Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əlavələr nədən qaynaqlanır? - Mətbuat Şurasının şərhi
Ana Sayfa > Karusel / Multimedia > "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əlavələr nədən qaynaqlanır? - Mətbuat Şurasının şərhi

"Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əlavələr nədən qaynaqlanır? - Mətbuat Şurasının şərhi


Bu gün, 10:19. Yazar: Admin

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib | İqtisadiyyat.az

"Ölkə jurnalistlərinin bu il oktyabrın 16-da keçirilmiş IX qurultayında “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əlavələr qəbul edildi. Günümüzün tələblərindən qaynaqlanan əlavələrdə iki başlıca amil süni intellekt və şəxsiyyət hüquqlarının müdafiəsidir".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının jurnalistlərin IX qurultayının qərarı ilə bağlı şərhində bildirilib.

Qeyd olunub ki, dəyişikliklər hər iki amili media fəaliyyəti ilə uzlaşdırmaq, onlara nəzərən bu fəaliyyətdəki səmərəliliyi artırmaq məqsədi daşıyır: "IX qurultayda AJEDQ-ya özündə 4 bəndi birləşdirən “Süni intellektdən etik istifadə” adlı 6-cı prinsip əlavə edilib. Bu prinsipin ilk 6.1-ci bəndini çağırış kimi qiymətləndirmək olar. Başqa sözlə desək, media subyektləri süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyənləşdirən daxili sənədlərin qəbuluna dəvət edilir. O sənədlər ki, onlarda süni intellektdən istifadənin məqsədləri, sərhədləri, yoxlama prosedurları və redaksiya məsuliyyəti aydın şəkildə göstərilsin. Bu bənddə, habelə, media subyektlərinə öz əməkdaşlarının süni intellektdən istifadə bacarıqlarının artırılması istiqamətində müvafiq şərait yaratmalarına dair tövsiyə də əksini tapır.

AJEDQ-ya əlavə olunmuş 6-cı prinsipin 6.2-ci bəndi daha çox süni intellekt məlumatlarının ehkamlaşdırılmasının qarşısının alınmasına, həmin məlumatların şübhələndirilməsinin vacibliyinə duyulan ehtiyacın təsviridir. Belə ki, əlavə olunmuş 6.1-ci bənd süni intellektdən istifadəni təbliğ edirsə, 6.2-ci bənd bu işə ehtiyatla yanaşmağı əsas götürür. Bənddəki ilk cümlə də belə söyləməyə əsas verir: “Süni intellekt sistemlərindən istifadə jurnalistin peşəkar mühakiməsini, redaksiya müstəqilliyini və insan nəzarətini əvəz etməməlidir”".

Məlumata görə, 6.3-cü bənddə bildirilir ki, süni intellektin köməyi ilə hazırlanmış materialların yayılmasından əvvəl həmin materialların məzmunu, faktoloji dəqiqliyi və mənbələri yoxlanılmalıdır. Çünki məsuliyyət daşıyan tərəf jurnalist və ya onun çalışdığı media subyektidir: "Söhbət həm etik, həm də hüquqi məsuliyyətdən gedir. Nəzərə alaq ki, süni intellekt alətləri bəzən onlara ünvanlanmış sorğunu cavablandırarkən, ciddi yanlışlıqlara yol verir, bəzən isə mövzuya aidiyyatı olmayan məsələləri qabardırlar. Məlum olduğu kimi, hazırda süni intellekt alətlərinin köməyi ilə müxtəlif məzmunların yaradılması, həmçinin, hazır məzmunların dəyişdirilməsi həyata keçirilir. Əlbəttə, demək olmaz ki, bu, mənfi haldır. Bir halda ki, niyyət və məram mütərəqqi olsun, ictimai maraq və manafelər qorumağı hədəf seçsin. Ancaq hətta belə hallarda da oxucu süni intellekt məhsulu barədə məlumatlandırılmalıdır ki, həm şəffaflıq təmin olunsun, həm də məzmun mövzunun auditoriya tərəfindən düzgün anlaşılmasını çətinləşdirməsin, böyük anlamda isə cəmiyyətin informasiya ehtiyacının qarşılanmasında manipulyativ tona üstünlük verildiyinə dair təəssürat yaranmasın. Onu da nəzərə alaq ki, belə bir təəssürat medianın və ya jurnalistin etimadını zədələyə bilər. Yəni, media və ya jurnalist bilgi paylaşılması ilə yanaşı, özünün nüfuzunu qorumağı da düşünməlidir. AJEDQ-ya əlavə olunmuş 6-cı prinsipin 6.3 bəndində yer almış daha bir tələb məhz bu qeyd etdiklərimizdən qaynaqlanır".

