ABŞ Prezidenti Donald Tramp ölkəsinin İsraillə birlikdə İrana qarşı apardığı müharibənin yaxın vaxtlarda başa çatacağına əmin olduğunu bildirib.
Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Texas ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Müharibə çox tezliklə başa çatacaq və biz Venesuelada olduğu kimi qalib gələcəyik”, – deyə ABŞ Prezidenti bildirib.
O, ABŞ-ın hərbi əməliyyatlarda üstünlük qazandığını iddia edərək müharibənin istədiyi vaxt başa çata biləcəyini vurğulayıb.
“Biz inamla qalib gəlirik. Müharibə mən istədiyim an başa çata bilər”, – deyə Tramp qeyd edib.
ABŞ lideri bildirib ki, ondan İranla müharibənin nə vaxt bitəcəyini soruşublar.
“Mən cavab verdim ki, istədiyim vaxt. Bu, çox tez baş verəcək. Amma biz müharibəni düzgün şəkildə başa çatdırmalıyıq”, – deyə o əlavə edib.
Tramp çıxışında Tehranın heç vaxt nüvə silahı əldə etməməli olduğu barədə mövqeyini də təkrarlayıb.