Niderlandla münasibətlərin inkişafı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsinə də töhfə verir.
Qarabaginfo.az xəbər verir ki, bunu APA-yan açıqlamasında Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Tahir Mirkişili deyib ki, Prezident İlham Əliyevin Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul etməsi, görüşdə verilən mesajlar iki ölkə arasında münasibətlərin müsbət dinamikasını və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün mövcud imkanları nümayiş etdirir: “Görüş ötən il Kopenhagendə Azərbaycan Prezidenti ilə Niderlandın sabiq baş naziri arasında aparılmış müzakirələrin davamı kimi siyasi dialoqun ardıcıllığını göstərir. Bu, tərəflərin diplomatik təmaslarla kifayətlənməyərək iqtisadiyyat, investisiya və digər sahələrdə də əməkdaşlığı genişləndirmək niyyətini ortaya qoyur”.

Azərbaycanın regional sülhə töhfəsi Avropada yüksək qiymətləndirilir
Deputat qeyd edib ki, Niderland xarici işlər nazirinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır: “Bu mövqe regionda davamlı sülhün əldə edilməsinin Avropanın da maraqlarına uyğun olduğunu göstərir. Azərbaycanın sülh gündəliyi və regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar beynəlxalq tərəfdaşlarla münasibətlərdə mühüm yer tutur. Avropa ölkələrinin bu prosesə verdiyi qiymət Azərbaycanın regional məsələlərin həllində iştirakını və diplomatik təmasların əhəmiyyətini önə çıxarır. Cənubi Qafqazda sabitlik yalnız region dövlətləri üçün deyil, Avropanın təhlükəsizliyi, iqtisadi əlaqələri və nəqliyyat marşrutlarının davamlılığı baxımından da vacibdir. Buna görə də sülh prosesinə beynəlxalq dəstəyin ifadə olunması və tərəflər arasında dialoqun genişlənməsi əhəmiyyətlidir”.

Azərbaycan etibarlı humanitar və logistika tərəfdaşıdır
Tahir Mirkişili diqqətə çatdırıb ki, Yaxın Şərqdə gərginlik fonunda Niderland vətəndaşlarının, o cümlədən bu ölkənin Tehrandakı səfirliyinin əməkdaşlarının Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz təxliyəsinə göstərilən dəstək ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirib: “Belə vəziyyətlərdə təhlükəsiz tranzitin təşkili, logistika imkanlarının səfərbər edilməsi və diplomatik əlaqələndirmə Azərbaycanın regional əhəmiyyətini artırır. Bu təcrübə ölkəmizin yalnız enerji təchizatında deyil, həm də humanitar məsələlərdə və beynəlxalq nəqliyyat əlaqələrində etibarlı tərəfdaş olduğunu göstərir”.

İqtisadi əməkdaşlıq üçün yeni imkanlar
Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü bildirib ki, Niderlandla əlaqələrin inkişafında iqtisadi və investisiya əməkdaşlığı xüsusi yer tutur. Niderland şirkətlərinin Azərbaycanda fəaliyyəti, müasir texnologiyaların tətbiqi və qabaqcıl təcrübənin cəlb edilməsi qeyri-neft sektorunun inkişafına töhfə verə bilər.
Deputat Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və ölkəmizin nəqliyyat-logistika infrastrukturunun bu baxımdan əhəmiyyətini vurğulayıb: “Niderlandın kənd təsərrüfatı, logistika və innovasiya sahələrində təcrübəsi Azərbaycan üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradır”.
Niderlandla dialoq Azərbaycan-Aİ əlaqələrini gücləndirir
Tahir Mirkişili vurğulayıb ki, Niderlandın Avropa İttifaqının qurucu üzvlərindən biri olması və ittifaq daxilində mühüm iqtisadi-siyasi mövqeyə malikliyi Bakı ilə Amsterdam arasında münasibətləri daha geniş kontekstdə əhəmiyyətli edir: “Niderlandla qarşılıqlı hörmətə əsaslanan dialoqun inkişafı Azərbaycanın digər Avropa ölkələri və Aİ institutları ilə əməkdaşlığı üçün də əlavə imkanlar yaradır. Azərbaycanla Aİ arasında münasibətlər enerji əməkdaşlığı ilə məhdudlaşmır. Orta Dəhliz, nəqliyyat bağlantıları, ticarət, investisiyalar və regional təhlükəsizlik də tərəfdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturu Avropa ilə Asiya arasında yükdaşımaların şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Niderlandın xarici işlər naziri ilə görüşü siyasi dialoqun davamlılığını və əməkdaşlığın praktiki nəticələrə yönəldilməsi üçün mövcud potensialı göstərir. Bu potensialdan səmərəli istifadə həm ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə, həm də Azərbaycanın Avropa ilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində tərəfdaşlığının möhkəmlənməsinə xidmət edə bilər”.