Ana Sayfa > Karusel / İqtisadiyyat > ABŞ İrana qarşı sanksiyaları genişləndirdi– 16 vətəndaş və 11 şirkət hədəfə alındı

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi– 16 vətəndaş və 11 şirkət hədəfə alındı


Dünən, 22:14. Yazar: Admin

 

ABŞ İrana qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər çərçivəsində 11 hüquqi və 16 fiziki şəxsi sanksiya siyahısına daxil edib. Sanksiyalara Kubanın Banco Internacional de Comercio (BICSA) bankı, eləcə də İraqın International Development Bank for Investment and Finance bankı da məruz qalıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) dərc etdiyi bildirişdə qeyd olunub.

Sənədə əsasən, sanksiya siyahısına daxil edilən 16 fiziki şəxsin hamısı İran vətəndaşlarıdır. Onlardan bəzilərinin maliyyə əməliyyatları və valyuta mübadiləsi ilə məşğul olan İran şirkətləri ilə əlaqəsi var. Məhdudiyyətlər, xüsusilə İranda qeydiyyatdan keçmiş bir neçə valyuta mübadiləsi şirkətinin nümayəndələrinə və tərəfdaşlarına şamil edilib.

Sanksiya tətbiq edilən 11 qurum arasında İran, İraq, Honkonq və Kubadan olan maliyyə təşkilatları və şirkətlər var. BICSA və International Development Bank ilə yanaşı, Chabahar International Bank Overseas Company və Jazireh International Bank Company, həmçinin pul vasitəçiliyi və ticarətlə məşğul olan bir neçə şirkət də siyahıya daxil edilib.

OFAC ayrıca Honkonqda qeydiyyatdan keçmiş Elitesphere Trading Co., Limited şirkətini və İranın Farzanegan Energy Pars Company şirkətini də sanksiya siyahısına əlavə edib.

Qurum bildirib ki, bəzi şirkət və şəxslərə qarşı İran iqtisadiyyatının müəyyən sektorlarını hədəfə alan ABŞ-nin 13902 saylı sərəncamına uyğun olaraq ikinci dərəcəli sanksiyalar tətbiq edilir.

ABŞ bəzi əməliyyatların dayandırılmasına icazə verib

ABŞ Maliyyə Nazirliyi eyni zamanda International Development Bank for Investment and Finance ilə əməliyyatların mərhələli şəkildə dayandırılmasına icazə verən ümumi lisenziya yayımlayıb.

Bundan başqa, nazirlik Rusiyanın “Lukoyl” şirkətinin xarici ölkələrdə yerləşən bəzi yanacaqdoldurma məntəqələri və Bolqarıstandakı müəyyən strukturları ilə bağlı ayrı-ayrı əməliyyatlara dair icazələri yeniləyib.

OFAC, həmçinin Kuba ilə bağlı tez-tez verilən suallara yeni cavab dərc edib və Rusiyaya qarşı sanksiyalarla bağlı bəzi izahlara dəyişikliklər edib.


Geri dön