Ana Sayfa > Karusel / Siyasət > Bakıda Qırğız Respublikasının müstəqilliyinin 35 illiyi qeyd olunub - FOTO

Bakıda Qırğız Respublikasının müstəqilliyinin 35 illiyi qeyd olunub - FOTO


Bu gün, 20:56. Yazar: Admin

Bakıda Qırğız Respublikasının müstəqilliyinin 35 illiyi qeyd olunub - FOTO

Qırğız Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi Bakıda rəsmi qəbul təşkil edib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, ölkədəki qırğız diasporunun üzvləri və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Qırğız Respublikasının ölkəmizdəki səfiri Maksat Mamıtkanov ölkələrimizin dost və qardaş olduqlarını diqqətə çatdırıb.

Onun sözlərinə görə Qırğızıstanla Azərbaycan arasında müttəfiqlik münasibətləri strateji tərəfdaşlığın inkişafına yeni imkanlar açır və ölkələr arasında siyasi dialoq, iqtisadi əlaqələr və müxtəlif sahələrdə əməkdaşlıq dinamik inkişaf edir.

“Yüksək səviyyədə müntəzəm təmaslar, Dövlətlərarası Şura və iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya kimi mexanizmlərin fəaliyyəti, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondu çərçivəsində konkret layihələrin həyata keçirilməsi uzunmüddətli tərəfdaşlığın möhkəmləndiyini göstərir”, - o qeyd edib.

Maksat Mamıtkanov bu il iyulun 30-31-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərinin ikitərəfli münasibətlər tarixində mühüm hadisə olduğunu vurğulayıb.

O bildirib ki, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafına, Avrasiya məkanında nəqliyyat bağlantılarının genişlənməsinə və yeni iqtisadi imkanların yaranmasına da töhfə verir.

“Ölkələrimiz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhlizlə əlaqələndirilməsinin vacibliyindən çıxış edirlər. Bu istiqamətdə layihələrin həyata keçirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır”, - səfir vurğulayıb.

Azərbaycan hökuməti adından Qırğız dövlətini və xalqını təbrik edən xarici işlər nazirinin müavini Samir Şərifov bildirib ki, xalqlarımız arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Azərbaycan-Qırğızıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir.

Onun sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasında siyasi dialoq yeni məzmun və keyfiyyət qazanıb, iqtisadi-ticarət əlaqələrinin, nəqliyyat-logistika və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyulunda Qırğızıstana dövlət səfəri və səfər çərçivəsində Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olub. Nazir müavini Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının iki dəfə artırılmasının qarşılıqlı etimadın göstəricisi olduğunu vurğulayıb.

“Orta Dəhlizin inkişafı, nəqliyyat əlaqələrinin şaxələndirilməsi və regional bağlantıların gücləndirilməsi Azərbaycan və Qırğızıstanın iqtisadi tərəfdaşlığına yeni imkanlar yaradır. Bu imkanları yalnız ikitərəfli ticarətin artırılması baxımından deyil, daha geniş regional inteqrasiya və dayanıqlı inkişaf baxımından da qiymətləndirməliyik”, - Samir Şərifov qeyd edib.

O, həmçinin humanitar sahədə əməkdaşlığa toxunaraq Ağdamda Ayköl Manas adına məktəbin tikilməsini qardaşlığın xüsusi rəmzi kimi qiymətləndirib.


Geri dön