Özbəkistan və ABŞ şirkətləri arasında ümumi dəyəri 12 milyard dollar olan 54 saziş imzalanıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sənədlər Səmərqənddə keçirilən Amerika–Özbəkistan Biznes və İnvestisiya Şurasının iclası çərçivəsində imzalanıb.
Razılaşmalar ticarət, investisiya və texnoloji əməkdaşlığı əhatə edir. Layihələr sənayenin, nəqliyyat və enerji infrastrukturunun modernləşdirilməsinə, kritik mineral ehtiyatlarının mənimsənilməsinə, rəqəmsal texnologiyaların, kənd təsərrüfatının, səhiyyənin və təhsilin inkişafına yönəlib.
Nəqliyyat sahəsində “GE Aerospace” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Uzbekistan Airways” aviaşirkətinin yeni təyyarələri üçün mühərriklərin tədarükü nəzərdə tutulur. “Wabtec” şirkəti ilə layihələr isə dəmir yolu texnikası və ehtiyat hissələrinin yerli istehsalına istiqamətlənib.
“Franklin Templeton”, “Oppenheimer & Co.”, “Citigroup” və “BlackRock” kimi maliyyə qurumları ilə əməkdaşlıq Özbəkistan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışını genişləndirməyi hədəfləyir.
Mədən sənayesi sahəsində “ReElement Technologies”, “Traxys” və “Trafigura” ilə layihələr yeni yataqların işlənməsini və mineral resursların tədarükünü nəzərdə tutur.
Bundan başqa, “Amazon Leo”, “GE HealthCare” və “Valmont Industries” ilə layihələr peyk rabitəsinin, müasir tibbi texnologiyaların və kənd təsərrüfatının inkişafını əhatə edir.
Nazirlik bildirib ki, əldə olunan razılaşmalar Özbəkistan və ABŞ arasında iqtisadi əməkdaşlığın yeni mərhələsi üçün əsas yaradır.