobal proseslərdə fəal iştirak etməsi, yeni sazişlərə imza atması da müasir dövlət quruculuğunun mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasət dünya dövlətləri ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, dövlətlərarası münasibətlərin inkişafına və regional sabitliyin möhkəmləndirilməsinə yönəlmişdir.

Bu baxımdan, cari ilin fevral ayının 10-da Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında münasibətlərin inkişafı və əvvəlki dövrdə əldə edilmiş razılaşmaların davamı kimi xüsusi əhəmiyyət daşıyır. Bu tərəfdaşlığın əsası 2025-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri və bu səfər çərçivəsində baş tutmuş görüşlər zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması ilə qoyulmuşdur.

Xartiyanın əhatə etdiyi məsələlər göstərir ki, tərəfdaşlıq yalnız ənənəvi iqtisadi əlaqələrlə məhdudlaşmır, eyni zamanda iki dövlət arasında enerji və data bağlantısı, nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi, gömrük nəzarəti, sərhəd keçidi və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıların təşviqi, kibertəhlükəsizlik və süni intellekt sahəsində yeni mexanizmlərin yaradılması, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı da özündə ehtiva edir. Xüsusilə Orta Dəhlizin və TRİPP layihəsinin inkişafına dair müddəalar regional bağlantıların genişləndirilməsi və davamlı əməkdaşlıq imkanlarının artırılması baxımından xüsusilə diqqətəlayiqdir.

Son illərdə Azərbaycan Respublikası beynəlxalq əhəmiyyətli tədbirlərin, diplomatik müzakirələrin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilmişdir. Ölkəmizdə təşkil olunan beynəlxalq forumlar və zirvə görüşləri dövlətlər arasında siyasi dialoqların genişləndirilməsinə, qlobal problemlərin birgə müzakirəsinə şərait yaratmışdır. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun çoxtərəfli əməkdaşlıq proseslərində iştirakının əhəmiyyətini və beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyini bir daha nümayiş etdirir.

Bu istiqamətdə mühüm hadisələrdən biri 2026-cı il oktyabr ayının 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün keçirilməsi ilə bağlı olmuşdur. Qeyd olunmalıdır ki, bu forum Asiyada sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılmışdır. VII Zirvə Görüşü zamanı əldə olunan mühüm nailiyyətlərdən biri Bakı Bəyannaməsinin, o cümlədən əməkdaşlıq, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə bəyanatın qəbul edilməsi olmuşdur. Bakı Bəyannaməsində BMT Nizamnaməsinin prinsiplərinə, beynəlxalq hüquqa, suveren bərabərliyə, ərazi bütövlüyünə, o cümlədən mübahisələrin sülh yolu ilə həlli prinsiplərinə bir daha toxunulmuş, beynəlxalq nizamın təşviqi, sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi, elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsinə, o cümlədən süni intellektin inkişafı nəticəsində yaranan imkanlara, risklərə də xüsusi diqqət yetirilmişdir.

Bu qürurverici gündə - 12 Noyabr, Konstitusiya Günündə xüsusilə vurğulamaq istərdim ki, bu gün Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ardıcıl ola­raq ev sahibliyi edən, dünya dövlətləri arasında söz sahibinə çevrilmiş bir ölkədir. Bu nailiyyətlər isə hər bir Azərbaycan vətəndaşında doğma Vətənə bağlılıq və milli qürür hissini daha da gücləndirir.

Bu gün Ümumilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, hüquqi dövlət quruculuğu sahəsində əsasını qoyduğu ənənələr dövlət başçımız cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət idarəçiliyində Əsas Qanunun müddəalarını rəhbər tutaraq ölkənin siyasi, iqtisadi və sosial inkişafının təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı dövlət proqramları, iqtisadi islahatlar, sosial layihələr və mədəniyyət sahəsində görülən tədbirlər ölkənin inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı olaraq bu ənənəyə sadiq qalaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək konstitusion norma və prinsiplərin aliliyinin qorunmasını, hüquq normalarının Əsas Qanuna uyğunluğunun təmin edilməsini və insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirir.

Sonda Konstitusiya Məhkəməsi adından bütün Azərbaycan xalqını 8 Noyabr –Zəfər Günü, həmçinin 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edir, xalqımıza xoşbəxt və firavan həyat arzulayırıq.

 

 

 

Fərhad Abdullayev

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin sədri

 

 


Geri dön