"Hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür”.
Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il müddətinə uzadılmasına dəstək verdiyinə görə bütün üzv dövlətlərə təşəkkür edib: "Azərbaycan AQEM-ə 2 il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib.
Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənib, öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənib.
Fürsətdən istifadə edərək, Azərbaycanın AQEM-də sədrliyinin daha 2 il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkürümü bildirirəm".