Bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attarı Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib. Qeyd edək ki, şuranın sədri cənab Ərdoğandır.
Qarabağ savaşında daim Azərbaycanın yanında olan qardaş ölkənin prezidenti qarabağlı xanım professoru yüksək görəvə layiq görməklə də hər birimizi məmnun etdi. Qubadlıda anadan olmuş, 30 ildən artıqdır Türkiyədə yaşayan Aygün xanım uzun müddət Giresun Universitetinə rektorluq edib, 2019-cu ildən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun başqanı olaraq çalışır. “Yeni Müsavat”a müsahibəsində Aygün xanım Attar oxucularımızı maraqlandıran sualları cavablandırdı.
– Aygün xanım, Türkiyə prezidenti sizə böyük etimad göstərdi. Bu təyinat gözlənilməz olmadı ki?
– Xeyr. Çünki prezident Ərdoğanın Azərbaycana olan yaxın münasibəti ortadadır. Bundan əlavə, əvvəllər də Azərbaycan Prezidentinin Türkiyəni rəsmi ziyarətlərində də dəfələrlə sayın Ərdoğan tərəfindən o ziyarətlər əsnasında hər iki ölkənin nümayəndə heyətinə qatıldığı görüşmələrin qeyri-rəsmi hissəsində iştirak etmişəm. Həmçinin Türkiyədə yaşadığım 30 il ərzində Türkiyə ictimaiyyəti, yerli media mənsubları məni Türkiyədə -Azərbaycan münasibətlərində körpü rolunu oynayan bir insan kimi gördükləri üçün sağ olsunlar. Bu təşkilat Prezident Administrasiyası içərisindədir, onun da sədri cənab Ərdoğandır. Orada sayın cümhurbaşkanımızın sözçüsü İbrahim Kalın bəy, bir neçə nəfər baş danışmanları yer alır və bir üzvü də mənəm.
– Son illərədək siz Giresin Universitetinin rektoru olaraq daha çox tanınırdınız. Amma belə görünür ki, artıq rektorluq sizin üçün keçilmiş mərhələdir.
– Bəli. Mən 30 ildir Türkiyədə elmi fəaliyyətlə məşğulam, hələ də məşğul olmağa davam edirəm. Elmi fəaliyyətlər insan həyatının sonuna qədər davam edən fəaliyyətlərdir. Mənim üçün də elə olacaq. Qarabağ zəfəri sonrasında Qafqazlarda olan geopolitik vəziyyətə dair bir monoqrafiya üzərində çalışıram. Eyni zamanda kafedra müdirliyi, dekanlıq, prorektorluq, rektorluq kimi elmi pillərin hamısında 30 il boyunca çalışdım. İlk dəfə Azərbaycanda doğulub-böyüyən, Azərbaycan kökənli bir Türkiyə vətəndaşı olaraq görəv həyata keçirdim, bununla da çox qürur duyuram.
– Aygün xanım, Türkiyə və Azərbaycan arasında dostları sevindirən, düşmənləri pəjmürdə edən münasibətləri təbii ki, izləyirsiniz. Sizcə, indiki əlaqələrin daha da yüksəldilməsi istiqamətində hansı addımlar atıla bilər? Azərbaycan-Türkiyə ittifaqı, yaxud “Bir millətin bir dövləti” yaradılsın deyə, yanaşmalar var burada. Türkiyədə belə müzakirələr olurmu?
