Moskvanın bütün hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Domodedovo, Jukovski, Şeremetyevo və Vnukovo hava limanları təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb.
Məhdudiyyətlərin uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunduğu qeyd edilib.
Moskva meri Sergey Sobyanin isə paytaxta kütləvi pilotsuz uçuş aparatı hücumu barədə məlumat verib.
Onun sözlərinə görə, yerli vaxtla saat 23:30-dan başlayaraq hava hücumundan müdafiə sistemləri Moskva istiqamətində hərəkət edən 59 Ukrayna dronunu vurub.