Ürəyin sağlamlığı bir məhsuldan deyil, ümumi qidalanma və həyat tərzindən asılıdır.
Bu barədə bərpaedici təbabət üzrə həkim, nevroloq Aleksey Mamatov “Gazeta.ru”ya danışıb.
Mamatovun sözlərinə görə, ürək üçün ən zərərli bir məhsulu müəyyənləşdirmək düzgün deyil. Çünki əsas məsələ insanın gündəlik qidalanma vərdişləridir.
İlk növbədə emal olunmuş ət məhsullarının – kolbasa, sosiska və bekonun istehlakını məhdudlaşdırmaq lazımdır. Bu məhsulların tərkibində çox vaxt duz və doymuş yağlar yüksək olur. Onların müntəzəm qəbulu sağlamlıq üçün mənfi nəticələrlə əlaqələndirilir.
Həkim ürək-damar xəstəlikləri riskini artıran ikinci amil kimi həddindən artıq duz qəbulunu göstərib. Duz arterial təzyiqi yüksəldə və ürək-damar xəstəliklərinin yaranma ehtimalını artıra bilər. Buna görə də qurudulmuş balıq, suxari, çips və digər həddindən artıq duzlu məhsulları tez-tez yeməmək məsləhət görülür.
Mamatov şəkərli qazlı içkilərin müntəzəm qəbulunun da zərərli olduğunu bildirib. Onun sözlərinə görə, bu içkilər çəki artımına, qanda triqliseridlərin səviyyəsinin yüksəlməsinə və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.
Mütəxəssis ürəyin dördüncü düşməni kimi tərkibində çoxlu doymuş yağ olan və gündəlik qidalanmada böyük yer tutan məhsulları göstərib. Bunlara yağlı ət, quyruq yağı, kərə yağı, yağlı pendirlər, qaymaq və yağlı xama daxildir.
Beşinci risk amili isə ultra-emal olunmuş qidalardır. Belə məhsulların müntəzəm istehlakı tərəvəz, meyvə, tam taxıllı məhsullar və paxlalıların rasiondan sıxışdırılıb çıxarılmasına gətirib çıxara bilər.
Həkim vurğulayıb ki, ürəyi yalnız bir faydalı məhsul qəbul etməklə qorumaq mümkün deyil. Ürək sağlamlığı üçün düzgün qidalanma ilə yanaşı, fiziki aktivlik, keyfiyyətli yuxu, normal bədən çəkisi, arterial təzyiqin və xolesterinin səviyyəsinin nəzarətdə saxlanılması, eləcə də digər risk amillərinin azaldılması vacibdir.
