Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Tural Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti 26–30 oktyabr 2026-cı il tarixlərində Almaniya Federativ Respublikasının Berlin şəhərində təşkil olunmuş Beynəlxalq Əmanət Sığortaçıları Assosiasiyasının (IADI) 25-ci İllik ümumi yığıncağında iştirak edib.
Bu barədə Qarabaginfo.az-a Fonddan məlumat verilib.
Nümayəndə heyətinin tərkibində Fondun icraçı direktorunun müavini Akşın Cahangirov və Sığorta və risklərin idarə edilməsi departamentinin direktoru Cəlal Rayi yer alıblar.
Beynəlxalq tədbir çərçivəsində əmanətlərin sığortalanması sistemlərinin institusional dayanıqlılığının möhkəmləndirilməsi, maliyyə təhlükəsizliyi şəbəkəsinin funksional effektivliyinin artırılması, bankların rezolyusiyası və ləğvetmə mexanizmlərinin təkmilləşdirilməsi, risklərin prudensial qiymətləndirilməsi, habelə rəqəmsal transformasiya şəraitində kompensasiya ödənişlərinin əməliyyat çevikliliyinin yüksəldilməsi məsələləri müzakirə olunmuşdur. Assosiasiyanın regional və texniki komitələrinin, müvafiq şura komitələrinin və İcra Şurasının toplantılarında beynəlxalq normativ standartların tətbiqi, təşkilati idarəetmə alətlərinin optimallaşdırılması və çoxtərəfli əməkdaşlığın perspektiv istiqamətləri nəzərdən keçirilib.
Səfər müddətində Fondun nümayəndə heyəti İspaniya, Macarıstan, İtaliya, Monqolustan, Yaponiya, İndoneziya, Malayziya və Nigeriyanın əmanətlərin sığortalanması üzrə səlahiyyətli qurumlarının təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə risk-əsaslı sığorta haqlarının diferensiallaşdırılması, stress-test modellərinin metodoloji əsasları, bankların ləğvetmə proseslərinin hüquqi və təşkilati tənzimlənməsi, elektron pul vəsaitlərinin normativ-hüquqi statusu, eləcə də İslam maliyyə prinsiplərinə əsaslanan əmanətlərin qorunması mexanizmləri üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır. Eyni zamanda, İndoneziya, Malayziya və Nigeriyanın aidiyyəti tənzimləyici qurumları ilə səmərəli tərəfdaşlığın əsaslarının formalaşdırılması məqsədilə anlaşma memorandumlarının imzalanması perspektivləri müzakirə edilib.
Adıçəkilən yığıncaqda iştirak edən Fondun icraçı direktorunun müavini Akşın Cahangirov IADI-nin Kompensasiya ödənişləri üzrə Texniki Komitəsinin (Reimbursement Technical Committee – RTC) vitse-direktoru seçilib. Bu təyinat Fondun beynəlxalq institusional təmsilçiliyinin genişləndirilməsi, kompensasiya ödənişləri sahəsində qlobal metodoloji yanaşmaların formalaşdırılmasında iştirak imkanlarının artırılması və çoxtərəfli peşəkar əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Əmanətlərin Sığortalanması Fondunun adıçəkilən beynəlxalq platformada iştirakı qabaqcıl xarici təcrübələrin mənimsənilməsinə, əmanətlərin sığortalanması sahəsindəki beynəlxalq standartların milli sistemin inkişaf prioritetlərinə inteqrasiyasına, eləcə də əmanətçilərin hüquqlarının müdafiəsinə yönəlmiş mexanizmlərin davamlı təkmilləşdirilməsinə xidmət edir.