– Vallah mən səmimiyyətlə sualınıza cavab verib ki, söylədiyiniz “Bir millətin bir dövləti” barədə müzakirələrə rast gəlməmişəm. Amma Türkiyədə həm millət, həm dövlət ən yüksək səviyyədə “Bir millət, iki dövlət” konsepsiyasından çıxış edərək Türkiyə-Azərbaycan münasibətlərinin inkişafını, gücləri birləşdirərək bölgədə sabitliyin yaradılması, barışın davam etdirilməsi, Azərbaycanın haqlı davasında Ali Baş Komandanın müzəffər bir komandan olaraq, qəhrəman Azərbaycan Ordusunun sayəsində zəfərlə başa çatdırdığı ikinci Qarabağ savaşının sonrakı mərhələsində diplomatik müstəvidə beynəlxalq hüquqa uyğun şəkildə haqq və hüquqlarının sonuna qədər Azərbaycanın arxasında durur. Türkiyə də bu məsələdə Azərbaycana mənəvi olaraq hər cür dəstək verməyə hazır olduğunu cümhurbaşkanı, xarici işlər naziri, milli müdafiə naziri səviyyəsində söyləyir. Xalq da bu fikri ciddi şəkildə dəstəkləyir. Bölgə siyasətində çox əhəmiyyətli olan güclü bir Türkiyə ilə birlikdə Cənubi Qafqazın ən güclü goepolitik və stratejik olaraq ən güclü dövləti olan Azərbaycanın işbirliyi həm iki ölkənin siyasətinə, həm də dünya siyasətinə öz töhfəsini verəcək, mənim də düşüncəm budur. Yəni bölgənin güclü, qüdrətli iki dövləti və bir milləti.
– İnşallah, Mehri dəhlizinin açılması ilə iki qardaş ölkə arasında quru yol əlaqəsi bərpa olunması ilə inkişaf daha da sürətlənəcək, elə deyilmi?
– Bəli. Bilirsiniz ki, Atatürk 20-ci yüz ilin əvvəllərində Naxçıvan qapısını “Avrasiya qapısı” adlandırmışdı, demişdi ki, bu, sadəcə, bizim Azərbaycana açılan qapımız deyil, Avrasiyaya açılan qapımızdır. Türkiyə yüzillik xəyalını həyata keçirəcək. Bəzən biz bu məsələnin üzərində çox az dayanırıq. Amma Azərbaycan Qarabağ zəfərindən sonra Asiya ilə Avropa arasındakı bu quru dəhliz yolu açmaqla çox əhəmiyyətli strateji zəfərə imzasını atmış oldu. İndiki halda o dəhlizə nəzarətin hansı güclər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq – mən burada üçüncü dövlət olaraq Rusiyanın varlığını nəzərdə tuturam – yaxın tarixdə də, uzun vədədə də çox böyük strateji bir həmlədir, açılımdır. Bu, Azərbaycanın diplomatik bacarığıdır, Türkiyənin də ikinci Qarabağ savaşında Azərbaycana mənəvi olaraq verdiyi lojistik dəstəyin də təzahürüdür.
– Qarabağın Rusiya sülhməramlılarının təsir zonasında olan hissəsində erməni terrorçuları hələ də mövcuddur və onların rəhbərləri son vaxtlar baş qaldırıb Azərbaycan bayrağının Xankəndində dalğalanmayacağını iddia edirlər. Siz bu proseslərin sonunu necə görürsünüz?
