
ABŞ-ın Rusiyadakı səfirliyinin terror təhlükəsi ilə bağlı xəbərdarlığından sonra Moskvadakı “Tsaritsıno” muzey-qoruğu bağlanıb.
Qarabaginfo.az-ın məlumatına görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Bildirilib ki, muzey-qoruğa aparan bütün yollar bağlanıb. Qoruğun ən azı iki gün ərzində ziyarətçilər üçün bağlı qalacağı qeyd olunub.
Rusiya Teleqram kanallarının məlumatına görə, əraziyə 50 çevik polis əməkdaşı, Rusiya Milli Qvardiyasının hərbçiləri, yanğınsöndürənlər və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər göndərilib.
Yol polisi əməkdaşları isə muzey-qoruğun ətrafında hərəkət edən nəqliyyat vasitələrini yoxlayırlar.
Xatırladaq ki, ABŞ səfirliyi daha əvvəl oktyabrın 31-də “Tsaritsıno” muzey-qoruğunun ərazisində insan tələfatına səbəb ola biləcək hadisə təhlükəsi barədə xəbərdarlıq yayıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ABŞ tərəfindən Moskvada terror aktının hazırlanması barədə məlumat aldığını və bununla bağlı müvafiq tədbirlər həyata keçirildiyini təsdiqləyib.