Əlamətdar hadisələrdən biri 2003-cü il oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi idi.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
Sahibə Qafarova deyib ki, iki gün sonra, oktyabrın 18-də xalqımız Müstəqilliyin Bərpası Gününü qeyd edəcək: "35 il öncə həmin gün Azərbaycanın yenidən dövlət müstəqilliyi qazanması müstəsna siyasi və tarixi əhəmiyyətli bir hadisə idi. Ölkəmizin müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı dövrdə, 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçiliyimizin tarixində dönüş nöqtəsi oldu. Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi. Ümummilli Lider milli dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi, dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi, onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi.
2003-cü ilin 15 oktyabr günü - İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur. Bu hadisə müstəqil dövlətçiliyimizin inkişafında yeni dövr açıb. Xalqımızın bu müdrik qərarı müasir Azərbaycanın tarixi qələbələrlə zəngin olan sonrakı inkişaf yolunu müəyyən edib.
Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilməsi nəinki əldə olunmuş nailiyyətləri qorumağa və artırmağa, həm də ən mühüm ümummilli vəzifələri yerinə yetirməyə imkan yaradıb.
Son dövrün ən böyük nailiyyətləri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatında qazanılan tarixi qələbələr olub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir. Bu möhtəşəm uğurlar Azərbaycanın tarixində yeni dövr açmış, dövlətimizin inkişafı üçün prinsipcə yeni siyasi və strateji şərait yaradıb.
Bu gün Azərbaycan azad edilmiş torpaqlarda iri miqyaslı bərpa işləri həyata keçirir.
Eyni zamanda, Azərbaycan beynəlxalq mövqelərini ardıcıl olaraq möhkəmləndirir, strateji tərəfdaşlıq əlaqələrini genişləndirir, regional sabitliyin təmin edilməsinə, əməkdaşlığın inkişafına və Cənubi Qafqazda möhkəm sülh yaradılmasına yönələn təşəbbüslərlə çıxış edir.
Yeri gəlmişkən, hörmətli həmkarlar, qeyd edim ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və uğurlu xarici siyasətinin növbəti bir göstəricisidir. Ölkəmizin sədrliyi ilə keçirilən bu böyük miqyaslı beynəlxalq tədbir dünyanın geniş bir məkanında çoxtərəfli əməkdaşlığın, siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində dövlətimizin rolunu təsdiq edir.
Əminliklə söyləmək olar ki, Prezidentin liderliyi və xalqımızın birlik və həmrəyliyi dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək.
Əlamətdar haldır ki, Müstəqilliyin Bərpası Günü ərəfəsində, sabah ölkəmizdə Füzuli şəhəri günü, bir neçə gündən sonra Zəngilan şəhəri günü, daha sonra isə Qubadlı şəhəri günü qeyd olunacaq. Milli iradənin təntənəsini təcəssüm etdirən bu hadisələr Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə nail olmuş Azərbaycan Respublikasının güc və qüdrətinin rəmzləridir”.