– Bilirsiniz ki, erməni məsələsi mənim çalışma sahəmə aiddir, onları yaxından təqib edirəm. Mən gələcəyə nikbin baxıram. Ona görə ki, öz millətinə ən böyük zərəri vuran, amma eyni zamanda utopik xəyalların arxasınca gedərək bölgədə barışı ortadan qaldıranların kimliyi bəllidir. Azərbaycanın maddi və mənəvi olaraq böyük zərərlər vurulan bir prosesin sonucunda həm diplomatik, həm hüquqi, həm də hərbi yolla zəfər qazandığı ortadadır. Hər nə qədər ermənipərəst olsalar belə, bütün Qərb dövlətləri, Avropa dövlətləri də bunun fərqindədirlər. Bu, dünyada da qəbul olunan bir nəticədir ki, Azərbaycan diplomatik olaraq da zəfər qazandı, əsgəri yolla da. Ermənilərin bəyanatları da məğlubiyyəti qəbul etməklə yanaşı, çarəsiz son çırpıntılarıdır. Bunlar öz ictimaiyyətlərinə, erməni diasporuna yönəlik populist hayqırtılardır. Onların sözlərinin nə hüquqi olaraq heç bir qarşılığı yoxdur, görürsünüz ki, Rusiya da bölgədə onların iddialarına qarşı son dərəcədə diqqətli bir mövqe sərgiləyir. Ona görə də mən bu bəyanatları çarəsiz çırpıntılarla özlərini sakitləşdirmə cəhdi kimi qiymətləndirirəm. Məğlubiyyətə uğramış insanların tör-töküntülərinin o məğlubiyyətin nəticələrilə yaşamağa məhkum olacağı həqiqəti var ortalıqda. Azərbaycan bayrağının Xankəndində dalğalanacağı gün yaxındır. Zatən beynəlxalq hüquqa da uyğun olaraq ora Azərbaycan torpaqlarıdır. Azərbaycan humanist yanaşma ilə indiki dönəmində orada reabilitasiya prosesinin tamamlanmasını təmkinlə gözləyir. Azərbaycanın dövlət başçısı bu məsələ ilə də bağlı öz düşüncələrini beynəlxalq miqyasda dilə gətirir. Azərbaycan dövləti Ermənistan tərəfindən Azərbaycana 28 illik işğal müddətində vurulmuş maddi, mənəvi və mədəni zərərlərin hamısının hesabını beynəlxalq hüququn müddəalarına uyğun bir şəkildə Ermənistandan tələb edəcək, dövlət başçısı bunu bildirib. Azərbaycan zəfər qazanıb, mən bu məsələnin müzakirə olunmasını da doğru bilmirəm. Çünki ortada Azərbaycanın zəfəri var.
– Aygün xanım, bu bir faktdır ki, Ermənistan Konstitusiyasında və gerbində Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıb. Belə olan təqdirdə Ankara Ermənistanla sərhədlərin açılmasından öncə bu ölkənin iddialarından geri çəkilməsi, yanlışları düzəltməsi tələbini ortaya qoya bilərmi?
– Mən Zəfər paradında da iştirak edirdim və orada həm Azərbaycan, həm Türkiyə prezidentlərinin çıxışlarını diqqətlə dinlədim. Hər iki ölkənin prezidentinin çıxışında çox açıq şəkildə bir fikir, təklif var idi. Onlar bundan sonra regionun barış içərisində, hətta Ermənistanın da içərisində yer aldığı formatda inkişafı üçün təkliflərini irəli sürdülər və dövlətlərin adlarını sadaladılar. Dedilər ki, Ermənistan indiyədək öz millətinə və dövlətinə sadəcə zərər verən iddialardan və icraatlardan vaz keçdiyi təqdirdə bir dövlət olaraq bölgənin inkişafı üçün iqtisadi işbirliyi içərisində yer də ala bilər. Bu, çox açıq bir təklif idi. Ona görə də mən hər iki ölkənin dövlət rəhbərinin söylədiyi fikirləri şərh etmək istəmirəm. Çünki həm Azərbaycan, həm Türkiyə prezidentlərinin şərtləri çox açıq bir şəkildə ifadə etdiklərini düşünürəm. Əlbəttə, onların ifadə etmiş olduqları şərtlər qarşılandığı təqdirdə, təbii ki, həm Azərbaycan, həm Türkiyə Ermənistanla bağlı edilməsi zəruri olan addımları atacaqlar.
– Aygün xanım, doğma Qubadlını nə zaman ziyarət etmək fikrindəsiniz?
