Orta Dəhlizin inkişafı və beynəlxalq ticarət əlaqələrinin şaxələndirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində iqtisadi artımın dəstəklənməsi və qlobal bazarlara inteqrasiyanın gücləndirilməsi baxımından mühüm imkanlar yaradır.
Qarabaginfo.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur "Yaxın Şərq və Mərkəzi Asiyanın regional iqtisadi inkişaf proqnozu" mövzusunda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizə əlavə investisiyaların cəlb edilməsi, eləcə də Çin, Avropa və Yaxın Şərqlə ticarət dövriyyəsinin artırılması region ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasını daha da gücləndirə bilər.
Cihad Azur qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri nəqliyyat və logistika infrastrukturunun inkişafına artıq əhəmiyyətli vəsait yönəldirlər. Bununla belə, mövcud potensialdan tam istifadə olunması üçün infrastruktur layihələri ilə yanaşı, struktur və institusional islahatların da davam etdirilməsi vacibdir.
BVF rəsmisi xüsusilə özəl sektorun inkişafını, dövlət müəssisələrində islahatların aparılmasını və dövlətin iqtisadiyyatda iştirakının optimallaşdırılmasını regionun beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi üçün əsas amillər sırasında göstərib.
O bildirib ki, son illərdə investisiya və miqrasiya axınlarının istiqamətinin dəyişməsi, kapital qoyuluşlarının artması və alternativ logistika marşrutlarına marağın güclənməsi Cənubi Qafqaz və Mərkəzi Asiya iqtisadiyyatlarına müsbət təsir göstərib.
Nəticədə regionun bir sıra ölkələrində iqtisadi artım digər regional iqtisadiyyatlarla müqayisədə daha yüksək olub.
BVF-nin proqnozlarına əsasən, 2026–2027-ci illərdə region ölkələrinin iqtisadi artım templəri arasında fərqlərin tədricən azalacağı gözlənilir. Bununla belə, ayrı-ayrı dövlətlərin iqtisadi inkişaf dinamikasında fərqliliklər qalacaq.