Bolqarıstanda prezident və vitse-prezident seçkilərinin ikinci turu keçirilir.
Qarabaginfo.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə üzrə 12 mindən çox seçki məntəqəsinin açılması nəzərdə tutulub.
Məlumata görə, təxminən 6,6 milyon seçici saat 20:00-dək səsvermədə iştirak etmək hüququna malikdir.
Xaricdə yaşayan və ya səfərdə olan Bolqarıstan vətəndaşları üçün dünyanın 60 ölkəsində əlavə seçki məntəqələri təşkil olunub.
Seçkilərin ikinci turunda ən çox səs toplamış iki namizəd cütlüyü – İliyana Yotova və Kiril Vılçev, həmçinin Andrey Gyurov və Georgi Kandev mübarizə aparır.
Qeyd edək ki, Bolqarıstanda prezident ümumxalq səsverməsi yolu ilə beş il müddətinə seçilir və ardıcıl olaraq iki dəfədən artıq bu vəzifəni tuta bilməz.
Prezidentlə eyni vaxtda vitse-prezident də seçilir. İkinci turda qalib gəlmək üçün səslərin sadə çoxluğunu qazanmaq kifayətdir.