Ana Sayfa > Karusel / Gündəm / Mədəniyyət > Atasını ermənilər sürgün etdirdi, Zerkalo Klaranı buterbrodla danışdırdı, “əclaflar axırıma çıxdı” deyib dünyasını dəyişdi - “Qara “Volqa”nın müəllifi

Atasını ermənilər sürgün etdirdi, Zerkalo Klaranı buterbrodla danışdırdı, “əclaflar axırıma çıxdı” deyib dünyasını dəyişdi - “Qara “Volqa”nın müəllifi


10-02-2021, 15:05. Yazar: Admin

 

Bu gün detektiv yazıçı Cəmşid Əmirovun doğum günüdür. 

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Cəmşid Cabbar oğlu Əmirov 1918-ci il fevralın 10-da Naxçıvanda “Şirvanlar məhəlləsi”ndə anadan olub.

***

1937-ci ildə atası Cabbar Əmirov ermənilərin əli ilə həbs edilir və “Xalq düşməni” adı altında on il müddətinə Arxangelskə sürgün olunur. Cabbar kişinin həyat yoldaşı Tərlan xanım uşaqla birgə başsız qalır.

***

Bakıda yeddinci sinfi bitirən Cəmşid sənədlərini N. Nərimanov adına texnikuma verərək kimya fakültəsinə daxil olur. Tələbəlik illərində ədəbi yaradıcılığa maraq göstərən Cəmşid kiçik hekayə və məqalələr yazsa da, lakin onları çap etməyə tələsmir. O, texnikumu bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna daxil olur və müəyyən səbəblərdən oranı yalnız 1966-cı ildə bitirir.

***

Cəmşid İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olur. Ordudan tərxis ediləndən sonra "Amustral"ın tikintisində fəal iştirak edir. “Azərbaycan gəncləri” qəzetində məsul katib, "Gənc işçi" qəzetində şöbə müdiri, "Bolşevik" qəzetində məsul katib işləyir.

Texnika Elmləri Doktoru, SSRİ Dövlət Mükafatları Laureatı, Azərneft Birliyinin rəisi, Azərbaycan KP MK-nin katibi Əli Əmirovun qardaşı olub.

***

Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlayıb. Onun ilk mətbu oçerki "Dəqiqələr, saniyələr..." "Azərbaycan gəncləri" qəzetinin 28 avqust 1946-cı il tarixli sayında dərc edilib. “Sahil əməliyyatı”, “Brilliant məsələsi”, “Qara Volqa”, “Şəhər yatarkən” əsərlərinin müəllifidir.

***

Əsərlərini yazmazdan əvvəl milis əməkdaşları ilə əməliyyatlarda və məhkəmələrdə iştirak edir, arxiv materialları ilə diqqətlə tanış olur. Ona görə də əsərlərində real hadisələr və obrazlar daha qabarıq olub.

***

“Brilyant məsələsi” əsərindəki Əli Rüstəmovun real prototipi milis orqanlarında işləmiş, istefaya çıxmış polkovnik Səfərəli Rüstəmov idi. O, Mircəfər Bağırovun qəzəbinə tuş gələrək həbs olunur. Cəmşid Əmirov sonradan onun haqlı olduğunu sübut edir və Səfərəli Rüstəmovu əsərlərinin baş qəhrəmanına çevirir.

***

Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə macəra janrına müraciət edən yazıçı Cəmşid Əmirov olub. Onun bir çox əsərləri kimi “Brilyant məsələsi” kitabına maraq o qədər güclü idi ki, artıq əl-əl gəzən bu əsər öz məcrasından çıxmışdı. Həmin dövrdə bu kitabı əldə etmək müşkül məsələ idi. Əsər sözün əsl mənasında o dövrdə bir hadisəyə çevrilir. “Brilyant məsələsi”ndən öncə Azərbaycan polislərinin həyatından, onların ağır, çətin işindən bəhs edən “Sahil əməliyyatı” povesti ilə nəinki respublikamızda, hətta ondan çox-çox uzaqlarda tanınmağa başlamış və əsər bir neçə dilə tərcümə olunub. Əsərin ssenarisinin yazılması üçün yazıya müraciət olunur və nəticədə həmin povest əsasında “İstintaq davam edir” filmi çəkilir. Film üçün helikopter və katerlərin təşkilində Heydər Əliyevin böyük köməyi olub.

1969-cu ildə yazıçının ən məşhur və səs-küy yaradan əsəri “Qara “Volqa” povesti çapdan çıxır. Əsər sovet hakimiyyəti dövründə ilk dəfə 100 min tirajla çap olunur. Kitab bir müddət qeyri-rəsmi şəkildə qadağan olunur. Buna baxmayaraq, hətta milis əməkdaşları belə kitabı müxtəlif yollarla əldə edərək gizlin şəkildə oxuyurlar.