Qeyd edilib ki, AJEDQ-ya əlavə olunmuş 6-cı prinsipin 4-cü bəndi də günümüz üçün son dərəcə vacib praktik məqamlardan irəli gəlir: "İlk növbədə, müəlliflik hüquqularının üzərində dayanmağa ehtiyac var. 4-cü bənddə bildirilir ki, süni intellekt sistemlərindən istifadə zamanı müəlliflik hüquqlarına riayət olunmalıdır. Yəni, jurnalist və ya media orqanı, heç bir halda, süni intellektin məhsulunu mənimsəmək yolu tutmamalıdır. Həmin bənddə yer almış şəxsi məlumatların və mənbələrin məxfiliyinin qorunması, insan ləyaqəti və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə əməl olunmasının vacibliyinə gəlincə, hesab edirik ki, burada da birbaşa məsuliyyətə çağırış ruhu var. Elə bir məsuliyyət ki, ona məhəl qoyulmaması nəinki etik nöqteyi-nəzərdən yolverilməzdir, eyni zamanda, hüquqi cəza mexanizmlərinin tətbiqi reallığını da doğura bilər. Azərbaycan jurnalistlərinin IX qurultayında AJEDQ-ya növbəti əlavələr “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinə edildi. Dəqiq desək, 12 bəndlik prinsipə daha 5 bənd əlavə olundu. Arayış üçün bildirək ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi 2025-ci ilin dekabrında “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarını açıqlamışdı. Kifayət qədər geniş məzmun daşıyan bu qərarda media fəaliyyəti, daha doğrusu, medianın və jurnalistlərin həssas davranmalarını nəzərdə tutan müddəalar da var. Ali Məhkəmə həmin müddəaları bu ilin fevralında yaydığı məlumatda ayrıca diqqətə çatdırmış, ətraflı izah vermişdi. AJEDQ-ya əlavələrin məramında isə qurumun izahı dayanır. Beləliklə, AJEDQ-nın “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinə əlavə edilmiş 3.13-cü bənddə son dövrlər geniş yayılmış informasiya texnologiyalarından istifadə zamanı şəxsiyyət hüquqlarının pozulması hallarının mümkünlüyü üzərində dayanılır. Qeyd edək ki, belə təmayüllər artmaqdadır və cəmiyyətdə ciddi narazılıq doğurur. Həmçinin, nəzərə alaq ki, jurnalistlər informasiya texnologiyalarından, o cümlədən süni intellekt sistemlərindən fəal yararlanırlar və mövcud tendensiya mütəşəkkil informasiya yayıcıları kimi onları şəxsiyyət hüquqlarına daha həssas yanaşmalı olan tərəfə çevirir. Ona görə də AJEDQ-ya əlavə olunmuş 3.13-cü bənddə bildirilir ki, jurnalistlər qanunla müəyyən edilmiş hallar istisna olmaqla, informasiya texnologiyalarından üçüncü şəxslərin şəxsi həyatına, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə etməməli, fərdi məlumatların dairəsinin, onların emalının, toplanmasının, ötürülməsinin, istifadəsinin və mühafizəsinin şərtlərinin qanunla müəyyənləşdirildiyini əsas götürməlidirlər".