– (Gülərək) Əvvəla, mən sizin vasitənizlə bütün Azərbaycana təşəkkür edirəm. Mənim təyinatımdan sonra televiziyalar, saytlar, qəzetlər, sosial şəbəkə istifadəçiləri, ayrı-ayrı şəxslər çox böyük məmnuniyyətlə təyinat məsələsinin üzərində dururlar, yazırlar. Amma Qubadlıya və qubadlılılara xüsusi təşəkkürümü yazmağınızı xahiş edirəm. Çünki Avropada, Rusiyada, Ərəb Əmirliklərində, dünyanın dörd bir tərəfində olan soydaşlarımız, xüsusilə qubadlılılar çoxsaylı təbriklər ünvanladılar. Mən hər kəsə təşəkkür edirəm. Qubadlıya nə zaman gələcəyimi soruşdunuz. Cənab Prezidentin işğaldan azad olunmuş torpaqlarla bağlı Azərbaycan vətəndaşlarına xitabını dinlədim. Xalqın o bölgələrə getmək həsrətini də bilirəm, başa düşürəm demişdi. Minalar təmizləndikdən sonra, dövlət nə zaman uyğun görərsə… Dövlət uyğun gördüyü an bilin ki, həmin gün təyyarəyə oturacam və Qubadlıya getmək üçün gələcəyəm.
– Qubadlı istiqamətində sərhədlərin santimetrinədək dəqiqləşdirilməsi, Şurnuxu ətrafında yaşanan olaylar, az qala ermənilərin gözünün içərisində bayrağımızın dalğalanması hamımızı qürurlandırdı…
– Mən sizə təşəkkür edirəm bu arada, Şurnuxunu doğru söylədiyiniz üçün. Çünki həm Türkiyə, həm Azərbaycan mətbuatında Şurnux gedirdi, sanki Azərbaycana aidiyyəti olmayan yabançı kəlmə kimi…Siz sağ olun, kəndin adını düzgün ifadə etdiniz. Bəli, mənim də uşaqlıqdan çox yaxından tanıdığım Şurnuxu kəndidir o. Mən çox böyük həyəcanla bütün savaş bölgəsindəki prosesləri təqib edirdim, həmçinin doğulub-böyüdüyüm o torpaqlar uğrunda gedən döyüşləri. Ən şiddətli döyüşlər Qubadlı istiqamətində getdi. Ona görə ki, strateji olaraq çox əhəmiyyətli bir bölgədədir. Qubadlı alınmadan, o bölgə işğaldan azad olunmadan nə Laçın dəhlizinin, nə də Şuşanın azad olunmasından danışmaq mümkün idi. Ona görə də mən qürur duyuram və fəxr edirəm. Həm Zəngəzur torpağının tarixi keçmişi səbəbiylə, həm ermənilərin 1920-ci ildən sonra ruslarla işbirliyinə gedərək, min bir oyun çevirərək, bizdən alınmış Zəngəzurun tarixi bizlər üçün əhəmiyyətlidir. Mənim 25 il bundan öncə “”Zəngəzur eli necə ermənilərin oldu” yazım Türkiyənin “Asgeri tarih” jurnalında çıxmışdı. Burada bir qarış da deyil, bir santimetr torpağın belə, o tərəf-bu tərəf olmaması üçün zərgər dəqiqliyi ilə işlərin görülməsi çox əhəmiyyətlidir. Mən o bölgənin insanı olduğum üçün orada hər qarış torpağın nə anlama gəldiyini çox yaxşı bilirəm.
– Yəqin sizin evdən də əsər-əlamət qalmayıb…
– Çəkib göstərdilər. Qonşumuz, sinif yoldaşımız dünən mənə zəng etmişdi, həm də dedi ki, bacı, bilirəm səni məyus edəcəyəm, amma bizim məhəllədə evlər darmadağındır, xarabazarlığa döndəriblər… Mənim şübhəm yoxdur ki, biz yenidən qurub-yaradacağıq. Düşmən bunu unudur ki, maddi zərər vura bilir, evləri uçura, körpüləri yıxa bilir. Amma mənəvi olaraq bizə aid olan mirasımıza heç nə edə bilmədiyi müharibə ərəfəsində bir daha ortaya çıxdı. Azərbaycan xalqının iradəsi, mənəviyyatına nə qədər sahib olduğu ortadadır. Düşmənlər mənəviyyatımızdan heç bir şey ala, dağıda bilməyib, məncə, elə zəfər də budur.