Tayvan oktyabrın sonunadək ABŞ-dan altı yeni F-16V qırıcısı ala bilər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Tayvanın müdafiə qurumunun rəhbəri Qu Lisün (Vellinqton Qu) məlumat yayıb.
“Taipei Times” qəzetinin məlumatına görə, ABŞ-dan sifariş edilən 66 ədəd F-16V Block 70 qırıcısından altısı zavod yoxlamalarından keçib və istehsal xəttindən çıxarılıb.
Qu Lisün yeni təyyarələrin cari ayın sonunadək Tayvana çatdırılacağına ümid etdiyini bildirib.
Qeyd olunub ki, daha iki F-16 qırıcısı oktyabrın 2-də Tayvana gətirilib.
Xatırladaq ki, Tayvan 2019-cu ildə ABŞ Prezidenti Donald Trampın ilk prezidentliyi dövründə təsdiqlənmiş silah tədarükü proqramı çərçivəsində 66 ədəd F-16 Block 70 qırıcısı sifariş edib.
İlkin plana əsasən, ilk təyyarələr 2023-cü ildə təhvil verilməli idi. Lakin COVID-19 pandemiyası da daxil olmaqla müxtəlif səbəblərdən tədarük gecikib.
Tayvan bütün qırıcıların 2026-cı ilin sonunadək çatdırılacağını gözləsə də, hazırda sifarişin həmin müddətdə tam yerinə yetirilməyəcəyi ehtimal olunur.
Tayvan rəsmiləri ABŞ istehsalı olan hərbi təyyarələrin tədarükündəki gecikmələrdən dəfələrlə narahatlıqlarını ifadə ediblər.