Korrupsiyaya qarşı mübarizədə məlumat mübadiləsi gücləndirilməlidir.
Qarabaginfo.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (Nazaha) prezidenti Mazin bin İbrahim Əl-Kahmus Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə deyib.
O, çıxışında Səudiyyə Ərəbistanı Krallığının husilər tərəfindən həyata keçirilən hücumları qətiyyətlə pislədiyini bildirib.
“Bu hücumlar beynəlxalq hüququn və Səudiyyə Ərəbistanı Krallığının ərazi bütövlüyünün pozulmasıdır. Krallıq öz ərazisini, xalqını və sakinlərini qorumaq hüququna malikdir. Səudiyyə Ərəbistanı öz maraqlarını müdafiə etmək üçün beynəlxalq hüquqa uyğun bütün zəruri tədbirləri görəcək”, – Mazin bin İbrahim Əl-Kahmus qeyd edib.
Onun sözlərinə görə, Bakıda keçirilən görüş üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə və şəffaflığın təşviqi istiqamətində birgə səylərinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Mazin bin İbrahim Əl-Kahmus üzv dövlətləri cinayət yolu ilə əldə edilmiş gəlirlərin müəyyənləşdirilməsi və izlənilməsi, eləcə də müvafiq məlumatların mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Səudiyyə Ərəbistanının təqdim etdiyi qətnamə layihəsini dəstəkləməyə çağırıb.
Mazin bin İbrahim Əl-Kahmus bu məqsədlə “Globe” şəbəkəsinə qoşulmağın vacibliyini də qeyd edib.