Ana Sayfa > Karusel / Sosial / Yazar > POLİKLİNİKALARDA XƏSTƏLƏR NÖVBƏDƏN NÖVBƏYƏ QAÇIR! SƏHİYYƏ NAZİRLİYİ, BU ƏZİYYƏTƏ NƏ VAXT SON QOYULACAQ?!
POLİKLİNİKALARDA XƏSTƏLƏR NÖVBƏDƏN NÖVBƏYƏ QAÇIR! SƏHİYYƏ NAZİRLİYİ, BU ƏZİYYƏTƏ NƏ VAXT SON QOYULACAQ?!Bu gün, 15:51. Yazar: Admin |
![]() Poliklinikaya xəstə sağalmaq üçün gedir, amma bəzən bir analiz vermək, həkimə görünmək, USM müayinəsindən keçmək və dərman almaq üçün bütün gününü orada itirir. Bir kabinetdən digərinə qaçır, hər qapının qarşısında növbəyə dayanır. Poliklinikaların dar koridorlarında vətəndaşlar bir-birinə sürtünə-sürtünə dayanır, oturmağa yer tapmır, saatlarla növbələrinin çatmasını gözləyirlər.
Bu, insanlara tibbi xidmət göstərməkdir, yoxsa onları əlavə əziyyətə salmaq?!
Söhbət təkcə şəkərli diabet xəstələrindən getmir. İstər qan analizi, istər USM, istər başqa müayinələr, istərsə də həkim qəbulu olsun — xəstələrin qarşısına eyni problem çıxır: növbə, sıxlıq və vaxt itkisi!
Səhiyyə Nazirliyi və TƏBİB, vətəndaşlar bu vəziyyətə nə qədər dözməlidir?!
Gəlin, şəkərli diabet xəstəsinin bir gün ərzində nələr yaşadığına baxaq.
Xəstə səhər saat 8-də poliklinikaya gəlir. Çox vaxt acqarınadır, çünki analiz verməlidir. Analiz şöbəsi isə saat 12-də bağlanır. Xəstə vaxtında analiz verə bilmək üçün qeydiyyatdan həkimə, həkimdən yenidən qeydiyyata, oradan da analiz şöbəsinə qaçmağa məcbur qalır.
Əvvəlcə qeydiyyata yaxınlaşır, növbədə dayanıb həkimin qəbuluna düşmək üçün kağız alır. Təxminən 30 dəqiqə vaxt gedir. Sonra həkimin qapısında növbə gözləyir. Bəzən yarım saat, bəzən bir saat!
Nəhayət, həkim qəbul edir, müayinə aparır və analizlərin kodlarını yazır. Deyir ki, get qeydiyyata, kodları sistemə işləsinlər, sonra analiz verərsən.
Xəstə yenidən qeydiyyata qayıdır. Orada da növbə! Daha 20-30 dəqiqə gözləyir. Kağız hazır olandan sonra analiz şöbəsinə qalxır. Orada da növbə! Daha 30-40 dəqiqə gözləməli olur.
Bütün bunlar baş verənədək xəstə səhərdən acqarına qalıb. Saat isə irəliləyir. Analiz şöbəsi bağlanmamış çatmaq üçün insan az qala qaçmalıdır. Vaxtında çatmasa, bəlkə də bütün bu əziyyəti başqa gün yenidən yaşamalı olacaq.
İndi deyin görək, xəstə analiz verməyə gəlib, yoxsa poliklinikanın koridorlarında qaçış yarışına?!
Bəs USM müayinəsi necə? Orada da növbə! Başqa həkimə getmək lazımdır? Yenə növbə! Müayinə nəticəsini göstərmək lazımdır? Yenidən həkim qəbulu! Dərman almaq lazımdır? Bu dəfə də başqa növbə!
Vətəndaş bir otaqdan digərinə gedənə qədər vaxt keçir, koridorlarda sıxlıq artır, insanlar bir-birinə sürtünə-sürtünə dayanırlar. Yaşlı xəstələr, ayaq üstə dayanmaqda çətinlik çəkənlər, əlavə xəstəliklərdən əziyyət çəkənlər də həmin şəraitdə saatlarla gözləməli olurlar.
Ay aidiyyəti qurumlar, xəstə onsuz da xəstəliyindən əziyyət çəkir. Niyə onun əziyyətini bir də siz artırırsınız?!
ŞƏKƏR DƏRMANINI ALMAQ ÜÇÜN HƏR AY EYNİ ƏZİYYƏT NİYƏ ÇƏKİLMƏLİDİR?