***

“Brilyant məsələsi” əsərindəki prototiplərdən biri də “Tapança” ləqəbli Yədulla olur. Yazıçının arxivindəki məktubların birində müəllif qeyd edir ki, həqiqətən də tanış olduğu Yədulla yazıçının təsvir etdiyi qatı cinayətkardır.

***

Oxucuların əksəriyyəti Cəmşid Əmirovu yazıçıdan çox bir hüquq mühafizə işçisi olduğunu da zənn edirdilər. Hətta cinayət aləminin üzvləri belə onu bir müstəntiq bilirdi.

***

Əsərdə Cəmşid Əmirovun yaratdığı Klara obrazı isə Klara Yusifzadənin yəni Zerkalo Klaranın prototipi olur. Klaranın atası 1938-ci ildə Mircəfər Bağırov tərəfindən güllələnir. Başsız qalan qızı cinayətkar dəstəyə cəlb edirlər. Uzun illər sonra Klara başına gələnlərin hamısını hüquqşünas və milis əməkdaşı zənn etdiyi Cəmşid Əmirova nəql edir.

“Brilyant məsələsi”nin diqqət çəkən üzvlərindən Klara ömrünün son günlərində verdiyi müsahibələrin birində deyir: Cəmşid Əmirov yaxşı adam idi. Allah ona rəhmət eləsin. Allah haqqı, mənimlə qızı kimi rəftar edirdi. Ya bir dəfə səsini qaldıra üstümə, ya söyə, vura. Yox! Qətiyyən onda belə şeyləri görmədim. Əksinə o vaxt “Qorotdel”də nə şərait olasıydı ki, hamam yox, saçımı daramağa imkanım yox. Bit-birə də day nə qədər desən. Uzun, qalın hörüklərim vardı. Saçımı bit basıb, əyin-başım pis gündə. Verilən yeməkləri yeyə bilmirdim. Bir sözlə vəziyyətim ağırıydı. Cəmşid Əmirovun iri qara portfeli vardı, gəlib otağa daxil olan kimi qoyurdu stolun üstünə. Evdən gətirdiyi buterbrodları çıxardıb zorla yedirdirdi mənə. Düzü, nə qədər ac olsam da, çəkinirdim, utanırdım. O kişi isə əl çəkmirdi, onların hamısını yedirdib, üstündən də su içəndən sonra başlayırdı söhbətə. Mənim belə gənc yaşımda ölüm hadisəsiylə bağlı ora düşməyim çox ağır gəlirdi ona. Nəslimi, kökümü tanıyırdı, başımıza gələn müsibətlərdən xəbərdar idi. Və bu yola düşməyimin səbəbləri ona aydın idi. Bütün bunlara görə də heyfslənirdi, əzab çəkirdi. Əlindən gələn yaxşılığı edirdi mənimçün…”

***

“Qara “Volqa” romanı Azərbaycan detektiv ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir. Əsər yazıçı Cəmşid Əmirovun “Brilyant məsələsi” romanının davamıdır. Birinci romanda söhbət
Yədullanın yaratdığı kriminal qruplaşma ilə mübarizə aparılırsa,
ikincidə obrazlar dəyişir, burda qəhrəman Pəncəli Aslan və onun
cinayətkar dəstəsidir. Söhbət müharibədən sonranın Bakısında cərəyan edən hadisələrdən gedir. Əsərin qəhrəmanı Pəncəli Aslan qadındır.

Cəmşid Əmirov milli mətbuatda kriminal hadisələrdən və məhkəmə oçerklərindən yazan ilk jurnalistlərdən biri olub. O, əsasən Bəbirov qardaşları imzası ilə çap olunub.

***

“Qara “Volqa”dan sonra 13 il yazıçının heç bir kitabı çap olunmur. 1982-ci ildə o, xəstələnib yatağa düşür. Son nəşr olunan “Şəhər yatarkən” əsərini əlinə alan yazıçı kitabda dəhşətli dərəcədə gedən ixtisarları görüb, üzü birdən-birə dəyişir. Xəstəxanada yatan atanı sevindirmək üçün kitabı gətirən Çingiz atasının halının dəyişdiyini görüb həkimi çağırmaq istəyir. Lakin Cəmşid müəllim ona imkan verməyərək deyir: “Xainlər bu kitabla axırıma çıxdılar”– deyib bir neçə saatdan sonra 1982-ci il dekabrın 29-da vəfat edir.

 


Geri dön