Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş komandiri general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının (SHAPE) Tərəfdaşlıq Baş İdarəsinin rəisinin müavini - Hərbi Əməkdaşlıq İdarəsinin rəisi briqada generalı Theodoros Stefou ilə görüşüb.
Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin “Mi-17-1V” tipli helikopter cütlüyünün 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi zamanı keçirilən görüşdə Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə birgə həyata keçirilən fəaliyyətlər, bölmələrin hazırlıq səviyyəsi və qarşıya qoyulan tapşırıqlar barədə təqdimatlar verilib.
Bu cür tədbirlərin sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Görüşdən sonra təlim sahəsində olan qonaqlar bölmələrin təchizatına baxış keçirərək NATO standartları və tələblərinə uyarlılıq səviyyəsini yoxlayıblar.