Səhiyyə Nazirliyinə və TƏBİB-ə konkret təklifimiz var: şəkərli diabet xəstələrinin müalicə qaydaları və tibbi vəziyyəti imkan verdiyi halda, dərmanları onlara üç aylıq verilsin və xəstələr dərmanlarını almaq üçün üç ayda bir dəfə poliklinikaya gəlsinlər!
Yəni hər ay eyni qeydiyyat, eyni resept proseduru və eyni dərman növbəsi olmasın. Xəstə üç ayda bir dəfə gəlib üç aylıq dərman təminatını alsın. Həkim nəzarəti və müayinə ehtiyacı olan xəstələr üçün isə müvafiq qaydalar qorunsun.
Bu addım xəstələrin əziyyətini azalda, poliklinikalardakı sıxlığı da yüngülləşdirə bilər.
Məgər bunu təşkil etmək bu qədər çətindir? Niyə xəstə hər ay eyni prosedurlardan keçməli, saatlarla növbədə dayanmalı, dar koridorlarda sıxlığın içində gözləməlidir?
SƏHİYYƏDƏ İSLAHAT TƏKCƏ BİNA TİKMƏKLƏ BİTMİR!
Səhiyyə Nazirliyi və TƏBİB poliklinikalardakı növbələrin səbəblərini araşdırmalı, qeydiyyat sistemini sadələşdirməli, analiz və USM müayinələrinin qəbulunu düzgün təşkil etməli, xəstələrin bir kabinetdən digərinə boş yerə göndərilməsinin qarşısını almalıdır.
Xüsusilə yaşlılara, şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkənlərə daha rahat tibbi xidmət göstərilməlidir. İnsanlar dar koridorlarda bir-birinə sürtünə-sürtünə dayanmağa, saatlarla ayaq üstə qalmağa məcbur edilməməlidir.
Həkimlərin də işi ağırdır, tibb işçilərinin də üzərinə böyük yük düşür. Elə buna görə də xidmət sistemi düzgün qurulmalıdır ki, həm tibb işçisi normal işləsin, həm də xəstə saatlarla növbədə qalmasın.
YENİ SƏHİYYƏ NAZİRİNDƏN GÖZLƏNTİMİZ BÖYÜKDÜR!
Ümidvarıq ki, yeni səhiyyə naziri Anar Məhərrəm oğlu Bayramov bu və digər çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti qurumlara lazımi tapşırıqlarını verəcək, xalqın sağlamlığı və rahatlığı naminə zəruri tədbirlərin görülməsini əsirgəməyəcək.
Yeni nazirin diqqətinə çatdırmaq istəyirik ki, vətəndaşların poliklinikalarda üzləşdiyi bu problemlər diqqətdən kənarda qalmamalıdır. Verilən tapşırıqlar kağız üzərində qalmamalı, nəticəsi insanların gündəlik həyatında hiss olunmalıdır.
Ümid edirik ki, yeni rəhbərlik dövründə poliklinikalardakı növbələrə, sıxlığa və vətəndaşların saatlarla əziyyət çəkməsinə son qoyulması istiqamətində konkret addımlar atılacaq.
Cənab nazir, xalqın gözləntisi böyükdür! Vətəndaşın səsini eşitmək və onun problemini həll etmək dövlət xidmətinin əsas vəzifələrindəndir.
Səhiyyə Nazirliyi və TƏBİB-dən söz yox, əməl gözləyirik! Poliklinikalardakı növbələr azaldılsın, müayinə prosesi sadələşdirilsin, şəkərli diabet xəstələrinə üç aylıq dərman verilməsi məsələsinə baxılsın və insanların normal tibbi xidmət alması təmin edilsin.
Vətəndaş səhər saat 8-də acqarına evdən çıxıb günortaya qədər koridorlarda növbə gözləməməlidir. Bir analiz vermək, USM-dən keçmək və dərman almaq insanın bütün gününü əlindən almamalıdır.
Xəstə poliklinikaya dərdinə çarə tapmağa gəlir, koridorlarda əziyyət çəkməyə yox!
Səhiyyə Nazirliyi və TƏBİB bu problemə təcili diqqət yetirməli, vətəndaşların şikayətlərini nəzərə almalı və real nəticə verən tədbirlər görməlidir.
Çünki söhbət növbələrdən, kabinetlərdən və kağızlardan yox, insanlardan və onların sağlamlığından gedir!
Rauf Adiloğlu.
Geri dön |