Ana Sayfa > Karusel / Dünya > Kuba ABŞ-ı BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Kuba ABŞ-ı BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib


Bu gün, 08:17. Yazar: Admin

Kuba ABŞ-ı BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Kuba Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Marko Rubionu Havanaya qarşı tətbiq olunan iqtisadi blokadanın ləğvi ilə bağlı BMT qətnaməsinin qəbuluna mane olmaq üçün digər ölkələrə təzyiq göstərməkdə ittiham edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya Havanada keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Rubio bir neçə aydır müxtəlif dövlətlərin liderlərinə şəxsən təzyiq göstərərək onları Kubanı dəstəkləmək mövqeyindən çəkindirməyə çalışır.

“Bu təzyiqi şəxsən ABŞ dövlət katibi göstərir. O, bunu artıq bir neçə aydır edir və bizim buna dair sübutlarımız var”, – Rodriqes Parrilya bildirib.

Nazir xatırladıb ki, oktyabrın 27-28-də BMT Baş Assambleyasında ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi ticarət-iqtisadi və maliyyə blokadasının ləğvinə dair qətnamə layihəsi növbəti dəfə müzakirəyə çıxarılacaq.

Onun sözlərinə görə, məsələ artıq 34-cü dəfə Baş Assambleyanın gündəliyinə daxil edilir.

Kuba XİN rəhbəri iddia edib ki, Vaşinqton uzun illər Havanı dəstəkləyən ölkələrin mövqeyini dəyişdirmək üçün diplomatik təzyiqləri artırıb.

“ABŞ-ın bu gün Kubaya qarşı etdikləri gələcəkdə istənilən başqa ölkəyə qarşı da tətbiq oluna bilər”, – nazir vurğulayıb.

Rodriqes Parrilya buna baxmayaraq, dövlətlərin böyük əksəriyyətinin qətnamə layihəsini dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Sənəd üzrə səsvermənin oktyabrın 28-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Rusiya da Kubaya qarşı ABŞ məhdudiyyətlərinin ləğvini dəstəkləyən ölkələr sırasındadır. Rusiyanın Havanadakı səfiri Viktor Koronelli Vaşinqtonun digər dövlətlərin mövqeyinə təsir göstərməyə çalışdığını bildirib.


Geri dön