Bildirilib ki, AJEDQ-nın daha bir yeni - 3.14-cü bəndində yer alan fikirlər də Ali Məhkəmənin izahı ilə, demək olar, eynidir və məsələnin üzərində bir qədər geniş dayanmağa ehtiyac var.: "Əgər əvvəllər kimlərsə hansısa şəxslər barədə onlara məlum olan doğru bilgiləri paylaşırdılarsa, Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarından sonra artıq hər doğru bilginin, daha dəqiq desək, hər kəs haqqındakı doğru bilginin icazəsiz paylaşılması və ya bölüşülməsi yolverilməzdir. Bu səbəbdən AJEDQ-nın yeni 3.14-cü bəndində bildirilir: “Jurnalistlər nəzərə almalıdırlar ki, həyatı və fəaliyyəti ictimai əhəmiyyət daşımayan şəxs haqqında faktın doğruluğu, həmin faktın informasiyaya çevrilməsinə, onun dərhal yayılmasına imkan vermir. Bu kateqoriyadan olan şəxsin razılığı yoxdursa, onun özəl məlumatlarının, ailə həyatına dair bilgilərin toplanması, saxlanılması və yayılması yolverilməzdir”. Məlum olduğu kimi, Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarında hər bir şəxsin öz sosial şəbəkə hesabında paylaşdığı bilginin və ya fotonun kənar şəxslər tərəfindən istifadəsində, belə demək mümkünsə, ləyaqətli sərbəstlik tanınır. Yəni, hər kəs bilməlidir ki, əgər özü barəsində hansısa fotonu və bilgini yayırsa, şəxsi həyatını, müəyyən mənada, həm də qorumasız duruma gətirir. O da məlumdur ki, hazırda sosial şəbəkələr də bir çox hallarda media və ya jurnalistlər üçün informasiya mənbəyi rolunda çıxış edirlər. Əlbəttə, media daha çox cəmiyyətdə tanınan şəxslərin sosial şəbəkə paylaşımlarına informasiya dəyəri qazandırır. AJEDQ-nın yeni - 3.15-ci bəndində bu meyil əsas götürülərək bildirilir ki, “jurnalist şəxsin özünün sosial şəbəkələrdə paylaşdığı və hər kəsə açıq olan bilgiləri informasiya çevrirəndə məsxərədən və aşağılayıcı tondan uzaq durmalıdır”. Qeyd edək ki, bu tələb qaydaların “Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması” adlı 5-ci prinsipinin 5.7 bəndində yer almış “jurnalist yazılarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunub saxlanmasına da çalışmalıdır” tələbi ilə oxşarlıq təşkil edir. Onu da bildiririk ki, ümumən AJEDQ-də jurnalistlərin yaydıqları materialların ictimai əhəmiyyətlilik kriteriyası baxımından 3 cəhət üzərində dayanılır. Bunlardan birincisi sağlamlıq və təhlükəsizliyin qorunması, ikincisi ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiəsi, üçüncüsü isə ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılmasıdır".

Qeyd edilib ki, AJEDQ-nın yeni - 3.16-cı bəndi əlavə olunmuş digər bəndlər kimi, Ali Məhkəmənin məlum Plenum qərarından qaynaqlansa da, sadaladığımız 3 cəhətə istinad yükünə malikdir: "Belə ki, həmin bənddə jurnalist fəaliyyətinin, ilk növbədə, ictimai marağın qarşılanmasını rəhbər tutmalı olduğu vurğulanıb. Ən başlıcası isə bildirilib: “Hər bir media subyekti təmsilçisi və ya müstəqil jurnalist konkret şəxs haqqında yaydığı məlumatın və ya bilginin cəmiyyətin maraq dairəsində olub-olmadığını dəqiq müəyyənləşdirməli, həssas yanaşmalıdır”. Nəhayət, hesab edirik ki, AJEDQ-ya, daha doğrusu, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinə Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarından irəli gələrək edilən əlavələr baxımından ən mühüm məqam 3.17-ci bənddə əksini tapıb. Həmin bənddəki ilk cümlədə bildirilib ki, publik şəxslərin davranışlarının, qərarlarının və fəaliyyətlərinin cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsiri var və bu amil onların şəxsi həyatının da ictimai nəzarətə açıqlığını normaya çevirir. Amma “jurnalist belə açıqlıq şəraitində də legitim mənafeləri gözləməli, ictimai marağı aşmamalı, publik şəxslərin konkret fəaliyyət dairəsinə diqqət yetirməli, həmin fəaliyyətə aidiyyatı olmayan lüzumsuz məqamları qabartmamalıdır”. Sonda belə qənaətə gəlmək mümkündür ki, Azərbaycan jurnalistlərinin IX qurultayında AJEDQ-ya edilmiş əlavələr media subyektləri təmsilçiləri, jurnalistlər, bütövlükdə özünü cəmiyyətə informasiya verilməsinə məsul sayan şəxslər üçün həssaslıq çağırışı olmaqla yanaşı, onların yeni dövrün tələbləri şəraitində yaradıcılıq dairələrini genişləndirməkdədir. İnformasiya, xəbər və ya bilgi yayıcılığı AJEDQ-da əksini tapmış yeniliklər üzərində qurulsa, bu fəaliyyəti həyata keçirənlər mümkün problem və çətinliklərdən uzaq olar, nəticədə medianın IV hakimiyyət funksiyası daha səmərəli şəkildə yerinə yetirilər. Əlbəttə, ümumən, peşə həssaslığından irəli gələn məsuliyyətli davranış tərzinin qorunması mütləqdir".


Geri dön