ABŞ Müdafiə Nazirliyi Çin və digər iqtisadi rəqiblərinə qarşı yeni kəşfiyyat proqramı hazırlamağı planlaşdırır.
“The Washington Post“ qəzetinin oktyabrın 21-də mənbələrə istinadən yaydığı məlumata görə, proqram iqtisadi rəqabətdə kəşfiyyat imkanlarının genişləndirilməsinə yönələcək.
Bildirilir ki, yeni nəsil kəşfiyyat proqramı çərçivəsində amerikalı agentlər özlərini özəl sektorun əməkdaşları kimi təqdim edəcək və ABŞ hökuməti ilə əlaqələrini gizlədəcəklər.
Nəşrin məlumatına əsasən, təşəbbüs Pentaqonun iqtisadi rəqiblərinə qarşı daha geniş fəaliyyət strategiyasının tərkib hissəsi olacaq.
Proqrama Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) uzun illər çalışmış 39 yaşlı Tom Rakusanın rəhbərlik edəcəyi bildirilir. O, hazırda ABŞ müdafiə nazirinin birinci müavini Stiv Faynberqin baş müşaviri vəzifəsində çalışır.
Rakusan əvvəllər Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı məsələlər üzərində işləyib.