Ana Sayfa > Karusel / Dünya > Tramp-Putin-Si Cinpin görüşü formatına görə baş tutmaya bilər

Tramp-Putin-Si Cinpin görüşü formatına görə baş tutmaya bilər


Bu gün, 18:02. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin

ABŞ, Çin və Rusiya liderlərinin noyabrın 18–19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində mümkün üçtərəfli görüşünün formatı ilə bağlı fikir ayrılıqları yaranıb.

Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri danışıqların təşkili ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pekin görüşün ciddi şəkildə əvvəlcədən razılaşdırılmış ssenari əsasında keçirilməsini istəyir. Çin tərəfinin təklifinə əsasən, ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin əvvəlcədən hazırlanmış bəyanatları oxumalı, sərbəst müzakirə imkanları isə minimuma endirilməlidir.

Tramp administrasiyası isə liderlərin əvvəlcədən razılaşdırılmış mətnlərlə kifayətlənməməsini, məsələləri sərbəst şəkildə müzakirə etməsini istəyir.

Çin rəsmilərindən biri WSJ-yə bildirib ki, Pekin gündəliyin əvvəlcədən razılaşdırılması və danışıqların nəticəsinin müəyyənləşdirilməsi şərti ilə üçtərəfli görüşə hazırdır. Bu halda Ukraynadakı müharibə də müzakirə oluna bilər. Əks təqdirdə, Çin üçtərəfli görüş əvəzinə ayrı-ayrı ikitərəfli danışıqlara üstünlük verəcək.

Görüşün gündəliyindəki digər mübahisəli məsələlərdən biri nüvə silahlarına nəzarət və tərksilahdır. Tramp Putin və Si Cinpinlə bu mövzunu müzakirə etmək niyyətində olduğunu bildirib. Lakin Pekin üçtərəfli nüvə danışıqlarında iştirak etməyə hazır olmadığını bildirib.

Nəşrin məlumatına görə, bu fikir ayrılıqları üçtərəfli görüşün ümumiyyətlə baş tutub-tutmayacağı ilə bağlı suallar yaradıb.


Geri dön